Pərvanə şam işığına gedərək özünü yandıran kimi, onlar da öz həyatlarını Vətən eşqi, Vətən həsrəti uğruna yandırdılar.
Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, söhbət 4 il əvvəl öz ata-baba yurdunu ziyarət etmək üçün Kəlbəcərə gedən və orada girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və güllələnərək öldürülən Həsən Həsənovdan gedir.
Nail Həsənov deyir, qardaşı Həsən bilirdi ki, bu səfər onun canı bahasına başa gələcək. Amma yaxınları onu bu fikrindən döndərə bilməyib.
Nail Həsənov - Həsən Həsənovun qardaşı: "Sosial şəbəkələrdə dayım bütün paylaşımlarını vətən uğrunda edərdi. Deyərdi, nə qədər ki, torpağımız işğal altındadır, bizim yaşamağa haqqımız yoxdur. Dözə bilmir vətən həsrətinə".
Həsənin tək narahatlığı ailəsi ilə bağlı olub. Kəlbəcərdə başına bir hadisə gələrsə, ailəsinə arxa duran axtarırdı. Bugünsə onun ailəsinin arxasında dövlət dayanır, himayə edir. Həsənin yaxınları girov götürlən Şahbaz Quliyevlə, Dilqəm Əsgərovun tezliklə azad olmasını istəyirlər.
Nail Həsənov - Həsən Həsənovun qardaşı: "Həsənin meyidi dövlətimizin səyi nəticəsində alındı, gətirildi, dəfn edildi. Lakin, mən Həsənin ailəsi olaraq onların orada qalmağına da biganə qala bilmirəm. Çünki, onlar da Həsənlə birgə gediblər. Kəlbəcəri axırıncı dəfə 4 il bundan qabaq gözləri ilə görən 3 azərbaycanlı olublar onlar".
Həmin səfərdə girov götürülən Şahbaz Quliyevin yaxınları təskinlik üçün göndərilən məktubların artıq faydasının olmadığını deyirlər. 4 illik həsrətin başa çatmasını, Şahbazın sağ-salamat geri qayıtmasını istəyirlər. Beynəlxalq təşkilatların məsələyə biganəliyi onları narahat edir.
Natiq Quliyev - Şahbaz Quliyevin yaxını: "Bir dənə təskinliyimiz o məktubladır. O məktubu da kopiya edib gətirirlər. Bir il bundan qabaq Şahbaz nə deyibsə, elə 4 ildir eyni şeyi deyir. Başqa heç bir yenilik yoxdur".
Radə Quliyeva - Şahbaz Quliyevin bacısı: "Bu müddət ərzində beynəlxalq təşkilatlar bu işə nədənsə yaxşı baxmırlar. Onların azad olmasında köməklik göstərmirlər. Düzdü, Qızıl Xaç Komitəsi məktub aparıb-gətirir. Biz onların azad olmasını istəyərdik".
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının səhhətindən narahatdır. O, hətta bu narahatlığını ötən il ATƏT-in Demokratik Təsisatlar və insan Haqları Bürosunun Varşavada keçirilən illik zirvə görüşündə 57 ölkənin rəsmilərinin, diplomatların və hüquq müdafiəçilərinin iştirak etdiyi toplantıda dilə gətirib. Nəticə isə indiyədək dəyişməyib. Millət vəkili Qənirə Paşayeva ötən ay Avropa Şurası Parlament Assambleyasının sessiyasında girovların vəziyyətinin ağır olduğunu deyərək təşkilatın rəhbərliyinə çağırış edib. Onları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün daha sərt addımılar atmağa çağırıb. Girovlarla bağlı yalnız beynəlxlaq platformalarda fikirlər səsləndirilmir. Avropa İnsan Haqları Məhkəməsinə də müraciət göndərilib. Girovların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub. Girovların hüquqlarını müdafiə edən vəkil Anar Bağırovun sözlərinə görə, məhkəməyə daxil olan bu ərizəyə 3 ildir cavab yoxdur. Hüquq müfaiəçisi Əhməd Şahidov deyir ki, ATƏT-in qarşıdakı zirvə toplantılarında da məsələ gündəmə gətirilərək, dünya birliyinin diqqətinə çatdırılacaq.
Əhməd Şahidov - Hüquq müdafiəçisi: "Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara, ATƏT üzvü olan ölkələrin nümayəndəliklərinə və AŞPA-nın insan haqları üzrə ali komisarına müraciət ünvanlamışıq. Bu məsələyə təcili müdaxilə edilməsini, rəsmi Yerevana təzyiqlərin edilməsi, ən azından BMT-nin Jenevrə konvensiyasının tələblərinin yerinə yetirilməsi ilə bağlı müraciət ünvanlamışıq. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq".
Artıq 8 aydır girovlardan nə bir xəbər var, nə də məktub. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri girovların məktub yazmaqdan imtina etdiyini deyirlər. Amma bu səssizlik girovların səhhəti, vəziyyəti ilə bağlı şübhələri artırır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: