Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə
böyüklər arasında Avropa çempionatına yekun vurulub. Apasport.az
saytının məlumatına görə, yarışın sonuncu - yeddinci günündə 61,
74, 86, 92 və 125 kq çəki dərəcələrində mükafatlar uğrunda
mübarizəni davam etdirən sərbəst güləşçilər həlledici
qarşılaşmalara çıxıblar.
Azərbaycan yığmasının 4 güləşçisi xalça üzərində qüvvəsini sınayıb.
Aleksandr Qostiyev və Şərif Şərifov gümüş, Cəmaləddin Məhəmmədov
isə bürünc medal qazanıb. Mircəlal Həsənzadə isə "bürünc" uğrunda
görüşdə uduzub.
61 kq
Təmsilçimiz Mircəlal Həsənzadə 3-cü yer uğrunda görüşünü keçirib.
Pəhləvanımızın rəqibi rumıniyalı İvan Quydea olub. 2:5 hesabı ilə
məğlub olan Mircəlal yarışla medalsız vidalaşıb.
86 kq
Aleksandr Qostiev finalda Artur Nayfonovla (Rusiya) üz-üzə gəlib.
Təmsilçimiz görüşü 1:1 hesabı ilə başa vursa da, son xalı rəqib
qazandığı üçün qızıl medal rus güləşçiyə verilib.
92 kq
Dünya və Avropa çempionu Şərif Şərifov finalda Rusiya təmsilçisi
Abdulraşid Sadullayevlə qarşılaşıb. İlk xalı Şərif qazansa da,
sonrada bu üstünlüyünü qoruya bilməyən pəhləvanımız 1:2 hesabı ilə
uduzaqraq "qızıl"a uzaqdan baxmalı olub.
125 kq
Ən ağır çəkidə mübarizə aparan Cəmaləddin Maqomedov isə bu gün ilk
olaraq təsəlliverici görüşdə iştirak edib. Onun rəqibi İbrahim
Saidov (Belarus) olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn
Cəmaləddin "bürünc" üçün rusiyalı Muradin Kuşkovla qarşılaşıb. Bu
rəqibindən də üstün olan (3:0) Maqomedov "bürünc"ə sahib çıxıb.
Qeyd edək ki, geridə qalan 6 gündə Azərbaycan güləşçiləri 15
mükafata sahib çıxıblar. Onlardan Eldəniz Əzizli (55 kq)
yunan-Roma, Mariya Stadnik (50 kq) qadın, Giorgi Edişeraşvili (57
kq) və Hacı Əliyev (63 kq) sərbəst güləşdə hamıdan güclü olub.
Murad Məmmədov (60 kq), Rəsul Çunayev (72 kq) yunan-Roma və Elis
Manolas (65 kq) qadın güləşində yalnız finalda uduzaraq gümüş medal
alıbsa, Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq)
yunan-Roma, Alena Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq),
Səbirə Əliyeva (76 kq) qadın, Murtazali Müslimov (70 kq),
CəbrayılHəsənov (79 kq), Nurmaqomed Qadjiyev (97 kq) sərbəst
güləşdə “bürünc”ə yiyələnib.