Bu gün Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu - yeddinci günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici qarşılaşmalara çıxacaq.

Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayacaq. Aleksandr Qostiyev və Şərif Şərifov qızıl, Mircəlal Həsənzadə ilə Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda mübarizə aparacaqlar.

61 kq

Təmsilçimiz Mircəlal Həsənzadə 3-cü yer uğrunda görüşünü keçirib. Pəhləvanımızın rəqibi rumıniyalı İvan Quydea olub. 2:5 hesabı ilə məğlub olan Mircəlal yarışla medalsız vidalaşıb.

86 kq

Aleksandr Qostiev finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gələcək.

92 kq

Dünya və Avropa çempionu Şərif Şərifov finalda Rusiya təmsilçisi Abdulraşid Sadullayevdən güclü olmağa çalışacaq.

125 kq

Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə bu gün ilk olaraq təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi İbrahim Saidov (Belarus) olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəmaləddin "bürünc" üçün rusiyalı Muradin Kuşkovla qarşılaşacaq.

Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15 mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq) yunan-Roma, Mariya Stadnik (50 kq) qadın, Giorgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (63 kq) sərbəst güləşdə hamıdan güclü olub. Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) yunan-Roma və Elis Manolas (65 kq) qadın güləşində yalnız finalda uduzaraq gümüş medal alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq) yunan-Roma, Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Səbirə Əliyeva (76 kq) qadın, Murtazali Müslimov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq) sərbəst güləşdə "bürünc"ə yiyələnib.

Milli.Az