Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib.

Bu barədə Publika.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

“Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirib.Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş enib, xəsarət alan yoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır”.