Heyvanlar insanların sadiq dostlarıdır. Qədimdən it sədaqət rəmzi hesab olunub. Çünki onlar heç vaxt qayğılarına qalan insanlara xəyanət etmirlər.
Ev heyvanları uşaqların inkişafı və sosiallaşmasına müsbət təsir göstərir. Heyvanlar evə sevinc, şənlik gətirirlər. Araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. İt saxlayanlar həkimə daha az müraciət edir, pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.
“Ev heyvanları saxlayarkən təmizlik qaydalarına ciddi əməl etmək lazımdır, əks halda qorxulu xəstəliklər yarana bilər”.
Bu sözləri Metbuat.az-a açıqlamasında baytar həkim Vüqar İsayev deyib.
“Evdə saxladığınız it, pişiyin təmizliyinə diqqət edin. Çünki həmin heyvanlardan insana exinokok adlı qurd yoluxa bilər. Həmçinin natəmiz heyvaların tükü allergiyaya səbəb olur. Buna görə, heyvanları mütəmadi təmizləmək, qurd dərmanlarını vermək lazımdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməlidir”.
Evdə ən çox saxlanılan heyvanlardan biri quşlardır. Quşlarda bit, birə ola bilər.
Həkimin sözlərinə görə, həmin parazitlər heyvandan-heyvana keçdiyi üçün insana yoluxmur. Quşlarda qorxulu taun xəstəliyi ola bilər. Bu xəstəlik həmin heyvanları tələf edir, onları mütləq evdən uzaqlaşdırmaq lazımdır.
Həkim əlavə edib ki, solmonella dediyimiz təhlükəli xəstəlik var ki, bu da it, pişik, vəhşi heyvanlar və quşların nəcisi ilə çirklənmiş, bişməmiş qidaların qəbulu zamanı yoluxur. Əsasən insanın dərisində və selikli qişada yaraların əmələ gəlməsi ilə özünü büruzə verir.
Ev heyvanları saxlayanlar diqqətli olmalı və onları təmiz saxlamalıdırlar.
Aysel Yaqubqızı / Metbuat.az