“O metroda şortik geyinən qıza hücum çəkənlər belə
qeyrətlidirsə, özlərinin namusu, qeyrəti varsa, onlar o qıza
məsələni sözlə başa salmalı idilər. Birincisi, onlar öz ailələrinə
cavabdehdirlər. Gedib onların ailə tərkibini yoxlayanda görərsən
ki, elə onların özləri ərəblərlə bilavasitə əlaqəlidirlər”.
Publika.az-ın xəbərinə görə, bunu Daşkəsən rayon İcra
Hakimiyyətnin başçısı Əhəd Abıyev “interpress.az”a açıqlamasında
bildirib.
İcra başçısı şortik geyinən qıza hücum edənləri sərt şəkildə tənqid
edib: “Onların qeyrəti varsa, ərəblərin Bakıda elədikləri
hərəkətlərə münasibət bildirsinlər. Bəzi turist adı ilə Bakıya
gələn ərəblərin “Tarqovu”da elədiklərini görüb xəcalət çəksinlər.
Qız uşağıdır da, indi şortik geyinib gərək onu sözlə başa salasan.
Daha onun üstünə çəkmək nədir?”
Ə.Abıyev insanların evdə gördüyü tərbiyəni cəmiyyətdə tətbiq
etdiyini vurğulayıb: “Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə
nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin
tərbiyəni cəmiyyətdə tətbiq edirlər. Əgər, o qıza hücum çəkənlər
qeyrətdən və namusdan danışırlarsa, ilk növbədə o qızı sözlə başa
sala bilərdilər. Nəyə lazımdır ki, şortik geyindiyinə görə qız
uşağına hücum etmək, onu döymək və yaxud da xuliqanlıq etmək? O qız
özünü öldürə bilər, intihar edə bilər. Yeri gəlsə, xəsarət alar,
şikəst olar. Gələcəyi bədbəxt olar. İndi geyimdir də, yəqin ki,
hansısa mağazaya gedib satıcı tərifləyib şortiki, qız da alıb
geyinib. İndi hansı mağazaya gedirsən onsuz da bütün satıcılar
mağazadakı məhsulların hamısını tərifləyir. Satıcıları da qınamaq
olmur, onalr da müştərini razı yola salmalıdır”.
“Bəlkə, o qız özü də geyimindən xəcalət çəkir. Əgər, o qız başqa
bir tərbiyəsiz və əxlaqsız iş görürsə, bəli, müsəlman
adət-ənənəsinə uyğun olaraq, o, lənətlənməlidir. Amma hücum etmək,
döymək və xəsarət yetirmək yolverilməzdir. Bunun üçün
hüquq-mühafizə orqanları var. Ümumiyyətlə, qız uşağını vurmaq,
döymək və incitmək olmaz”, - deyə Əhəd Abıyev qeyd edib.
Qeyd edək ki, ötən gün Bakı metrosunda sərnişinlər arasında dava
düşüb. Davaya səbəb isə metroda əyləşən qızın şortik geyinməsi
olub. Qızın şortik geyinməsindən əsəbləşən gənc oğlanla həmin qız
arasında mübahisə yaranıb. Daha sonra yaşlı qadının oğlanı müdafiə
etməsi ilə bu mübahisə qalmaqala səbəb olub.