Bu gün Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, siyasi
məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər
nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy
Bodnar rəhbərlik edib.
Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud
səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi
məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və
ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha
gücləndirəcəyinə əminlik ifadə olunub.
Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə
tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi
bütövlüyünə dəstək bildirib.
Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardı
və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və
terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə
əməkdaşlıq imkanlarını müzakirə edib.
Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və
bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə
razılıq əldə olunub.