“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science.www.naked-science.ru” resursuna istinadən yazır ki, sazişə görə, süni intellektdən istifadə edən silah sistemləri bəşəriyyət üçün 2 – mənəvi və praqmatik təhlükə törədir. Mənəvi baxımdan insan həyatının sona çatması ilə bağlı qərarlar kompüterlər tərəfindən qəbul edilməməlidir. Praqmatik təhlükə ondan ibarətdir ki, insanın müdaxiləsi olmadan obyekti müstəqil seçən və ona tuşlanan ölümcül avtomatik silah hər bir ölkə və fərd üçün təhlükəlidir.
Sənədi imzalayan Massaçusets Texnologiya İnstitutunun fizika professoru Maks Teqmark bildirib ki, saziş süni intellekt sahəsində liderlərin əməli işə keçməsinin göstəricisidir. Onun sözlərinə görə, saziş siyasətçilərin hakimiyyətə malik olmadıqları sahədə - texnologiyaların hazırlanması sahəsində qadağanın tətbiqini nəzərdə tutur. Professorun fikrincə, alqoritmlərlə təchiz edilən silah da bioloji silah kimi iyrəncdir və buna görə ciddi tənzimlənməlidir.
Nizam Nuriyev