Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşəcək.
Artıq qitənin ali futbol qurumu I təsnifat mərhələsindəki klubları qruplara bölüb.
Təmsilçilərimiz - "Qəbələ", "Neftçi" və "Keşlə" səpələnmişlərin sırasında qərarlaşacaq.
Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı "Qəbələ"nin 5 potensial rəqibi "Proqres" (Lüksemburq), "Şiroki Briyeq" (Bosniya və Herseqovina), "Şkupi" (Makedoniya), "Stumbras" (Litva) və "Dunayska Streda"dı (Slovakiya).
Bürünc medalçı "Neftçi"yə bu mərhələdə "Buduçnost" ( Monteneqro), "Partizani" (Albaniya), "Uypeşt" (Macarıstan), "Samtrediya" (Gürcüstan) və ya "Rasinq Yunion"dan (Lüksemburq) biri rəqib olacaq.
Azərbaycan kubokunun qalibi "Keşlə"nin bəxtinə isə "Milsami" (Moldova), "Rudar" (Monteneqro), "Riqa" (Latviya), "Budapeşt Honved" (Macarıstan) və "Baltsan"dan (Malta) biri düşəcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Milli.Az