Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin görüşüblər.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk heyətdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Bərat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, Prezident sözçüsü İbrahim Kalın və MİT sədri Hakan Fidan yer alıb.

Görüş zamanı Ərdoğan bildirib ki, Türkiyə-Rusiya əlaqələrində bütün sahələrdə ciddi yüksəlişə nail olunub: “Əlaqələrimiz siyasi, hərbi, iqtisadi, mədəni, ticarət və ümumilikdə bütün sahələrdə yüksəlişə doğru gedir”.

Ərdoğan iki ölkə arasında 100 milyard dollarlıq hədəf olduğunu deyib: “Bu cür gedişlə hədəfə çatacağımıza inanıram. Turizm sahəsində də çox yaxşı əlaqələrimiz mövcuddur. Fikrimcə, bu il həqiqətən də 6 milyon turist Türkiyəyə gələcək. Aramızdakı bu cür əlaqələr bəzilərini qısqandırır”.

Putin də iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnun olduğunu qeyd edib: “Müxtəlif böhranları həll etmək məsələsində əlaqələrimiz daima davam edəcək. İqtisadi cəhətdən də əlaqələrimiz daha çox inkişaf edəcək. Ötən il ticarət həcmimiz 40,5%-ə qədər artmışdı və 22 milyard dolları ötmüşdü. Ortaq işlər görməkdən məmnunluq duyuram”.

Günay Elşadqızı / METBUAT.AZ

Yəməndə hökumət qüvvələriylə Husilər arasında qarşıdurma - 40 nəfər ölüb