Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsini həll etməyə çalışır və hər iki tərəf üçün məqbul əsaslarla sülh müqaviləsini imzalamaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.

"Biz ərazi mübahisəsinin həllinə çalışırıq, həmçinin Yaponiya və Rusiya üçün məqbul variant çərçivəsində gələcəyə istiqamətlənmiş sülh müqaviləsini imzalamaq niyyətindəyik", -deyə baş katib bildirib.

Bununla yanaşı, Y.Suqa qeyd edib ki, dörd şimal adasında Rusiyanın hərbi iştirakının güclənməsi Yaponiyanın mövqeyi ilə üst-üstə düşmür. "Biz müxtəlif imkanlardan istifadə edərək, buna etirazımızı bildirmişik. Bu məsələnin fundamental həlli üçün "şimal əraziləri" problemini bütünlüklə həll etmək lazımdır", - deyə baş katib vurğulayıb.

Ötən əsrin ortalarından başlayaraq Yaponiya və Rusiya İkinci Dünya müharibəsinin yekunları ilə əlaqədar sülh müqaviləsini imzalamaq üçün fasilələrlə məsləhətləşmələr aparırlar. Müqavilənin imzalanmasına əsas maneə Kuril adalarının cənubunda yerləşən adaların kimə məxsusluğu məsələsidir. İturup, Kunaşir, Şikotan və Yaponiyanın Habomai adlandırdığı Kiçik Kuril silsiləsinə daxil olan bir sıra adalar müharibənin yekunu olaraq SSRİ-nin tərkibinə daxil edilib. Lakin Tokio bu adaların Yaponiyaya məxsus olduğunu iddia edir. Rusiya tərəfi isə bildirir ki, beynəlxalq hüquqa əsasən rəsmi Moskvanın bu adalar üzərində suverenliyi heç bir şübhə doğurmur.

Milli.Az