"Bu gün razılaşdırılmış məsələlər Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək"

Bu gün razılaşdırılmış məsələlər AzərbaycanRusiya arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”.

İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir: “Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır.

Rusiya və Azərbaycan qonşu dövlətlərdir. Bizi həm dəmir yolları, həm avtomobil yolları, həm də çox fəal sərnişin və yükdaşımaları üçün hava yolları birləşdirir. Biz ölkələrimiz, eləcə də qonşularımız üçün yeni nəqliyyat imkanları yaradılması üzrə gələcək addımlarımızı ətraflı müzakirə etdik. Vladimir Vladimiroviç Şimal-Cənub layihəsinin reallaşdırılmasının vacibliyini qeyd etdi. Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

Prezident bildirib ki, bu gün neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalandı: “Bu, bizim əməkdaşlığımızın ənənəvi sahəsidir. Çox yaxşı potensial və perspektivlər var. Vladimir Vladimiroviç Azərbaycanda bir sıra mühüm nəqliyyat, infrastruktur, sənaye layihələrinin həyata keçirilməsində Rusiya banklarının fəal iştirakını qeyd etdi. Biz bunu çox alqışlayırıq”.

İlham Əliyev əlavə edib: “Humanitar sahədə əməkdaşlıq diskussiyalarımızda xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur. Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Başqa sözlə, ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR