11 ayın Sultanı Ramazanın gəlişinə çox az müddət qalıb. Bu ayda tutulan oruc Allahın buyurduğu fərz əməldir. Lakin bəzi şəxslərin oruc tutması risklidir.
Mövzu ilə bağlı həkim-qastroenteroloq Fərrux Nağıyev Metbuat.az-a açıqlamasında deyib ki, şəkər xəstələri, böyrək xəstəliyi və yüksək təzyiqi olanlar, ürək-damar xəstələri, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər, uşaqlar oruc tutmamalıdır.
“Bir böyrəyi çıxarılan, xroniki böyrək xəstəliyi olanların uzun müddət susuz qalması onlarda kəskin böyrək çatışmazlığına səbəb ola bilər ki, bunun sonu ölümlə və ya böyrək dəyişməsi ilə nəticələnə bilər. Həmçinin, şəkərli diabet xəstələri tez-tez az miqdarda yedikləri üçün onların oruc tutması risklidir”.
Fərrux Nağıyev şəkərli diabet, təzyiq və böyrək çatışmazlığından əziyyət çəkənləri diqqətli olmağa çağırıb:
“Əgər həmin şəxslər mütləq şəkildə oruc tutmaq istəyirlərsə, şəkərli diabeti olanlar qanda şəkərin, insulinin miqdarını, böyrək problemi olanlar kreaitini yoxlatmalıdır. Qan-damar problemləri olan və şəkər xəstələri həkimləri ilə məsləhətləşərək oruc tutmalıdırlar”.
Aclığın faydalarından danışan həkim bildirib ki, sağlam şəkildə uzun müddət ac qaldıqda orqanizm zərərli maddələrdən təmizlənir və dincəlir.
Oruc tutan sağlam şəxslər səhhəti ilə bağlı problemlərin yaranmaması üçün nələrə diqqət etməlidir?
Həkim vurğulayıb ki, oruc tutanlar mütləq sahura qalxmaldır. Sahurda yumurta, düyü yeməkləri, meyvə qurusu yemək, portağal suyu içmək olar. Çörəkdən az istifadə edin. İftarı isə su, xurma ilə açıb yarım boşqab duru yemək yesinlər. 10-15 dəqiqə sonra ət, toyuq, balıq, tərəvəz xörəklərindən az miqdarda istifadə etsinlər.
Həkim xurmanın faydasından da danışıb:
“Bədən uzun müddət ac qaldığı üçün şəkərin miqdarı aşağı düşür. Xurma C vitamini ilə zəngin qida olduğu üçün orqanizmin möhkəmlənməsinə kömək edir, eyni zamanda şəkər ehtiyatını bərpa edir.
Uşaqların isə oruc tutması həm dini, həm tibbi cəhətdən əks göstərişdir.
Aysel Yaqubqızı / Metbuat.az