Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçkidən
dərhal sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə
səfər etdi və sələfi Serj Sarkisyanın ehtiyat edərək,
səsləndirmədiyi iddiaları irəli sürdü. O, erməni hərbi
birləşmələrini gücləndirəcəklərini dedi və bununla müharibəyə
hazırlıq prosesinə işarə vurdu. Ardınca əlavə etdi ki, “Dağlıq
Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir, əks təqdirdə,
danışıqlar heç bir effekt verməyəcək”. Paşinyan hətta Dağlıq
Qarabağın Ermənistan tərəfindən tanına biləcəyini də açıqladı və
“Azərbaycanın qorxaq olması” haqda sərsəm fikirlər səsləndirdi.
Bütün bu açıqlamaları yeni baş nazirin daxili auditoriyaya
hesablanmış siyasi ritorikası hesab etmək olar. Başqa cür olsaydı
təəccüblü olardı. İndiki situasiya və Paşinyanın keçdiyi siyasi yol
da bunu göstərir:
1. O, sələfi Sarkisyandan daha sərt olmaqla
“Sarkisyan Qarabağı daha yaxşı müdafiə edirdi” kimi gündəmə gələ
biləcək iddiaların önünü indidən kəsir.
2. Paşinyan Dağlıq Qarabağ münaqişəsini
Ermənistanın əsas bəlası hesab edən Levon Ter-Petrosyanın davamçısı
olaraq tanınır. Bu baxımdan, onun cəmiyyətin ələ alınması üçün
Petrosyanın fikirlərinin tam əksinə getməsi, yaxud da özünü belə
göstərməsi təsadüfi deyil.
2. Paşinyanı küçəyə çıxaran və ona dəstək verən, yaxud da Qərbin
dəstəyində vasitəçi olan erməni diasporunun ondan Qarabağ
məsələsində sərt mövqe sərgiləməyi istədiyini də ehtimal etmək
olar.
Bu amillər Paşinyanın Qarabağla bağlı açıqlamalarının səbəblərini
ortaya çıxarır.
Lakin nəticə necə olacaq, Paşinyanın qəbul edilməsi mümkün olmayan
və danışıqlar formatına tamamilə zidd şərtləri prosesi hara
aparacaq? Faktiki olaraq, Ermənistanın yeni baş naziri müharibə
zəngini çalır.
Mümkün ssenarilər:
SSENARİ 1: Paşinyan hakimiyyətini gücləndirəndən sonra,
indiki Qarabağ mövqeyini unudur və danışıqlara davam edir.
Beləliklə:
- Ermənistanın düşdüyü blokadanın yarılması üçün danışıqlar
ərazilərin qaytarılması ilə nəticələnir;
- Paşinyan hərəkatının arxasında Qərbin dayandığına və məqsədin
Ermənistanın Rusiyadan tədricən uzaqlaşdırılması olduğuna inansaq,
hesab etmək olar ki, ABŞ Ermənistanın Türkiyə üzərindən çıxış əldə
etməsi üçün danışıqlarda real nəticələrin əldə olunmasını
istəyəcək;
- Təbii ki, Rusiya faktoru burada xüsusi paya sahibdir, lakin
mümkündür ki, Paşinyan Moskvadan tədricən xilas olmağın yollarını
axtaracaq və bu prosesdə ona məhz Qərb dəstək verəcək;
- Ermənistanın indiki məqamda bölgədə Rusiyanın qarşısında yeganə
alternativi İrandır, hərçənd, ABŞ-ın Tehrana qarşı başlatdığı hücum
İrəvanın bu alternativini də sıradan çıxarır;
- Yeganə alternativ Türkiyə və Azərbaycan qalır, bunun üçün də
Dağlıq Qarabağ münaqişəsinin həlli lazımdır;
- Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı
Türkiyəyə “Azərbaycansız əməkdaşlıq təklifi” də artıq İrəvanın yol
axtarışında olduğunu göstərir.
SSENARİ 2: Paşinyan mövqeyindən geri çəkilmir,
Dağlıq Qarabağı danışıqların subyekti kimi sırımağa cəhd edir. Bu,
Bakı tərəfindən müharibəyə çağırış olaraq qəbul ediləcək.
Çünki:
- Bakı hələ Bişkek protokolunun imzalanması zamanı bu məsələnin
üzərindən xətt çəkib. Həmin vaxt, rusiyalı həmsədr Vladimir
Kazimirov protokola Qarabağı tərəf kimi salmaq istəyəndə,
Azərbaycanın adından danışıqlar aparan Afiyəddin Cəlilov Heydər
Əliyevə zəng edərək, vəziyyəti məruzə edir. Heydər Əliyev ondan
protokolu imzalamadan geri qayıtmasını tələb edir. Cəlilovun
arxasınca Kazimirov da Bakıya gəlir, Heydər Əliyev rusiyalı
həmsədrə ciddi şəkildə irad tutduqdan sonra, Qarabağ tərəf kimi
çıxarılır və Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının adı
salınır. Münaqişə boyunca Bakı bütün cəhdlərə rəğmən, bundan imtina
edib və bundan sonra da imkan verməyəcəyi dəqiqdir;
- Paşinyanın sələflərindən seçilmək və “qalib komandan” kimi ad
çıxarmaq məqsədilə Qarabağı tərəf kimi prosesə daxil etmək istəyi
isə real görünür. Çünki bu baş tutarsa, o “qalib komandan” olacaq,
tutmayacaqsa, danışıqlar prosesini uzadaraq, münaqişənin
Ermənistanın xeyrinə olan indiki şəraitdə qalmasını təmin
edəcək;
- Lakin burada Bakının mövqeyi və dünyadakı proseslərin regionda
əks-sədası da məsələyə yön verə bilər;
- Deməli, bütün yollar müharibəyə aparır;
Müharibə ssenarisində üç faktor Azərbaycanın əlini gücləndirir:
İran faktoru: ABŞ İranla nüvə razılaşmasını ləğv
etdi, hansı ki, bu bölgənin Vaşinqton üçün əhəmiyyətini artırır.
İrana qarşı bölgədə hansısa planların işə düşəcəyi təqdirdə,
Azərbaycan beynəlxalq hüquqa istinadən, işğal olunmuş ərazilərdə
anti-terror əməliyyatlarına başlaya bilər.
ABŞ faktoru: Vaşinqton bölgədə gərginliyin
olmasında “Rusiya sərhədlərində yeni müharibə” taktikası baxımından
maraqlı görünür. Azərbaycanın anti-terror əməliyyatına Qərb dəstək
verə bilər. Bu həm də Qarabağ münaqişəsinin kökdən həlli və
Ermənistanın Gürcüstan kimi Rusiyanın nəzarətindən çıxması üçün
Amerikaya sərfəli ola bilər.
Rusiya faktoru: Moskva Vaşinqtonun maraqlarını
nəzərə alaraq, Bakının əməliyyatına qarşı çıxa bilər. Lakin
Paşinyanın Ermənistanın Kremlin maraqlarının ziddinə getməsi
ehtimalı, yaxud da yaxın gələcəkdə bunun baş verməsi, rusların da
Azərbaycanın öz ərazilərini azad etmək hərəkatına ermənilərə qarşı
“cəza metodu” kimi baxmasını təmin edə bilər.
Göründüyü kimi, proseslərin inkişafı qarışıq görünür, lakin
maraqların tərs-mütənasibi Azərbaycan üçün sərfəli şəraitin
yaranmasını təmin edir.
Asif Nərimanlı
Publika.az