Xankəndidəki nitqin PƏRDƏARXASI, torpaqların azad edilməsinin İKİ VARİANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
301 baxış·6 dəq oxu
Rəsmi Bakı Ermənistanın yeni baş nazirinin Xankəndidə
səsləndirdiyi tələbə cavab verib. İrəvanda paytaxt meriyasının
istefası tələbi ilə etiraz aksiyası keçirilib. İsrail İranın
Suriyadakı bütün infrastrukturunun bombalandığını bəyan etdi.
Dəməşq 2013-cü ildən bu yana Suriyanın kimyəvi silaha malik
olmadığını bildirib. Kiyev Rusiya şirkətləri və bankların
Ukraynadakı əmlakının milliləşdirilməsinə hazırlaşır. Almaniya
kansleri Angela Merkel bildirib ki, Avropa müdafiə məsələlərində
artıq ABŞ-a güvənə bilməz.
“Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda
tərəf qismində iştirak edə bilməz”. Bunu
jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin
müavini Xələf Xələfov deyib.
“Bu nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun
predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”, –
o qeyd edib.
Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən
müəyyən olub: “Müzakirə predmeti yalnız işğal olunmuş ərazilərin
azad olunması və Dağlıq Qarabağdakı erməni azlığının
azərbaycanlılarla birgə yaşamasıdır”.
Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın
9-da ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
bölgəsinə etdi. Xankəndinə gələn Paşinyan işğal
olunmuş torpaqlarda yaradılan qondarma rejimin “rəhbərliyi” ilə
görüşdü və alovlu nitqlər səsləndirdi.
Paşinyanın seçkidən dərhal sonra Qarabağa gəlişi və alovlu
“vətənpərvər çıxışlar” etməsi indiki məqamda daxili auditoriyaya
hesablanmış kimi qəbul oluna bilər. Lakin Paşinyanın müharibə elanı
kimi fikirlər səsləndirməsi də diqqət çəkir.
Ukraynalı ekspert Vitali Portnikovun Paşinyanın Qarabağa səfəri
haqda fikirləri isə məsələyə başqa prizmadan baxmağa vadar
edir.
Paşinyanın Qarabağ səfərinin SİRRİ - Dəhşətli HƏQİQƏT ÜZƏ ÇIXDI
İrəvan meriyasının binasının qarşısında etiraz
aksiyası keçirilib. Aksiya iştirakçıları paytaxt meri
Taron Markaryanın istefasını tələb ediblər.
Tədbirin təşəbbüskarları əmin ediblər ki, aksiya baş nazir Nikol
Paşinyan və onun komandası ilə heç bir əlaqəsi yoxdur.
İranın tabeliyi altından olan qüvvələr Suriya
ərazisindən İsrailin Qolan təpələrindəki mövqelərinə raket
zərbələri endiriblər. Bunu jurnalistlərə
açıqlamasında İsrail Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan
Konrikus deyib. Onun sözlərinə görə, hücumu Qüds briqadası təşkil
edib.
O, İsrail ərazisinə 20 raketin buraxıldığını və “Dəmir Gümbəz”
hava hücumundan müdafiə sisteminin onların hamısının qarşısını
aldığını bildirib.
Qeyd edək ki, Qüds briqadasına məşhur İran generalı Qasım
Süleymani rəhbərlik edir.
İsrail Suriyada İranın onlarla hərbi obyektinə cavab
zərbəsi endirib. Bu barədə informasiyanı İsrailin
Müdafiə Nazirliyi yayıb. Nazirlik aviazərbələrə məruz qalan
obyektlərin “Qüds” briqadasına aid İranın Dəməşqin şimalında
yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər
mövqeləri olduğunu bildirb. Hücum nəticəsində həmçinin İsrailə
hücum üçün istifadə edilən avtomobil də məhv edilib.
Məlumatda vurğulanır ki, Qolan ərazisini “Qrad” və “Fəcr-5”
raketləri ilə atəşə tutan maşınlar da məhv edilib.
Rəsmi Təl-Əviv hücumdan öncə Rusiyanı xəbərdar etdiklərini
bildirib. Suriya rəsmiləri isə ölkə ərazisinə atılan raketlərin
böyük hissəsinin məhv edildiyini açıqlayıblar.
İsrail İranın Suriyadakı bütün infrastrukturunu
bombalayıb. Bunu İsrailin müdafiə naziri Aviqdor
Liberman bildirib.
“Ümid edirəm ki, bu hissə başa çatıb”, - nazir deyib.
Liberman İranın atdığı heç bir raketin İsrailin nəzarəti altında
olan ərazilərə düşmədiyini vurğulayıb.
İsrailin Suriya ərazisinə aviazərbələri Tel-Əvivin
özünümüdafiə haqqıdır. Bunu jurnalistlərə
açıqlamasında Ağ Evin mətbuat katibi Sara Sanders deyib. Onun
sözlərinə görə, Vaşinqton İsrailin öz ərazisinin müdafiəsinə
yönələn bütün addımlarını dəstəkləyir:
“Son baş verənlər göstərir ki, İran rejiminə güvənmək olmaz.
Prezident Donald Trampın İranla razılaşmadan çıxmaq qərarı doğru
idi”.
“Rusiya Suriya münaqişəsinin Üçüncü Dünya
müharibəsinə kimi böyüməsinə imkan verməyəcək”. Bunu
Suriya prezidenti Bəşər Əsəd deyib.
“Çünki, xoşbəxtlikdən, Rusiyada müdrik rəhbərlik mövcuddur”, -
Suriya lideri bildirib.
Dövlət başçısı həmçinin Rusiya və ABŞ-ın münasibətlərini “soyuq
müharibə” dövründən daha mürəkkəb adlandırıb.
“Ümid edirəm ki, biz bu super dövlətlər arasında heç bir birbaşa
münaqişə görməyəcəyik. Çünki, bu dövlətlər arasında birbaşa
münaqişə bütün dünyada vəziyyəti nəzarətdən çıxaracaq”, - Əsəd
əlavə edib.
“ABŞ-ın prezidenti Donald Trampla yaxın vaxtlarda
görüşümün olacağına şübhə edirəm”. Bu haqda Suriya
prezidenti Bəşər Əsəd bildirib.
“İstənilən görüşün nəticəsi olmalıdır, amma məlum deyil ki, belə
ardıcıl siyasət aparmayan siyasətçi ilə buna nail olmaq olarmı”, -
Suriya lideri deyib.
Onun sözlərinə görə, Dəməşqdə Trampın ABŞ-a nəzarət etdiyinə
inanmırlar.
“Hesab edirik ki, real dövlət ABŞ-ın istənilən prezidentinə
nəzarət edir. ABŞ-da həmişə belə olub, ən azı son 40 ildə, Ricard
Niksonun vaxtından. Ola bilər ki, indi bu proses daha intensivdir”,
- Əsəd vurğulayıb.
2013-cü ildən bu yana Suriya kimyəvi silaha malik
deyil. Bu sözləri Suriya Prezidenti Bəşər Əsəd
deyib.
“Beynəlxalq Kimyəvi Silah Təşkilatı araşdırma apardı və məlum
oldu, rəsmi şəkildə elan edildi ki, bizdə belə silahlar yoxdur.
Kimyəvi silah tətbiqi ilə bağlı ittihamlar Suriya ordusunun
qələbələrindən sonra başlayıb. Bu, Suriya ordusuna hücum etmək üçün
primitiv bir oyun idi. Terrorçuların məğlubiyyətindən sonra
Suriyadakı sabitliyi pozmaq istəyən ABŞ, Fransa, Böyük Britaniya və
müttəfiqləri gördülər ki, onlar açar kartlarını itiriblər. Onlar
terrorçuların ruh yüksəkliyini artırmaq və digər rayonların azad
edilməsinin qarşısını almaq üçün Suriya ordusuna hücum edirlər”, -
Əsəd bildirib.
İŞİD terror qruplaşmasının başçısı Əbubəkr
Əl-Bağdadi ehtimal ki, oğlu ilə birlikdə Suriyanın şərqində İraq
sərhədinin yaxınlığında gizlənir. Bu haqda İraq
kəşfiyyatındakı anonim mənbəyə istinadən “Al Sharq Al Awsat” qəzeti
bildirib.
“Əbubəkr Əl-Bağdadi indiyə kimi nəzarətində saxladığı Suriyanın
İraqla sərhəd rayonundadır”, - mənbə deyib.
O, həmçinin qeyd edib ki, qruplaşmanın başçısı dörd-beş nəfərlə,
o cümlədən oğlu və kürəkəni tərəfindən əhatə olunub.
Amerika kəşfiyyatındakı mənbələrə əsasən, Əl-Bağdadi mobil
telefondan istifadə etmir. Onun bir yerdə 72 saatdan çox qalmadığı
və cəmi iki mühafizəçinin müşayiəti ilə gözəçarpmayan
avtomobillərdə hərəkət etdiyi bildirilir.
ABŞ İŞİD liderinin tutulması və ya məhvinə kömək edəcək
informasiya üçün 25 milyon dollar mükafat vəd edib.
Avropa artıq müdafiə məsələlərində ABŞ-a güvənə
bilməz. Bunu jurnalistlərə açıqlamasında Almaniya
kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, Avropa
dövlətlərinin özləri talelərinə nəzarəti əllərinə almalıdırlar:
“ABŞ-ın bizi qoruduğu zaman geridə qalıb. Avropa öz taleyini öz
əlinə almalıdır. Bizim gələcəklə bağlı hədəfimiz budur”.
“Bu gün işğal edilmiş Krımın Ukraynanın tərkibinə
qayıdışının iki münasib variantı var”. Bunu Krım
tatarlarının işləri üzrə Ukrayna prezidentinin xüsusi nümayəndəsi,
Ukraynanın Ali Radasının üzvü Mustafa Cəmilov “Apostrof” nəşrinə
müsahibəsində bildirib.
Rusiyanın dağılması və Putinin... - Torpaqların azad edilməsinin İKİ VARİANTI
Ali Radaya Rusiya şirkətləri və bankların
Ukraynadakı əmlakının milliləşdirilməsi haqqında qanun layihəsi
daxil olub. Layihənin müəllifi “Pyotr Poroşenkonun
Bloku” fraksiyasının üzvü Roman Zvarıçdır.
Qanun layihəsinin izahedici qeydində bildirilir ki, qanunverici
səviyyədə belə addım “təcavüzkar dövlət”lə təsərrüfat fəaliyyətini
həyata keçirən hüquqi şəxslərə qarşı sektor sanksiyalarının tətbiq
etmə imkanı verəcək.