"Real"ın veteran futbolçusu Luiş Fiqu keçmiş komandasının keçid dövrünü yaşadığını deyib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu "Çelsea"nin hücumçusu Eden Azarın "kral klubu"na mümkün keçidinə də münasibət bildirib.

Portuqaliyalı deyib: "Peresə məsləhət görərdim ki, Azarı komandaya gətirsin. Eden müasır dövrün ən yaxşı futbolçusudur. London klubunda müqaviləsi bitmək üzrədir. Peres belə bir şansı əldən verməməlidi. "Real" hazırda keçid mərhələsini yaşayır. İstənilən klub dahi futbolçusunu itirəndə belə vəziyyətə düşür. Ronaldo "kral klubu"nun ən önəmli oyunçularından biriydi. Matçın taleyini həll edirdi. Qələbənin qarantı idi. "Real" son illər yetərincə mükafat əldə edib. İdmanda bəzi nüanslar var. Həmişə qalib olmaq mümkün deyil".

Milli.Az