ABŞ-də epilepsiya xəstəliyindən əziyyət çəkən 31 yaşlı qadının ölümü ilə bağlı ailəsi “OpenAI” şirkətinə qarşı məhkəməyə müraciət edib. İddia olunur ki, qadın ChatGPT-nin tövsiyəsi ilə dərmanının dozasını azaldıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də yaşayan 31 yaşlı Bouen Vanın ölümü süni intellektin tibbi məsləhətlərinin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Məlumata görə, epilepsiya xəstəliyindən əziyyət çəkən qadın qəbul etdiyi dərmanın düşünmə və danışıq qabiliyyətinə təsir göstərə biləcəyindən narahat olub. Bu səbəbdən o, dərman dozasının dəyişdirilməsi ilə bağlı ChatGPT-yə müraciət edib.
Məhkəmə sənədlərində əksini tapan iddialara əsasən, qadın gündəlik 400 milliqram qəbul etdiyi lamotrigin adlı dərmanın dozasını azaltmaq istəyib. Bildirilir ki, ChatGPT onun üçün dozanın təxminən 25 gün ərzində sıfıra endirilməsini nəzərdə tutan plan hazırlayıb.
İddialara görə, yazışmalar zamanı qadına dərman qəbulunda etdiyi dəyişiklikləri həkimindən gizlətmək barədə də tövsiyə verilib. Ailənin iddiasında süni intellektin qadının sağlamlığı ilə bağlı narahatlıqlarına verdiyi cavablar da mübahisə mövzusu olub.
Məlumatda qeyd olunur ki, dərmanın dozasını azaltma prosesi zamanı qadın yaddaş problemləri, çaşqınlıq və digər narahatedici əlamətlərlə üzləşib. Onun bu vəziyyətlə bağlı narahatlıqlarını ChatGPT-yə dəfələrlə çatdırdığı bildirilir.
Qadının müalicə həkiminin isə epileptik tutmaların nəzarətdə saxlanılması üçün istifadə olunan dərmanın həkim göstərişi olmadan dayandırılmasını tövsiyə etmədiyi qeyd olunur.
Məlumata görə, Bouen Van 2026-cı il fevralın 14-də ABŞ-nin Sietl şəhərindəki evində ölü tapılıb. Ölümündən sonra aparılan müayinələr zamanı onun qanında lamotriginin səviyyəsinin müalicə üçün nəzərdə tutulan diapazonun aşağı həddindən xeyli az olduğu bildirilib.
Qadının ailəsi hadisə ilə bağlı “OpenAI” şirkətinə və şirkətin rəhbəri Sem Altmanə qarşı məhkəmə iddiası qaldırıb. Ailə süni intellektin həkim nəzarəti olmadan dərman dozasının dəyişdirilməsinə dair fərdi plan təqdim etməsinin ölüm hadisəsində rol oynadığını iddia edir.
İddialar çərçivəsində səhlənkarlıq, təhlükəsizlik tədbirlərinin yetərsizliyi və ölümə görə məsuliyyət məsələləri qaldırılıb. Hadisənin hüquqi qiymətləndirilməsi məhkəmə prosesinin nəticəsindən asılı olacaq.
“OpenAI” hadisənin baş verməsindən təəssüf hissi keçirdiyini bildirərək ailəyə başsağlığı verib. Şirkət yazışmalarda həmin dövrdə artıq istifadədən çıxarıldığı bildirilən GPT-4o modelindən istifadə olunduğunu qeyd edib.
Şirkət, həmçinin ChatGPT-nin peşəkar tibbi yardımın əvəzi olmadığını vurğulayıb.
Hadisə süni intellekt alətlərindən sağlamlıqla bağlı məsələlərdə istifadə zamanı ehtiyatlı davranmağın və dərmanların dozasını yalnız həkimlə məsləhətləşdikdən sonra dəyişdirməyin vacibliyini bir daha gündəmə gətirib.