Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası, 36 yaşlı Keyt Middltonun sevimli modelyeri və dizayneri Emiliya Vikstedlə bağlı qalmaqal böyüyür.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, əslən Yeni Zelandiyadan olan modelyer şahzadə Harri və amerikalı aktrisa, model Meqan Marklla toy ərəfəsində gəlinlik paltarı sifarişi almışdı.

Sifarişə görə, E.Uiksted qısa müddətdə M.Markl üçün gəlinlik hazırlamalı idi. Üstəlik, bu gəlinlik yeganə nüsxədə olmalı, təkrarlanmamalı və ya əvvəllər haradasa, kimin üçünsə hazırlanmış modelin, yaxud eskizin təkrarı olmamalı idi.

Lakin o, sifarişdən imtina edib və sonucda Meqan Markl üçün "Givenchy'" brendinin əsəri olan geyim seçilib.

Bu sifariş üçün "Givenchy"nin dizayneri Kler Rayt Kellerə 200 min funt-sterlinq ödənmişdi.

E.Uiksted isə bəyan edir ki, "Givenchy"nin Meqan Markl üçün "hazırladığı" geyim bir neçə il əvvəl onun kolleksiyasında yer almış paltarın tam təkrarıdır: "Xeyli əvvəl hazırladığı eskiz və dizayndakı gəlinliyi "yeni model" adı ilə Britaniya kraliçasının ailəsinə satıblar. 200 min funtluq gəlinlik paltarı ötən il 7 min funta satışda olub".

Qalmaqaldan sonra E.Uiksted Twitter-dəki profilini bağlayıb. O, media mənsublarının heç bir sualına cavab vermir.

Milli.Az