Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı sərt açıqlamalar verib. O, beynəlxalq hüququn pozulmasına, eləcə də güclü dövlətlərin öz qaydalarını digər ölkələrə diktə etməsinə qarşı çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Makron çıxışında dünyada “gücün qanunu”nun hökm sürdüyü yeni bir düzənin yaranmasına imkan verilməməli olduğunu bildirib. Fransa Prezidenti BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını dəstəklədiklərini qeyd edərək, “Bəzilərinin qurmaq istədiyi yeni cəzasızlıq rejimini qəbul edə bilmərik” deyib.

Makron Qəzzadakı humanitar vəziyyətə də diqqət çəkib. O, bölgəyə humanitar yardımın çatdırılmasının qarşısının alınmasını tənqid edərək, bunun beynəlxalq ictimaiyyət qarşısında ciddi problem yaratdığını vurğulayıb. Fransa Prezidenti Fələstin dövlətinin tanınmasının öz-özlüyündə kifayət etmədiyini, bu qərarın konkret və praktiki addımlarla dəstəklənməsinin vacibliyini bildirib.

Fransa lideri İordan çayının qərb sahilində baş verən hadisələrdən narahatlığını da ifadə edib. Onun sözlərinə görə, fələstinlilərin hüquqlarına hörmət olunması İsrailin təhlükəsizliyinin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Makron beynəlxalq hüququn bütün ölkələrə eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini bir daha vurğulayıb.

Makronun açıqlamalarına İsrail tərəfindən də reaksiya verilib. Baş nazir Benyamin Netanyahunun ofisi Fransa Prezidentinin fikirlərini tənqid edərək, onun açıqlamalarını “təkəbbürlü cəfəngiyyat” adlandırıb. İsrailin maliyyə naziri Bezalel Smotriç də Makronun mövqeyinə sərt münasibət bildirib.