Arıqlamaq istəyənlərin bir çoxu qısa müddətdə nəticə əldə etmək üçün sərt pəhrizlərə, detoks proqramlarına və aşağı kalorili qidalanmaya üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, sağlam çəkiyə nail olmaq üçün ac qalmaq əvəzinə, balanslı qidalanmaq və fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirmək daha məqsədəuyğundur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bütöv qidalanma və funksional sağlamlıq üzrə mütəxəssis Roşni Sanqvi arıqlamaq istəyənlər üçün üç əsas tövsiyəsini açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, bayramlardan və xüsusi günlərdən sonra qısa müddətdə çəki itirməyə çalışmaq, sərt pəhrizlərə üz tutmaq sağlam qidalanma vərdişlərinin pozulmasına səbəb ola bilər. Buna görə də müvəqqəti nəticələrə hesablanmış üsullar əvəzinə, uzun müddət davam etdirilə bilən sağlam vərdişlərə üstünlük verilməlidir.
Birinci üsul: Liflə zəngin qidalar yeyin
Sanqvi gündəlik qidalanmada tərəvəz, meyvə və digər liflə zəngin məhsullara daha çox yer ayrılmasını tövsiyə edir. Məsələn, səhər yeməyində meyvə və qatıq, naharda paxlalılardan hazırlanmış salat, axşam yeməyində isə tərəvəz ağırlıqlı yeməklər seçilə bilər.
Liflə zəngin qidalar toxluq hissinin daha uzun müddət qorunmasına kömək edir. Bununla yanaşı, qidalanma zamanı zülal və orqanizmin ehtiyac duyduğu digər qida maddələrinin kifayət qədər qəbul edilməsi də vacibdir.
İkinci üsul: Gündəlik fiziki aktivliyinizi artırın
Arıqlamaq üçün mütləq ağır məşqlər etmək və ya idman zalına getmək lazım deyil. Gün ərzində daha çox gəzmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək, yaxın məsafələri piyada qət etmək və axşam yeməyindən sonra qısa gəzintiyə çıxmaq fiziki aktivliyi artırmağın sadə yollarıdır.
Mütəxəssis yeməkdən sonra yüngül gəzintilərin də faydalı ola biləcəyini vurğulayır. Bununla belə, fiziki fəaliyyət insanın sağlamlıq vəziyyətinə və fiziki imkanlarına uyğun seçilməlidir.
Üçüncü üsul: Yaşıl yarpaqlı tərəvəzlərə üstünlük verin
İspanaq, pazı, rukkola, cəfəri və pərpətöyün kimi yaşıl yarpaqlı tərəvəzlər lif və müxtəlif mikroelementlərlə zəngindir. Onların gündəlik qidalanmaya daxil edilməsi toxluq hissinin qorunmasına və yeməklər arasında tez-tez aclıq hissinin yaranmasının qarşısının alınmasına kömək edə bilər.
Bu tərəvəzlərdən salatların, şorbaların və müxtəlif yeməklərin hazırlanmasında istifadə etmək mümkündür. Mütəxəssis yalnız ayrı-ayrı məhsullara güvənmək əvəzinə, tərəvəz, meyvə, zülal mənbələri və tam taxılları əhatə edən balanslı qidalanma rejiminə üstünlük verilməsini tövsiyə edir.
Sərt pəhrizlər əvəzinə sağlam vərdişlər
Mütəxəssisin fikrincə, artıq çəkidən xilas olmaq üçün özünü aclığa məruz qoymaq və həddindən artıq fiziki yüklənmək düzgün yanaşma deyil. Sağlam çəkiyə nail olmaq üçün balanslı qidalanmaq, gündəlik fiziki aktivliyi artırmaq və yuxu rejiminə diqqət yetirmək vacibdir.
Qeyd edək ki, arıqlama prosesi hər kəsdə fərqli nəticələr verə bilər. Buna görə də fərdi qidalanma planı hazırlanarkən insanın sağlamlıq vəziyyəti və fərdi ehtiyacları nəzərə alınmalıdır.