Gürcüstanın Baş naziri Milli Məclisdə olub

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Metbuat.az-a verilən məlumata görə, sədr qonağı salamlayaraq, onu dost Gürcüstanın Baş naziri qismində ölkəmizə ilk səfərini dövlətlərimiz arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə inamını ifadə edib. Qeyd edilib ki, xalqlarımız əsrlər boyu həmişə bir-birini dəstəkləmiş və qədim tarixi köklərə malik bu ənənə bu gün də davam etdirilməkdədir. Sevindirici haldır ki, son illər ərzində yüksək səviyyədə qarşılıqlı səfərlərin və görüşlərin dinamikası daha da artıb. Dövlət başçılarının mütəmadi görüşləri strateji tərəfdaşlığımızın səviyyəsinin göstəricisidir.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 25 ili tamam olub. Fərəhli haldır ki, siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərimiz günbəgün inkişaf etməkdədir. Bu ilin sentyabrında Azərbaycan parlamenti özünün 100 illik yubileyini qeyd edəcək. Tədbirə müxtəlif ölkələrin parlament nümayəndə heyətləri, o cümlədən qardaş Gürcüstanın Ali qanunvericilik orqanının spikeri də dəvət olunublar.

Sədr cari ilin mayında Gürcüstanın ilk Demokratik Respublikasının 100 illik yubileyində iştirakını xatırlayaraq, bu tarixi hadisə münasibəti ilə gürcü xalqını və qonağı təbrik edib. Bildirilib ki, Azərbaycan və gürcü deputatları müxtəlif beynəlxalq qurumlar çərçivəsində bir sıra məsələlərlə bağlı ortaq mövqedən çıxış edirlər və bir-birlərini dəstəkləyirlər. Sədr deputatların qarşılıqlı səfərlərini təqdir edib.

İqtisadi sahədə əldə edilmiş nailiyyətləri bölgə üçün çox əhəmiyyətli hesab edən spiker birgə həyata keçirilmiş neft, qaz kəmərləri və nəqliyyat infrastrukturu ilə bağlı layihələrin region üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Spiker ölkələrimiz müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyünün pozulması ilə bağlı oxşar problemlərlə üzləşdiklərini qeyd edərək bu məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin günün tələbi olduğunu söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən M.Baxtadze ölkəmizə səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, münasibətlərimizin həyatın bütün sahələrində inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Heç də təsadüfi deyildir ki, hər iki millət Azərbaycan-Gürcüstan dostluğu ilə fəxr edir. Biz tarixən mövcud olan bu ənənələri gələcəkdə daha da inkişaf etdirmək niyyətindəyik.

Ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal layihələr bütöv bir region üçün çox əhəmiyyətlidir. İqtisadi sahədə münasibətlərimizin daha da dərinləşməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir.

Parlamentlər arasındakı münasibətlərimizin inkişafı deputatlarımızın qarşılıqlı səfərləri və beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri ümumi maraq kəsb edən məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Biz regional münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. Azərbaycan dövlətinə və xalqına bizim ərazi bütövlüyümüzü dəstəklədiyi üçün minnətdarıq.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR