Tanınmışlar efir məkanımızı belə görmək istəyirlər

Zaman-zaman sosial şəbəkələrdə və yazılı mediada TV-lərimizlə bağlı iradlara rast gəlirik. Hər gün bu mövzuda tənqid-təhqir dolu statuslar görürük.

Metbuat.az olaraq bəzi tanınmışlarımızdan efir məkanımızı necə görmək istədiklərini soruşduq.

Şair-publisist Murad Köhnəqala:

“Bizdə televiziyanın çox funksiyalı istiqamətlərindən demək olar ki, yalnız biri - şou, əyləncə funksiyası işləyir. Maarifləndirici-intellektual verilişlərə çox az yer verilir. Televiziya rəhbərləri tamaşaçı marağının azlığını, reytinq aşağılığını əsas gətirib elmi-intellektual proqramlara meydan verməkdən imtina edirlər. Lakin bu doğru yol deyil. Sanki beyinlərə "Azərbaycan tamaşaçısı səviyyəsizdi, savadsızdı, qanmazdı" düşüncəsini yeritmək məqsədi güdürlər. Əgər tamaşaçı səviyyəsizdirsə, bu, ilk növbədə televiziyaların günahıdı. Sən nə vaxt tamaşaçıya seçim imkanı verdin, ona rəngarəng, alternativ mənbələr göstərdin? Xalqı mənasız müğənnilərə, axmaq seriallara baxmağa məcbur edib, sonra da alınan nəticədən gileylənirlər. Dövlət xətti ilə maliyyələşən televiziyalarda qismən ədəbi-mədəni, informatik verilişlərə rast gəlmək olur. Bu da həmin kanalların reytinq probleminin olmamasına görədi. Özəl telekanallarınsa özünümaliyyələşdirmə və menecment problemi var. Telekanallar falçı ilə qarmonçalanı dalaşdırıb, izləyici sayını artırmaqdan başqa yol tapmır. Çağırsınlar, təkliflərimi verim. Beynimin məhsulunu burda havayı paylamaq istəmirəm”.

Faktor.az-ın baş redaktoru Əziz Əlibəyli:

“TV-nin niyə bu gündə olması ilə bağlı suala ən gözəl cavabı Azərbaycan tamaşaçısı verib. Rusiya, Türkiyə və Avropa kanallarına baxmaqla…”

Araşdırmaçı, jurnalist Dilqəm Əhməd:

"TV hər kəsin zövqünü oxşaya bilməz. Belə məcburiyyəti də yoxdur. Tələb və təklif əsasında fəaliyyət göstərir. Mən AzTV, “Lider”, İTV-də çox maraqlı sənədli filmlərə baxıram. Amma həmin verilişlərin reytinqi çox aşağı olur, təəssüf ki. Bu baxımdan TV rəhbərləri ucuzlaşmağa məcbur olurlar. Amma bir daha qeyd etmək istəyirəm ki, televiziyalarda yaxşı verilişlər də çoxdur."

Şair-publisist İradə Aytel:

“Efir mədəniyyəti - geyim, nitq mədəniyyəti, davranış - bunlar sıfır dərəcədədi. Üstəlik savad yoxdur, söz bazası kasaddır. Hər bir veriliş, hətta şou verilişləri belə maarifləndirməlidir. Savadı olmayan aparıcı isə kütləyə nəyi öyrətsin? Hər bir mütəxəssis öz sahəsindən danışmalıdır. Mən çox az halda bizim TV-lərə baxıram. “Mədəniyyət” kanalı qənaətbəxşdir. Ümumiyyətlə, özəl kanallar biznes üçün yararlıdır. Bu isə xalqı uçuruma aparır.”

Jurnalist, ATV kanalının aparıcısı Ariz Tarverdiyev:

“Təəssüflər olsun ki, televiziya kanalları ilə baglı səsləndirilən tənqidlərə əksər hallarda qarşı tərəf haqlı olur. Bəli, bu gün televiziyaların əksəriyyəti ideya böhranı yaşayır. Kreativ verilişlər, intellektual proqramlar, keyfiyyetli əyləncə proqramları hazırlanmır. Səbəbi təkcə televiziya idarəedicilərində axtarmaq düzgün deyil. Təbiidir, kadr seçimində çox böyük nöqsanlara yol verilir. Təcrübəsiz insanlar daha az məvaciblə televiziyalara cəlb edilir, həvəskar aparıcılar, müxbirlər, prodüserlərə iş həvalə olunur. Bu da proqramların keyfiyyətinə təsir edir. Televiziya üçün səviyyəli kadrlar hazırlayan tədris müəssiələri, mərkəzlər demək olar ki, yoxdur. Vaxt var idi, televiziya dərin savadı, xoş görünüşü, gözəl diksiyası olan insanlar üçün nisbətən əlçatan idi. İndi sadaladığım keyfiyyətlər arxa planda qalıb. Amma bazar iqtisadiyyatının tələblərini də nəzərə almaq lazımdır. Yəni tələb-təklif amili. Əksər halda proqramları tamaşaçı zövqü təyin edir. İnsanlar daha çox nəyə baxırsa, reklam verən tərəflərin sifarişi məhz həmin proqramlar olur. Kanalların maliyyə ehtiyatları o qədər çox olmalıdır ki, dotasiya hesabına reklam verən şirkətlərdən asılı olmadan öz proqramını tamaşaçıya təklif etsin ve bunun maliyyə tərəfini düşünməsin. Tənqidlər də heç də hər zaman yerində və haqlı olmur. Bir zamanlar televiziyaları bayagı şeyləri təbliğ etməkdə günahlandıranların indi əlində yüz minlərlə izləyicisi olan səhifələri, sosial şəbəkələri var. Nələri yayımladıqlarını, nələri təbliğ etdiklərini şükürlər olsun ki, hamımız görürük. Baxış sayı artsın deyə, istənilən addımı atmağa hazırdılar. Məncə, bunu daha çox tənqid etməlidirlər. Təmsil etdiyim televiziya kanalı daim yeniliklərə açıqdır və hər bir məsələdə keyfiyyət amilini üstün tutur. Ümid edirəm ki, bütün televiziya kanallarının inkişafında bütün cəmiyyət nə vaxtsa, pay sahibi olacaq. Çünki televiyiziya dogrudan da cəmiyyətin aynasıdır”.

Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə:

“Çox gözəl bir mövzuya toxundunuz. Lap ürəyimdən oldu. Ən birincisi reytinq üçün televiziyaların yersiz insanları efirlərə çıxarmalıdır. Bu doğru addım deyil. Qeyri-peşəkar addım insanları savadlandırmağa yox, daha da savadsızlaşmağa aparır. Tamaşaçıya nəyi göstərsən, onu da izləyəcək və ondan ibrət götürəcək. Hamı bilir ki, pul qazanmaq lazımdır. Ancaq pula görə mənliyini, mənəviyyatını satmaq lazım deyil. Yetişdirdiyimiz gənclikdən xəbəri olan var? Hamıya şamil olunmur. Ancaq efirə gələn qonaqlardan xəbəri olan var? Arabir təhsillə, incəsəntlə bağlı layihələr də edilməlidir. Baxılmır, reytinq vermir deyə, kanallar bunları etmir. Reytinq deyib, tərbiyəsizlik, əxlaqsızlıq, mədəniyyətsizlik, şüvənlik nümayiş olunur, ayıbdı. Özüm Türkiyədə yaşayıram burdakı çevrəm, ailəm bizim telekanalları izləyir, xəcalətimdən yerin dibinə girirəm. Hər yerdə dava, qalmaqal, aqressiya, bu nədir belə? Estetika deyilən bir şey qalmayıb efirdə. Kütləni bu vəziyyətə gətirib çıxarmağa heç kimin haqqı yoxdur! Bayağı mahnılar, mədəniyyətsizlik, efirdə açıq-saçıqlıq tamaşaçıların düşüncələrini korlayır. Səmimiyyət olmalıdır, ancaq bu qədər abartılı formada yox.”

Teleaparıcı, aktrisa Mələk Heydərova:

“Bütün dünyada baş verən prosseslərin qarşısı alınmır. Televiziyalarda da belədir. Bütün dünya televiziyalarında efiri şou zəbt edib. Ancaq başqa dövlətlərdən fərqimiz ondan ibarətdir ki, bizdə peşəkarlara üstünlük verilmir. Bu dəqiqə peşəkarlar qalıb qıraqda, kimin 3-5 manatı var, o da ortadadır. Televiziya da buna dəyər verir. Ancaq bunlardan tamaşaçının xəbəri yoxdur. Ona görə də tamaşaçı ağzına gələni deyir və yazır. Televiziyalarda aparıcı öz mövqeyini qoya bilmir, yalnız qulağında redaktor onu idarə edir. Bu da aparıcılıq deyil. Bu müxbirlikdir. Son zamanlar heç bir aparıcı öz mövqeyini qoyub, sual işləyə bilmir. Ona görə də tamaşaçı onları qınayır.”

“Space” TV-nin aparıcısı Amil Xəlil:

“Bəzi məsələlər var ki, demək olmur. Çünki sabah həmin şəxslər əleyhinə çıxa bilər. Televiziyalardakı həmkarlarımın bəzilərinin paxıllığından və boşboğazlığından narazıyam. İnsanlar niyə bu qədər paxıl olur sualını versələr, deyərəm yəqin televiziyalarda çalışıb, ya da çalışır. Bir az reytinqdə irəli get, başlayacaqlar paxıllıqcasına yazmağa. Üzdə yox, sətiraltı danışırlar. Narazı olduğum digər məsələ bəzi televiziyaların gənclərə yol açmamasıdır. Tərifləmirəm, hər şey göz qabağındadır. Bu faktdır. Üstəlik bəzi kanallar gəncləri yox, hazır aparıcıları, baş redaktorları işə cəlb edir. Sonra da inkişaf istəyirlər. Baxın nə qədər ki, xarici teleakanallar ölkədə sərbəst və sadəcə 5-6 manata yayımlanır, bu tənqidlər çox olacaq. İş o yerə gəlib ki, Rusiyanın və Türkiyənin kanallarında yerli şirkətlər reklam yerləşdirir. Bu qədər də olmaz. Əgər inkişaf istəyiriksə, möhkəm dəstək lazımdır. Paxıllıq yox. Camaatın cibinə girən aparıcılar, jurnalistlər çoxdur. Haqqı deyənlər isə azdır. Görəsən bəzi “qəhrəmanlar” Rusiya, Gürcüstan televiziyalarının əməkdaşlarının yerində olsaydılar, nə edərdilər? Bir ovuc tamaşaçımız qalıb. Gəlin onu itirməyək”.

Müğənni Rəqsanə xəstəxanaya yerləşdirildi - Erkən doğuş diaqnozu ilə - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR