Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı
iclas keçirilir. Dünyanın diqqəti hazırda İrəvandadır.
Publika.az xəbər verir ki, 100-dən artıq xarici KİV
parlamentdəki seçkiləri izləmək üçün Ermənistan Xarici İşlər
Nazirliyində akkreditasiyadan keçib.
Hazırda yeganə namizəd olan Nikol Paşinyan deputatların suallarını
cavablandırır və baş nazir olacağı təqdirdə nələr edəcəyini
açıqlayır. Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri
də diqqət çəkəndir. Onun hakimiyyətdə qalmaq üçün Qarabağ
münaqişəsini əsas kart kimi istifadə edən Serj Sarkisyandan fərqli
mövqe nümayiş etdirəcəyi gözlənilsə də, əksi oldu və “Bizim üçün
Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı
vacibdir, bu haqqın reallaşması vacibdir. Münaqişənin həllinin
kökündə xalqların bərabər hüquqlara malik olması və öz
müqəddəratını təyin etməsi dayanmalıdır. Dağlıq Qarabağın
beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər
Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz
müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman
münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu, reallıqdır.
Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda
danışmağa yer qoymur” deməklə bütün gözləntiləri alt-üst etdi.
Əslində, indiki məqamda Paşinyandan Qarabağla bağlı fərqli mövqe
gözləmək də mümkün deyil. Çünki bu məsələdə Levon Ter-Petrosyanın
mövqeyindən çıxış etmək, baş nazir seçilmədən tribunadan
endirilməyə bərabər ola bilər. Lakin bütün hallarda Paşinyanın
Qarabağla bağlı indiki mövqeyi müharibə zənglərinin çalınmasına
bənzəyir.
O, baş nazir seçiləcəkmi, yoxsa...
Paşinyanı 3 fraksiya – “Elk”, “Daşnaksütyun” və “Sarukyan” –
dəstəkləyir və bu fraksiyaların ümumilikdə mandat yeri 47-dir.
Hərçənd, bu səs Paşinyanın baş nazir seçilməsinə bəs etmir. Onun
baş nazir olması üçün Respublika Partiyasının ən azı 6 deputatı da
lehinə səs verməlidir. Nəticənin necə olacağını proqnozlaşdırmaq
çətindir.
Paşinyan parlamentdə olduğu vaxt onun tərəfdarları Respublika
meydanına toplaşıb və iclası böyük monitorinqdən izləyirlər. Bu,
əslində Respublika Partiyasının başına silah dayamaq kimi bir
şeydir. Əgər Paşinyan parlamentdən baş nazir olaraq çıxmasa, o
zaman, itaətsizlik aksiyası davam edəcək. Respublika Partiyasının
ən azı 6 deputatının Paşinyana səs verib-verməyəcəyi sual
altındadır və faktiki olaraq, Sarkisyanın partiyası iki dilemma
qarşısındadır.
Birinci dilemma:
- Paşinyana səs verməsələr, o zaman aksiyalar yenidən davam edəcək
və bu, daha mənfi nəticələrə gətirib çıxara bilər.
- Səs verəcəkləri təqdirdə, hazırki hökumətdə təmsil olunan maraq
dairələrinin taleyi sual altında düşür. Çünki Paşinyanın baş nazir
olacağı təqdirdə hazırki hökumətlə işləməyəcəyi dəqiqdir.
Məsələnin digər tərəfi də maraqlıdır: Respublika
Partiyası dünən gecə və bu gün səhər qapalı toplantı keçirib.
Görünən odur ki, onlar dilemmadan çıxış yolu axtarırlar.
Variantlardan biri budur ki, ölkədə itaətsizliyin davam etməməsi
üçün Respublika Partiyasının ən azı 6 üzvü Paşinyana səs
verəcək.
Erməni politoloq Stepan Safaryan da hesab edir ki, Respublika
Partiyası qarşıdurmaya getməyəcək və lazımi səsi verəcək.
“Əks təqdirdə, Paşinyan baş nazir olmayacaqsa, bu, kütləni daha da
coşduracaq. Bu baxımdan, hakimiyyətin riskə getməyəcəyini
düşünürəm” – deyə Safaryan bildirir.
Burada iki fərqli məqam var və ikinci dilemma ortaya
çıxır:
1. Paşinyan seçiləcəksə, Respublika Partiyası nə qazanacaq?
2. Bu iclasda baş nazir seçilməsə, qanuna görə bir həftə sonra
parlament baş naziri seçmək üçün yenidən toplanacaq. Həmin iclasda
da seçki baş tutmasa, o zaman, parlament buraxılır və növbədənkənar
seçkilər keçirilir. Hansı ki, bu Paşinyanın tələblərindən biridir
və onun xeyrinə olan məsələdir.
Hesab etmək olar ki, Respublika Partiyası ölkədəki vəziyyəti nəzərə
alaraq, baş nazir postunu Paşinyana güzəştə gedir. Bununla həm də
növbədənkənar seçki təhlükəsini aradan qaldıraraq, parlamentdə
çoxluğu saxlamaqla kifayətlənirlər. İndiki halda Respublika
Partiyası üçün ən mümkün çıxış yolu budur. Amma o da məlumdur ki,
hakimiyyəti ələ alan Paşinyan mütləq bir yolunu taparaq,
növbədənkənar parlament seçkiləri keçirəcək və səs çoxluğunu
Respublika Partiyasının əlindən alacaq. Hər-halda heç bir baş nazir
müxalifətin çoxluq təşkil etdiyi parlamenti istəmir, həmçinin,
Respublika Partiyasının çoxluqda olması, Paşinyana xalqın istədiyi
islahatı keçirməsinə maneə olacaq. Deməli, hər iki variant
Respublika Partiyasının əleyhinədir, lakin onillərdir Ermənistanda
kök atmış sistemin özünü qurban verəcəyi də inandırıcı
görünmür.
Proseslərin bundan sonrakı inkişafı məhz bu baxımdan maraqlıdır:
Respublika Partiyasının təməlində yaradılmış oliqraxiya sistemi baş
nazir postunu Paşinyana güzəştə getsə də, öz gələcəyini zəmanət
altına alacaq hansısa planının olması ehtimalı böyükdür; Belə bir
oyunun olacağını bilən Paşinyanın da öz planlarının olduğu
versiyası aydın görünür; mümkündür ki, Ermənistandakı proseslər
hələ çox “su aparacaq”.
Asif Nərimanlı