Ədəbiyyatda təsadüfi adamların qarşısını necə almaq olar?

Tez-tez belə fikirlər səslənir ki, ədəbiyyatda təsadüfi adamlar baş alıb gedir. Bəs kimin təsadüf, kimin zəruri olduğunu necə müəyyən etmək olar? Ədəbiyyatda təsadüfi adamların qarşısını necə almaq olar?

Yazıçı Qan Tural ı“Çarəsizliyin anatomiyası” yazısından sitat gətirməyi vacib bildi: Beş ədəd kitab satan yazıçını hansı nəşriyyat ciddi qəbul edər?Kim onun kitabını çap edib böhrana düşər. Nəşriyyat da kimlə işləyir?Xalqla, oxucu ilə...Oxucu beləliklə bazarı tənzimləyir. Prosesi nizama salır.Yaxşı və pisi ayırd edir. Bu zaman isə meydanda təsadüfi adamlara yer qalmır.”

Jurnalist Ağa Cəfərli: “Məncə bu prosesin qarşısını inizibati yollarla almaq mümkün deyil. Heç lazım deyil. Zaman hər şeyi öz yoluna qoyacaq. Yaxşı mətnlər yaşayacaq, pis mətnlər isə sıradan çıxacaq...”

Şair Fərid Hüseyn: “Heç cür almaq mümkün deyil, bu fikrə düşməyin özü qəbahətdir...

Fəlsəfə doktoru, pedaqoq Mail Yaqub: “ Ədəbiyyat carçıları özləri ədəbiyyata qeyri-ciddi baxırlar. Əgər belədirsə insanlar ədəbiyyata necə ciddi baxa bilərlər? Bu sahəyə əyləncə məkanı kimi baxırlar. Siz deyə bilərsiniz ki, hardan bilirsiniz bu qeyri-ciddiliyi? Onların yazdığı statuslarda, davranışlarında, hərəkətlərində bir müşahidəçi kimi bunu görürəm. Bütün bunlar məndə ədəbiyyata qarşı nəinki maraq oyadır, əksinə ədəbiyyata qarşı məndə ikrah hissi oyadır...”

Yazıçı Azər Qismət: “Təsadüfi yazıçıların qarşısını almaq çox çətindir. Onlar hər yerdədir. Əvvəl düşünürdüm ki, oxucular ələkdən keçirərlər. Amma sonra gördüm ki, təsadüfi yazıçılar oxucunun zövqünü tamam korlayıblar. İndi oxucular ciddi yazılarla, sabun köpüyü effekti verən əsərləri ayıra bilmirlər. Əksinə, ciddi yazıçılara gülür, onları zəiflərdən nümunə götürməyə səsləyirlər. Bir sözlə, işlər heç də yaxşı deyil. Güman edirdim ki, gələcək nəsillər qiymət verər. Amma gələcək nəsillər də indikilərdən formalaşır.”

Yazıçı, jurnalist Rasim Qaraca: “Ədəbiyyat da həyat kimidir, burda təsadüfi sakinlər yoxdur, daha doğrusu hər kəs təsadüfidir. Yaxşı dəyərlər müqayisədə üzə çıxdığına görə yaxşı ədəbiyyatın da pis ədəbiyyata ehtiyacı var.”

Şair Xanəmir Telmanoğlu:Bu məsələylə bağlı mənim gerçək fikrim bundan ibarətdir ki, ədəbiyyatda təsadüfi dediyiniz adamların qarşısını almaq deyil, onların önünü daha da açmaq, üfüqlərini genişlətmək,onlara hər cür konfort şərait yaratmaq, bütün tribinaları, televiziya ekranlarını məmnuniyyətlə onların ixtiyarına vermək, beynəlxalq konfranslara, şölənlərə onları sevərək göndərmək, qalın qalın kitablarını çap etdirmək lazımdır."

Yazıçı Şərif Ağayar: “Buna ehtiyac yoxdur. Hər kəsin yazmaq, kitab çıxarmaq haqqı var. Sadəcə nüfuzlu nəşriyyatlar, dərgilər, qəzetlər, saytlar, ləyaqətli redaktorlar və tənqidçilər təsnifatı dürüst aparmalıdır. Sağlam mühit olsa, hər daş öz xanəsinə oturar.

Yazıçı Fəxri Uğurlu: “Ədəbiyyatda təsadüfi adamlar həmişə olub, həmişə də olacaq. Onların qarşısını almaq mümkün deyil. Yalnız bir yol var ki, o da istedadlara kömək etməkdir. Başqa yol tanımıram.

Tural Cəfərli/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR