Heç vaxt gülə bilməmək

Təbəssüm insanın ətrafındakılarla ilkin ünsiyyət vasitəsidir.

Gülümsəmək insanın yaraşığıdır. Bir anlıq düşünün ki, gülümsəməyi bacarmırsınız. Düşündünüzmü? Həyatınızda nə dəyişərdi?

Kevin Portillo adlı 13 yaşlı bir oğlan hər gün gülümsəmək üçün məşq edir. O, öz məşqləri haqqında deyir: “Yanaqlarımı əllərimlə azca dartıram ki, simamda təbəssüm yaransın. Bəzən belə məşqlərdən sonra çənəm də ağrıyır.”

Kevin Nyu-Cersidə doğulub. Onun yanağında anadangəlmə damar şişi olub. Bu şiş Kevini sol gözünü açmağa qoymurdu. Həmçinin, burnunun azca sağa əyilməsinə səbəb olurdu. Kevinin müalicəsi illərlə davam etsə də, sonda şiş yoxa çıxıb. Lakin o şiş özüylə bərabər Kevinin təbəssümünü də aparıb.

Təbəssüm etmək cinsi və mədəniyyət baxımından müxtəlifdir. Adətən, qadınlar kişilərə nisbətən daha çox gülümsəyir. Təbəssümün ünsiyyətin əlifbası olduğu artıq sirr deyil. Yəni, bir təbəssüm bəzən bütöv bir dialoqu əvəz edir.

Elm adamları qeyd edir ki, başqa üz ifadələrinə nisbətən gülümsəmək hissləri daha aydın büruzə verir. Bunun səbəbi bilinmir.

Bir insanın təbəssümünü anlamaq üçün saniyənin onda biri qədər vaxt yetərlidir. Qorxu ifadəsini müəyyən etmək üçün isə bundan 25 dəfə çox zaman tələb olunur. Alimlər gülümsəmək və qaşları çatmaq kimi ifadələrin dilin yaranmasından daha əvvəlki dövrlərdə mövcud olduğunu söyləyirlər. Nəzərə alsaq ki, dilin bir ünsiyyət vasitəsi kimi yaranması 100 min il əvvələ təsadüf edir, onda təbəssümün tarixinin ilk insanlara dayandığını demək olar.

Ohayo Universitetində elektrik və kompüter mühəndisliyi ixtisası üzrə professor dərəcəsinə sahib olan Aleks Martinez də bu fikrə əsasən deyir:

“Sözlə ünsiyyət qurmazdan əvvəl üz ifadələrimizlə danışmışıq”.

Qeyd edək ki, Aleks Martinez Kompüterləşmiş Biologiya Elmi Laboratoriyasının qurucusu kimi də məhşurdur.

2016-cı ildə 4-ü gülümsəyən, 4-ü gülümsəməyən 8 insan şəkli dünyanın müxtəlif ölkələrində müxtəlif peşə sahibləri olan insanlara göstərilib. İnsanların əksəriyyəti gülümsəyən insanların daha dürüst və etibarlı olduğu qənaətinə gəlib.

İsveçrə, Avstraliya və Fillippin adalarında bu cür düşünənlərin sayı daha çox olub. Pakistan, Rusiya və Fransada isə az. İran, Hindistan və Zimbabvedə gülümsəyənlər haqqında olduqca xoş sözlər söylənib. Bunun səbəbi insanların təbəssümə etibar edib-etməməsidir. Bundan əlavə, qərbdə qədimdən gülümsəməyin ciddi dini dünyagörüşə zidd olduğuna da inanılıb. İntibah dövrünə qədərki rəssamlıq nümunələrində belə, simasında təbəssüm olan obrazlar yalnız aşağı təbəqənin üzvləridir. Şərqdə isə təbəssüm daxili aydınlığın təzahürüdür. Hətta, Budda daim gülümsəyir. Lakin, tarixə nəzər saldıqda, buddizmin ilkin qaynaqlarında da təbəssümə zidd heykəllər və təsvirlər görmək mümkündür. İsanı isə heç vaxt gülümsəyərkən görə bilməzsiniz.

Kevinin gülümsəyə bilməməsinin əsas səbəbi müalicə zamanı yeddinci beyin sinirinin ölməsidi. Beyinin kökündən başlayan bu sinir bütün üz boyu yayılır.

Şişdən əlavə, Moebius sindromu adlanan anadangəlmə üz iflicləri zamanı da təbəssüm etmək çətinləşir. Belə ki, bu sindrom qaşları çatmağa və gözləri sağa-sola çevirməyə imkan vermir. Bu cür insanlar, “sanki üzlərində maska ilə gəzir”. Onlara bəzən əqli problemi olan insanlar kimi də baxırlar.

Kevin öz vəziyyətini bu cür anladır:

“Həmişə sadəcə sağ tərəfim gülümsəyirdi. Sol tərəflə gülümsəyə bilmirdim. Bəzən bunun səbəbini məndən soruşurlar. Anadangəlmə bu cür olduğumu deyirəm”.

Bəzən üz sinirlərinin viral infeksiyası zamanı da gülümsəmək qabiliyyəti yoxa çıxır. Bundan əlavə, hər hansı zədə səbəbiylə üz əzələlərinin zərər görməsi də təbəssüm etməyi çətinləşdirir.

Filadelfiya Uşaq Xəstəxanasından Tami Konieczny yeniyetmələr arasında gülümsəyə bilməmək sindromunun yayıldığına diqqət çəkir. O, bunun səbəbini sosiallaşmağın çətinliyində görür. Tami Konieczny deyir: “İnsanlar sizin üz ifadələrinizi oxuya bilmirsə, burda sosiallaşmaqdan söhbət gedə bilməz. İndi hər kəs öz şəklinə istədiyi üz ifadəsini fotoşopla verə bilir”.

Gülümsəməyi bacarmayanlar üçün bir il müddətində ardıcıl olaraq bir neçə dənə estetik əməliyyat proqramları var. Bəzi ailələr bu mövzuda qərar vermək üçün uşaqlarının böyümələrini gözləyirlər. 9-10 yaşındakı bir uşaq artıq özündəki problemi dərk edir. Əməliyyat olmaq üçün bir insan kimi onun öz razılığının olması önəmlidir.

Kevin də 10 yaşındaykən əməliyyata qərar verib. Özü də müalicənin uzun zaman davam edəcəyini dərk edib. 2015-ci ilin oktyabrında plastik cərrah Phuong Nguyen Kevinin sağ baldırından aldığı siniri üzünün normal olan sağ tərəfinə yerləşdirib. Bir il boyunca sinirin orda böyüməsini gözləyib. Qeyd edək ki, sinirlər gündə, təxminən, 1 mm böyüyür.

Nəhayət, 2016-cı ilin avqustunda sinir böyüyüb lazımi səviyyəyə çatır. Doktor Nguyen Kevinin sol budundan 12 sm-lik bir əzələ götürür, siniri ona yerləşidirib uşağın sol yanağına qoyur. Bir il sonra, yəni 2017-ci ildə artıq Kevin üzünün sol tərəfini hərəkət etdirə bilir. Lakin, iş bununla bitmir. Kevin bundan sonra uzunmüddətli fizioterapiya müalicəsi alır.

Kevin artıq hamı kimi gülümsəməyi bacardığını sevinclə dilə gətirir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Elm aləminin 10 QORXUNC təcrübəsi… - İNANILMAZ HADİSƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR