Həkimlərin zərərli vərdişləri hansılardır?

Orqanizmin sağlam və gümrah qalması üçün düzgün qidalanmaq vacibdir. Həkimlər qazlı içkilərin, “fast food”ların, şəkərli və unlu məmulatların insan orqanizminə zərər verdiyini bildirirlər. Doğru olmayan qidalanma insanda piylənmə, ürək xəstəlikləri, şəkərli diabet, mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər.

Uşaqlar arasında piylənmə hallarının artmasına səbəb də süni qidalar, ayaq üstü yeməklərdir. Həkimlər hər zaman insanları zərərli qidalardan uzaq durmağa dəvət edirlər. Onlar un, duz, şəkəri “ağ zəhər” adlandırırlar. Bəs həkimlərimiz ziyanlı qidalardan uzaq durur yoxsa onların da zərərli vərdişləri var?

Metbuat.az həkim dietoloq və qastroenteroloqlar arasında sorğu keçirib.

Tanınmış dietoloq Leyla Zülfüqarlı kofedən uzaq dura bilmədiyini bildirib:

“Səhhətimlə bağlı kofedən özümü qorumalıyam, amma içirəm. Ağ şəkər, qənd, qazlı içkilər, “fast food”, ağ çörək qətiyyən həyatımda yoxdur. Kolbasa, sosiska, işlənmiş süni qidalar yemirəm. Sadəcə ev üsulu kolbasa (ürəyim istəyəndə o da yüz ildə bir dəfə olur) yeyirəm.

Həkim qastroenteroloq Habil Hüseynov qidalanmasından unu və şəkəri tamamilə çıxartdığını bildirib. Zərərli vərdişinin çox yemək olduğunu vurğulayan həkim hazırda, normal qida rejiminə əməl etdiyini qeyd edib.

Tanınmış dietoloq Tutu Zeynalova isə deyib ki, “zərərli qida yeməmişəm” demək yalan olar. Biz də tələbə olmuşuq. Dönər, “fast food”, pizza yemişik, qazlı içkilər içmişik. Dietoloq olandan sonra belə müəyyən qədər bu qidalardan yemişəm. Ən azından həmin qidaların kalorisini bildiyimiz üçün daha tədbirli davranırıq. Suşi sevirəm, amma çox yemirəm. Energetik, spirtli içkilər qəbul etmirəm. Ürəyim sendviç istəsə, bunu özüm evdə hazırlayıram.

Qastroenteroloq-endoskopist Rəfael Həsənov isə heç nəyə önəm vermədiyini deyib:

“İstənilən qidanı istənilən saatda yeyə bilərəm. Alkoqol və siqaret qəti qəbul etmirəm”.

Endokrinoloq-dietoloq Azay Musayeva isə deyib ki, hər bir insanın orqanizmi fərqli olduğu üçün daxili orqanların parametrlərinə uyğun qidalanma tətbiq edilməlidir. Məsələn, mədəaltı vəzində problem olan xəstə vitamin C mənbəyi olan bolqar bibərindən imtina etməlidir. Mən özüm də qida rasionumu daxili orqanlarıma uyğunlaşdırmışam. Qidalanmamda ağır karbohidratlardan istifadə edirəm, şəkəri, unu çıxartmışam. Aradabir şəkərsiz qazlı içki içirəm.

Qastroenteroloq-hepatoloq Şahnaz Atayeva şirniyyatdan uzaq olduğunu bildirib:

“Qastroezofageal refluks problemim var. Olur ki, qidalanma rejimimə, pəhrizə əməl edə bilmirəm. Çalışıram ki, rasionumda tərəvəz və şorbalardan çox istifadə edim”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR