İnsanın səhhətində baş verən bir çox xəstəliyi əllərinə baxmaqla təyin etmək mümkündür. Həkimlər deyir ki, əllərin üstündəki piqment ləkələri öd kisəsi xəstəliklərindən, əllərin daim soyuq olması qan azlığı (anemiya), əllərin çox isti olması isə qaraciyərdə pozulmalara işarə edir.

Gününün çox hissəsini kompüter qarşısında keçirən daha çox əl işləri ilə məşğul olan insanların əllərində keyimə, uyuşma baş verir.

Bəs bu problemlər hansı xəstəliklərdən xəbər verir? İnsanın əli niyə keyiyir?

Mövzu ilə bağlı həkim travmatoloq-ortoped Şəhriyar Fətullayev Metbuat.az-a açıqlamasında deyib ki, bu problemlər karpal tunel sindromu, boyunda disk yırtıqları, revmotoloji xəstəliklərdə sinirlərin funksiyasının pozulması ilə bağlı ola bilər.

Karpal-tunel sindromu nədir?

Həkimin sözlərinə görə, əl biləyindən keçən sinir damarı təzyiq altında qalıb sıxılır. Bu da ağrılara, əlin keyiməsinə səbəb olur. Sindromun ilkin əlamətlərinin barmaqların uyuşması, tikan batma hissi kimi özünü biruzə verir.

Tez-tez ətrafımızda “barmaqlarım uyuşur” deyən insanlara rast gəlirik. Həkim deyir ki, bəzi insanlar bu problemi ciddi qəbul etməsələr də, əslində barmaqların uyuşması dediyimiz karpal tunel sindromu, şəkərli diabet xəstəliyi, əzələ spazmı, boyun yırtığı, revmatik xəstəliklər, əzələ xəstəlikləri, skleroz, beyin şişləri, beyin-damar tıxanmaları, qol damarlarındakı tıxanmalar və s. səbəbi ilə yarana bilər.

Həkim əlavə edib ki, bu problemi olan insanlar ilk növbədə həkimə müraciət etməli, xəstəliyin dəqiq diaqnozu qoyulmalıdır. Daha sonra lazımi tibbi müdaxilə edilməlidir.

Aysel Yaqubqızı / Metbuat.az