“Madam Bovari”ni yenidən oxuyanda Flober məni yenə çox güldürdü. İllər öncə, kimsəsiz evdə, yanmayan divar peçinin yanındakı qalın matroslu, pıf və içinə, yerində möhkəm qurdalansan, ətrafa səpələnib qarşıdakı aynalarıntünd-göy rəngli şəbəkələri arasından süzülən səhər günəşinin tellərində oynaşacaq tozlar hopmuş köhnə kresloda oturub “Ölü Canlar”ı oxuyarkən də oxşar hisslər yaşamış, ucadan, qəhqəhələrlə gülmüşdüm. “Madam Bovari” də bütün digər dahiyanə əsərlər kimi barəsində uzun-uzun məqalələr, esselər yazılası əsərlərdəndir, fəqət indilik əsərin sadəcə bircə personajı olan Müsyö Omedən - Floberin bənzərsiz istedadı sayəsində meydana çıxan bu son dərəcə maraqlı, incələnəsi, qatları açılası, nüvəsi üzə çıxarılası mükəmməl filisterdən söhbət açmaq istəyirəm; ancaq az sonra.
Mütaliə zamanı tez-tez internetdə Floberin şəkillərini tapır, çöhrəsinə- cəhənglərini örtən ucuburma şələ bığlarına, içində ironikliyin, incikliyin, bezgin dincliyin qarışığı olan mavi, azca dombalan gözlərinə, issız bir minarənin sakit gecənin ay işığında ağaran qübbəsini andıran açıq alnına (xəyalən də alnının arxasındakı beyninə) tamaşa edirdim və təqribən 140 il öncə vəfat etmiş bu gözəl yazıçıya ürəyimdə “sən nə böyük, nə şahanə varlıqsan, a bəy, sənin kimi gülüb-güldürənlər olmasaydı adam necə yaşayar, təsəllini hardan tapar, bu cür bir dünyaya necə tablaşardı? Səninlə dostluq edən Turgenev gör nə qədər bəxtiyarmış! Ancaq yenə də misralarından duyulan gülüşünlə, sevimli-məzəli, nəcib, qüvvətləndirici əsəbinlə, ləyaqətin və iradənlə yaxşı ki varsan, bu da bəs edər ” kimi sevgimi bildirən sözlər söyləyirdim. Fiziki görünüşündən söhbət düşmüşkən deyim ki, sonralar Şərq səyahəti zamanı (bəlkə də sifilisə yoluxması səbəbindən) saçlarının çoxunu itirən Flober gəncliyində xeyli yaraşıqlı imiş. Deyilənə görə, Floberi gəncliyində görmüş bir xanım onu yunan tanrılarına bənzədibmiş. Valideynlərinin yaxın və köhnə dostu olan bir həkim də hansısa söhbət əsnasında anasına “sizin oğlunuz yeniyetmə bir Amurdur” deyibmiş.
Mopassan Floberə həsr etdiyi esselərdə onun barəsində həm də bu düşüncələrini bölüşür: Flober bütün həyatı boyunca öz varlığında yeganə ehtiras və iki sevgi daşımışdı: Ehtirası fransız nəsrinə yönəlmişdi, qəbindəki sevgi və sədaqətin isə yarısı anasına, yarısı kitablarına bağlıydı; Kruassedə, içində yanan lampanın Senadakı balıqçılar üçün işıq siqnalı vəzifəsini yerinə yetirdiyi kabinetində, səhərə qədər oyaq qaldığı zamanlarda, sevdiyi müəlliflərin sitatlarını vəcdlə deklamasiya etməyi çox sevərmiş; burjualardan zəhləsi getdiyi üçün (Flober, burjua kəlməsinin ənənəvi mənasından fərqli olaraq, “burjua” dedikdə “rəzil, alçaq, mənfur düşüncəli bayağı adamlar”ı nəzərdə tuturdu, yəni vurğunu bəlli bir “zehni durum” üzərinə qoyurdu- R.A) əksər müasirləri onu amansız insansevməz hesab edərmişlər; uşaqlıqdan etibarən xarakterindəki iki əsas ştrix oturaq həyata meyli və saflığıymış, naturasındakı anadangəlmə doğruluq, sarsılmaz səmimiyyət və dürüstlük, hisslərindəki, qəlbinin fəaliyyətindəki alicənablıq da məhz bu sürəkli saflıqdan doğurmuş; sanki bu dünyanın içində deyil, kənarında yaşayırmış; işinə o qədər məsuliyyət və sayğıyla yanaşırmış ki, yazmaq prosesi ona əzablı əndişələrlə dolu təhlükəli və zəhmətli iş kimi gəlirmiş və hər şeydən çox səcdə etdiyi ədəbiyyatla məşğul olmaqdan ötrü stol arxasına oturanda, şiddətli şövq və qorxu hissi eyni anda varlığını qaplayırmış; ədəbiyyatdan başqa nədənsə danışması ehtimalı çox aşağıymış, zehni aramsız olaraq ədəbiyyata dair suallara qayıdıb onlarla uğraşırmış, o dərəcədə ki, insanların adətən maraq duyduğu digər şeyləri bihudə və lazımsız hesab edərmiş; bəşəri səfehlik ucbatından ömrü boyunca son dərəcədə əzab çəkibmiş, onu özünün şəxsi düşməni sayırmış və bütün axşam ərzində bayağı-rəngsiz söhbətlərin cərəyan etdiyi hansısa salondan qayıdanda özünü taqətsiz, dilxor, sanki şil-küt edilmiş, özünün dediyi kəlməylə ifadə etsək, idiot kimi hiss edirmiş; bilgisi bolmuş, tarixə istənilən professordan daha yaxşı aşinaymış və əsərlərini təkmil şəkildə ərsəyə gətirmək üçün yalnızca mütəxəssislərin başa düşəcəyi elmləri belə öyrənirmiş; ölmüş şəhərlərin və itmiş xalqların genealogiyasını, adət-ənənələrini, dəyərlərini, geyimlərini, yeməklərini kitab üzərində qozbelləşmiş alimlərdən daha yaxşı bilirmiş; Talmudu əsl ravvin kimi, İncili bir keşiş kimi, Bibliyanı bir protestant kimi, Quranısa bir dərviş kimi təfsir edərmiş; müxtəlif xalqların heç kimin tanımadığı dahi yazıçılarından, şərhçilərindən və biblioqraflarından, bidət məzmunlu kitablarla yan-yana müqəddəs kitablardan da, övliyaların, kilsə atalarının həyatlarından bəhs edən kitablarla yan-yana utancaq adamların adlarını sadalayarkən xəcalət çəkdikləri müəlliflərin yazılarından da xəbərdarmış; əsərlərini oxucuların mütaliəsinə buraxmağı kifayət sayır və şəxsi populyarlıqdan qaçırmış;qəzetlərin çığırğan səs-küyünə, reklamlara və onun fotoşəklini də, heç bir fərq qoymadan, hansısa tanınmış cinayətkarın, xarici şahzadənin yaxud hansısa məşhur fahişənin fotosuyla yan-yana qoyacaq sərgilərə nifrət edirmiş; onu çox sevən az sayda yazar-dostları varmış, biri onun bir neçə əsərini ruscaya çevirən Turgenev imiş və bir-biriylə ürək dostları olan bu iki yazıçı birlikdə gəzintiyə çıxanda yan-yana gəzişən iki pəhləvana bənzəyirmişlər...
Mopassanın vurğuladığı son təsvirin yaratdığı mənzərə xüsusən qəşəngdir, deyilmi?
Deməli, əsərlərindən birini yazarkən Floberə hansısa botaniki məlumat lazım olub. Fransadakı tanınmış botaniklərə bu məsələylə bağlı müraciət edilsə də heç biri cavab verməyib. Mopassan özü də Floberə kömək etmək üçün çox sayda alimə baş çəkib və nəhayət ki, Botanika bağının professoru aranan bilgini ona yetirəndə, Floberin yaşadığı sevincək həzz sadəcə ifadəolunmaz olub. Gör internetin olmadığı həmin dövrlərdə əsərini kamilləşdirməkdən ötrü hansı çətinliklərə qatlaşırmış Flober. Nə deyəsən? Ulu yazıçı!
Flober əsərləri barədə deyilən qeydsiz-şərtsiz müsbət və qeydsiz-şərtsiz mənfi rəylərə əslində eyni dərəcədə iztehzayla yanaşırmış və ümumiyyətlə insanların mühakimələrinə ikrah duyurmuş. Hələ yaşı heç otuza çatmamış gənc Flober anasına yazdığı məktubda belə deyibmiş: “Mən artıq alışdığım kimi yaşamağa çəkilməliyəm: Təkbaşıma; yalnızca böyük adamların (yəni, onların kitablarının-R.A) və bir ayının- otağımdakı ayı kürkünün yaxın dostluğuyla tək-tənha olaraq yaşamalıyam...Dünya, gələcək, insanların deyəcəyi sözlər, ənənəvi nizamlı həyat, hətta keçmişdə xəyallarını quraraq neçə-neçə gecəmi yuxusuz keçirdiyim ədəbi şöhrət belə artıq vecimə deyil. Bax mən belə biriyəm; şəxsiyyətim, xarakterim də belədir.” (Bu sözlər, Şopenhauerin də təqribən eyni yaşlarda özü haqqında yazdığı sözləri yadıma salır- Nitsşenin təbirincə desək, ayısayağı-qaba, lakin səmimi sözləri: “Otuz yaşıma qədər əslində mənim tayım olmayan məxluqlarla mənə taymışlar kimi davranmaqdan bezdim-usandım. Bir pişik gənc olanda kağız toplarla oynayır, çünki onları canlı və özünə bənzər məxluqlar kimi görür. İnsan adlanan ikiayaqlı heyvanlar da mənim üçün eyni şeyi ifadə edir.”) Mopassana görə, bu yanaşmasının lap şiddətlənməsinə səbəb aşağıdakı hadisə olub: Beş illik ağır zəhmətdən sonra “Madam Bovari”ni meydana çıxaran Flober bu əsərini dostu Maksim dü Kana göndərir. Maksim dü Kan da oxuyub “Paris icmalı”nın redaktoru olan şəxsə göndərəcəkmiş. Əsəri bəyənməyiblər,məktub yazaraq onu ixtisar etməyi, yəni şikəst etməyi təklif ediblər. Görünür, Flober bu məsləhətdən haqlı olaraq dəhşətə düşüb ki, məktubun arxasına iri hərflərlə bircə kəlmə yazıb: “Dəhşətəngiz!”.
Doğrudan da əcaibdir. Təsəvvür edin, bir əsər üzərində beş il olmazın əziyyət çəkirsən; içinə tərcümə variantından belə hiss olunacaq qədər zərafət, bunca bənzərsiz incəliklər, yalnızca son dərəcə kəskin və dürüst bir zəkanın ifadə edə biləcəyi detallar, adamı heyrətə salan həyati bilgi, mənzərə salırsan və nəticəni ən çox inandığın, digər insanlardan daha ağıllı və dərin hesab etdiyin bir kəsə göndərirsən, lakin əvəzində dəhşətəngiz və dözülməz bir qanmazlıqla üzləşirsən. Flober kimi həssas sinirlərə malik insanın məhz sözügedən hadisədən sonra onun barəsində deyilənlərə qarşı bu qədər laqeydləşməsi inandırıcıdır. Mopassan çox mümkün ki, haqlıdır. (Floberin, yaradıcılığıyla bağlı rəylərə etinasız qalmasının başqa bir səbəbini də özüm xəyalən təsəvvür edirəm. O zənnimi bölüşüm: Yazılana görə, Flober qəzəbləndiyi anlarda, onun müasirləri olan yazıçıların mətnlərindəki səhvlərdən, stil naqisliklərindən, cəfəngiyyatlardan, yalançı alimlərin aldanışlarından, diqqətsiz oxucuların gözdən qaçırdırdıqları boş və mənasız söhbətlərdən hiddətlə bəhs edərmiş. Əgər bu yazıçı, aralarında yaşamağa məhkum olduğu o müasirlərinin əsərlərində, onların özlərinin belə fərqində olmadıqları bu qədər məntiq xətası və üslub pozğunluğu görürdüsə, onların rəylərinə necə əhəmiyyət verə bilərdi? Özlərində bu qədər səhv daşıyan yazıçılar onun əsərlərini hansı dürüstlüklə, hansı ədalətlə, hansı ölçüylə qiymətləndirə bilərdilər? Bu yazıçı dürüst idisə, özünü aldatmaqdan uzaq idisə, şübhəsiz ki, həmin rəylərə qarşı, ən azından ürəyində, laqeyd qalacaqdı. Flober isə amansızcasına dürüst və sünilikdən uzaq yazıçıdır və Nitsşe demişkən, dürüst yazarların sayı o qədər azdır ki, yazı yazan bütün insanlara əslində şübhəylə yanaşmaq lazımdır).
Lakin böyük sənətkar, məncə, rahat uyuya bilər,çünki vəfatından təqribən 140 il sonra, bəlkə də sağlığında ağlına-xəyalına belə gəlməyəcək uzaq bir diyarda və çağda onun yaradıcılığına valehlik duyan, onu dərindən duyub, anladığını düşünən ən azından bircə nəfər cavan ədəbiyyatsevər var (şübhəsiz, başqaları da var. Onları burdan ürəkdən salamlayıram!). Bir sənətkar üçün, o artıq çoxdan həyatdan köçsə də (bir az kədərli haldı), ən müxtəlif dövrlərdə özünə mənəvi-xəyali yandaşlar, yoldaşlar, sirdaşlar, qardaşlar tapmaqdan daha xoşbəxt nəsə ola bilərmi?
Flober, saçma və dayaz bir mövzu olan “sənətdə məzmun önəmlidir yoxsa forma?” məsələsinə də zərbə vurub bu qondarma qütbləşməni dağıdan ustadanə yaradıcılardan biridir. O, yaradıcılığıyla sübut edir ki, ən dəyərli əsərlər özündə dərin məzmunu və diqqətlə işlənmiş qəşəng stili harmonik şəkildə birləşdirən əsərlərdir. Flober, məsələn, “Madam Bovari”də“müəllif Tanrı kimi olmalıdır, eyni zamanda hər yerdə və heç yerdə” prinsipini əsas tutaraq hadisələr boyunca müəllifin birbaşa iştirakını minimum dərəcəyə salsa da, təsvirlərin arxasındakı, əsəbi və əzabkeş (!) mənəviyyatdan yoğrulan o masqaraçı, istehzaçı səs açıq-aşkar hiss olunur. Mənə elə gəlir heç kim “Madam Bovari”nin dayaz məzmunlu əsər olduğunu söyləməz. Əgər söyləyən varsa, demək,ədəbi duyum baxımından qeyri-həssas oxucudur. Aydın məsələdir ki, “Madam Bovari” “ilahi, ilahi, bu nə dəhşətdir?!” deyibən gicgahlarını tutan itigözlü bir yaradıcının illərlə yığılıb qalan əzabının və qəzəbinin bəhrəsidir. Flober, sanki “içimdə bütün bu hoqqalarla bağlı heç nə qalmasın, hamısını ifadə edim” həvəsi və iddiasıyla ürəyini boşaldıb ki, heç olmasa bir azca rahatlaya bilsin. Flober ona görə yazıb ki, yazmaya bilməyib. Onu yazmağa təhrik edən, vadar edən heç bir praktik məqsəd güdməyən mənəvi qamçılanma olub. Bu, aydın hiss olunur. Fəqət o, bu əsərin yazılmasına beş illik ağır əmək həsr edərək dərin məzmunla, qıraqdan sadə görünsə də, əslində son dərəcə mürəkkəb olan məftunedici stili ahəngdarcasına birləşdirib və nəticədə, hətta tərcümələrdə belə pardaqlanmış, parlaq və sürüşkən xrustalı xatırladan nəsr ortaya çıxarıb. “Madam Bovari” də daxil olmaqla, indiyə qədər oxuduğum ən dərin fəlsəfi və bədii əsərlərdə forma və məzmun heyranedici tərzdə bir-birini tamamlayırdı. Gözəl sənətkarın yaradıcılığında bu iki cəhət doyulmaz, vazkeçilməz, heç bir intellektual məhsulla müqayisə olunmayacaq dərəcədə bir-birinə hörülür. Digər şahanə yazıçı və Flober heyranı olan Nabokov bir mühazirəsində onun haqqında belə yazır: “Yalnızca Flober səviyyəsində sənət qüvvəsi olan bir sənətkar fırıldaqçılar, filisterlər, ortabablar, insan görünüşlü heyvanlar və yolunu azmış xanımlarla dolu olaraq təsəvvür etdiyi çirkin bir dünyanı götürüb ən yüksək keyfiyyətli poetik əsərə çevirməyin öhdəsindən gələ bilər...”. (Məsələn, rəssam Mixay Munkaçinin “Ecco Homo” adlı rəsm əsərindəki məzmun, mövzu da xoşagəlməzdir: orada günahsız və təmiz bir insanı qorxunc kütlə və qaba qüvvət ölümə məhkum edir, ancaq bu hadisənin sənətkarcasına təsviri məhz bu tükürpərdici həyat təzahürünü sənət səviyyəsinə yüksəldir. Və beləliklə o rəsmi seyr edən diqqətli və estetizmə qabil olan tamaşaçı məzmundan ziyadə sənətkar istedadından xəbər verən təfərrüatlara, təsvirlərin çeşidinə, necəliyinə dalır və detallardan saatlarca ləzzət alır. Bədii ədəbiyyatda sadəcə və bəsitcəsinə məzmun, mövzu axtaran və “indi bundan nə məna çıxdı ki?” deyə gözünü döyən, estetik duyğudan məhrum olan oxucular isə yaxşı olar ki, estet yazıçılara yaxın düşməsinlər və qəzetlərin, jurnalların “ortaya böyük suallar qoyan” “çox maraqlı və məzmunlu” mövzularıyla baş girələsinlər.)
Flober hətta bir yerdə lap irəli gedərək, “Forma- bu, elə əsərin özüdür, stildən başqa nəsə önəmli deyil” deyə bəyan edir (ümumiyyətlə səliqəsiz yazıçıları oxumaq əksərən vaxt itkisidir və səliqəsiz yazar əslində nə özünə, nə də oxucusuna hörmət etmir). Nabokov mühazirəsinin başqa yerində deyir ki, Flober olmasaydı Fransada Marsel Prust, İrlandiyada Ceyms Coys da olmazdı, Çexov isə yekparə halda yetişməzdi, yarımçıq qalardı. Haqqında bu qədər çox danışılan “yazıçı-sənətkar əxlaqı” dedikdə, bəlkə də ilk növbədə yazarın, sənətkarın öz sənətinə göstərdiyi bu cür münasibəti, ciddiyyəti başa düşmək lazımdı. Əlbəttə, belə ciddiyyət və psixi genişlik sərgiləmək üçün insan həqiqətən daxilən azad olmalıdır. Əks halda, bu istək alınmaz, aydın məsələdir. Fəqət hər insan, təbiət onu hansı işə uyğun yaradıbsa həmin işlə Floberin öz işinə göstərdiyi münasibəti göstərərək məşğul olsa, o zaman bir ictimai fəaliyyət kimi “sənətkar, yazıçı, ziyalı mövqeyi”nə də day gərək qalmaz. Yox, əgər əksər sferalarda cövlan edənlər nə mənəvi, nə zehni baxımdan o sferaya uyğun olmayanlardısa, onda “sənətkar, yazıçı, ziyalı mövqeyi”nin də heç nəyə xeyri olası deyil. Bir qədimi mütəfəkkir demişkən, hər kəs işinə gərək öz qapısının kandarını süpürməklə başlasın. Hərçənd heç buna da ümid yoxdur.
Nə isə, gəlin, “həşəmətli” Müsyö Omeyə tamaşa edərək bir az gülək. Flober bizimçün tayı-bərabəri olmayan bu həzzi yaradıbsa, niyə ondan yararlanmayaq ki? Həyatda sənətdən, fəlsəfədən alınan zövqdən başqa insana nə qalır?
Müsyö Ome İonvil qəsəbəsinin aptekçisidir. Aptekinin genişliyi boyunca uzanan lövhədə qızılı hərflərlə “Ome, aptekçi” yazılıb. Evlidir, dörd uşağı var. Nabokov onu xarakterizə edərkən cəhətlərini aşağıdakı kimi sıralayır:
1.Onun elmi bilgiləri broşüralardan, ümumi kültürü isə qəzetlərdən əxz olunub; ədəbiyyat zövqü, xüsusən də sitat gətirdiyi yazıçıları yan-yana gətirsək, dəhşətlidir. Bir yerdə, “Bu yaxınlarda bir qəzetdə oxuduğum kimi: That is the question“ deyə qeyd bildirəndə, cahilliyi ucbatından, Ruanlı qəzetçidən deyil, əslində Şekspirdən sitat gətirdiyini bilmir; hərçənd qəzetdəki həmin siyasi məqalənin müəllifinin də öz növbəsində kimdən sitat gətirdiyini bilib-bilməməsi şübhəli məsələdir.
2. Təcrübi həkimliklə qeyri-qanuni olaraq məşğul olmağa qalxışdığı üçün az qala həbsə atılacağını zaman-zaman xatırladıqda hələ də vahiməli qorxu duyur.
3. Xainin, qanmazın, murdarın, yaltağın biridir və maddi maraqlarına yaxud orden almağa görə öz ləyaqətini asanlıqla ayaqlar altına atır.
4. Ağciyərdir və cəsarətli tiradalarına baxmayaraq qandan, ölümdən, cəsədlərdən qorxur.
5. İnsafsızdır və içində zəhərli qisasçılıq daşıyır.
6. Təşəxxüslü eşşək, lovğa fırıldaqçı, müdhiş bir filisterdir və əksər filisterlər kimi cəmiyyətin əsas sütunlarından biridir.
Sonuncu- 7-ci bəndi sonraya saxlayıram və 6-cı bənddə qeyd edilən cümlənin ikinci hissəsinə qısamüddətlik diqqət çəkmək istəyirəm. Nabokovla birgə təkrarlayaq: və əksər filisterlər kimi cəmiyyətin əsas sütunlarından biridir. Mükəmməl təsbitdir.Üstəlik bu fikri, ömrü boyunca müəyyən müddətlərlə 20-ci əsrin (zirvə ədəbi əsərlərin və zirvə ixtiraların meydana çıxdığı 20-ci əsrin) Rusiya, Almaniya, İngiltərə, Fransa, Amerika və İsveçrə cəmiyyətlərində yaşamış dürüst bir şəxsin dediyini də unutmayaq. Nə demək istəyirəm? Demək istəyirəm ki, köklü-köməcli bayağılar, filisterlər, şarlatanlar hər cəmiyyətdə var. Bəli, ola bilər nə zamansa yer üzündə gerçək qəhrəmanlıqlar, müqəddəsliklər, ruhani paklıqlar həqiqətən də mövcudmuş. Buna inanıram, bu cəhətlərin indi də var ola biləcəyinə inanıram. Fəqət anlamaq lazımdır ki, bayağılıqlar, riyakarlıqlar, mənəvi deqradasiyaya meyil ümumiyyətlə Homo Sapiensin (yaxud ona qohum olan digər növün) naturasına xas olan qüsurlardır; bu cəhətlərin sırf bircə xalqla əlaqəsi yoxdur, onlara bütün millətlərdə, təbəqələrdə, təşkilatlarda, qruplarda rastlamaq olar. Buna görə də ancaq bircə xalqı qarşına qoyub alçaltmaq, təkcə ona hücum etmək, söymək, yamanlamaq doğru deyil, xətalı, yanlış mövqedir; bu cür tövr başqalarının ağlını, düşüncə tərzini, zehni istiqamətlərini da qarışdırır, dumanlandırır, çaşdırır. Mədəniyyətdən nəsibini almamış “mədənilik” yalnızca hansısa Qafqaz xalqına mənsub olsaydı, məgər gördüyü sünilikdən, kütlükdən, bayağılıqdan, maddiyyat hərisliyindən dəhşətə düşən hansısa əski bir alman “philister” kəlməsini istifadə edərdimi? Yaxud elə ancaq hansısa Qafqaz xalqı düşük xalqdısa, bəs onda Flober “Madam Bovari”də təsvir etdiklərinin materialını hardan götürmüşdü? Marsdanmı götürmüşdü? Yoxsa gəlib şərq xalqlarındanmı götürmüşdü? Əlbəttə, yox. Elə öz ətrafındakı mühitdən götürmüşdü. Planetimizin şərq tərəfində yerləşən hansısa ucqar bir kəndində nəcib, saf, aydın bir asket görə bilərsiniz, ancaq planetin qərb tərəfində yerləşən yüksək dərəcəli universitetində elə bir yalançı, nanəcib, qəddar professorla qarşılaşarsınız ki, onun bilgisindən belə ikrah duyarsınız. Yerüzünün qərbində də, şərqində də önəmli olan fərddir, onun individual davranışları, seçimləri, hərəkətləri, istəkləri, düşüncələridir. Bu fikrimi örnəklə möhkəmlətmək üçün Nabokovun əsəblə qeyd etdiyi bir tapıntısından danışım: Deməli, Nabokov “Madam Bovari”ni ingiliscəyə çevirən hansısa tərcüməçinin kobud bir səhvini tapıb. Həmin tərcüməçi, əsərin sonuna yaxın təsvir olunan yasəmənlər ətrafında vızıldayan “parlaq yaşıl böcəklər”i ingiliscəyə “bal arıları” kimi çevirib. Sizcə, o qərbli tərcüməçi bu yanlışı insani zəiflikdənmi edib? Məncə, yox, çünki böcəklə bal arısı arasındakı fərq kifayət qədər böyükdür. Əgər insani zəiflikdən doğan qeyri-ixtiyari səhv olsaydı, bunu bəlkə də bağışlamaq olardı; öz həvəskar tərcümələrimdə də sonrakı yoxlanışlarım zamanı tapıb çıxardığım müəyyən nöqsanlarım olur (ancaq Nabokov o tərcüməçinin qeyri-ixtiyarən baş verən bu səhvini də yəqin bağışlamazdı. Haqqı da var. Çünki intellekti həqiqətən sözün yaxşı mənasında qorxuncdur). Böyük ehtimal ki, qərbli tərcüməçi o hissədən tezbazar can qurtarmaq, o böcək növünün tərcüməsini axtarmaq zəhmətinə qatlaşmamaq üçün kəlməni “bal arısı” kimi çevirərək önünə çıxan qəliz problemin üstündən atlanıb. Təkrar edək: bu yanlışı əsəri ingiliscəyə çevirən hansısa qərbli tərcüməçi edib. Bu məlumatı oxuyandan sonra əsərin məndə olan türkcə və rusca variantlarına baxdım. Türk tərcüməçi Sabri Esat Siyavuşgil sözügedən kəlməni “qunduzböcəkləri” kimi çevirib. Dəpdəqiq tərcümə sayılmasa da, yanlış da sayılmaz. Hər halda yenə də böcək növündən söhbət gedir. Əgər kimdəsə “Madam Bovari”nin Türkiyə türkcəsinə başqa tərcüməçi tərəfindən çevrilən variantı varsa, onu da yoxlaya bilər. Rus tərcüməçi isə “шпанские мухи” kimi çevirib. Bu da yanlış sayılmaz, çünki bu növ də parlaq yaşıl böcəklərə bənzər böcək növüdür. Bax, görürsüzmü? Qarşımızda faktiki olaraq üç fərd var- biri Qərbdə yaşayan qərbli, digəri Türkiyədə yaşayan türk, o biri Rusiyada yaşayan rus. Qərbli olmayan (!) iki şəxs bu məqamda məsuliyyətlə fəaliyyət göstərib, ilk növbədə özlərinə, sonra müəllifə və oxuculara münasibətdə çalışdıqları qədər hörmətlə davranıblar. Amma qərbli fərd isə məsləki vicdansızlığa yol verib. “Bir kəsin şərqli-qərbli olduğu fərq etməz,önəmli olan onun şəxsi keyfiyyətləridir” deyəndə əsasən bu kimi məqamları nəzərdə tuturam. Şəxsən mənimçün birmənalı olaraq belədir. Və effektiv təşkilati fəaliyyət də, yalnızca məsuliyyətli, ləyaqətli və işinə hörmətlə yanaşan fərdlər bir yerə toplaşanda mümkün ola bilər, başqa cür deyil, istər Şərqdə, istər Qərbdə (Bu cür qütbləşdirmə də əslində zəhlətökəndir. Sadəcə adam məcbur qalıb- güya dünyanın sözügedən bölgələri bir-birindən kəskincəsinə fərqliymişlər kimi- bu iki qaba kəlməylə Avrasiyanın yarısından kobud bir xətt çəkir).
Həm də bir bölgədə yaşayanlar əgər toxluqdan mədəni görünürlərsə, bu hələ onların gerçəkdən mədəni olduqları anlamına gəlmir. Bir cəmiyyətin mədəniyyətini ölçmək istəyən adam gərək onu həm də aclıq zamanı müşahidə etsin, necə deyərlər, mümkündürsə məsələnin dibinə qədər getsin. Həqiqi kültürü (burada “kültür” deyərkən mənəvi mədəniyyəti, yəni bilgi axtarışını, fəlsəfəni, ədəbiyyatı, incəsənəti nəzərdə tuturam) hər yerdə həqiqi fərdlər yaradıb qoruyurlar. (Bir müşahidəmi də bölüşüm: mənəvi kültürdən payını almış insanın ,istər həyatı ağır keçsin, istər toxluq içində yaşasın, etik nüvəsi hər zaman eyni qalır). Və əsasən nümayəndəsi olduğu bir qərb cəmiyyətini (!) müşahidə edərək qənaət hasil edən qərbli (!) filosof demişkən, filisterlər kütləsi də sonralar bu kültürü özlərinin bayağı məqsədlərinə çatmaq üçün vasitəyə çevirərək onu saxtalaşdırır, dəyərdən salıb korlayırlar. Necə ki bunu “Madam Bovari”nin içindəki dünya parçasının (yəni Floberin zehnində yenidən qurulan dünya parçasının) filisteri olan Müsyö Ome edir. İndi, nəhayət ki onun davranışlarını yenidən xatırlayıb, etdiyi söhbətlərin içindən fikirlərini seçib incələməyə çalışacağam (Müsyö Omenin iştirak etdiyi bütün səhnələrlə hərtərəfli, xırdalıqlarına qədər tanış olmaq istəyən oxucu isə, gərək “Madam Bovari”ni ikinci hissədən etibarən sona qədər özü oxusun).
Müsyö Omeylə əsərin ikinci hissəsinin birinci bölümündə tanış oluruq: yeməkxanada oturub qızınır. Üzündən özünəvurğunluq yağır, təmkinli və qayğısız görünür. Başında da (yəqin ki, çox modern bir) qızılı qotazlı şapka var. Aşxanaçı qadın, müştərilərin bilyard stolunun çexolunu cırıb dağıdacaqlarından şikayətlənəndə aptekçi ona məsləhət verir ki, yenisini alsın. Qadın (yəqin, buna çox pul xərclənəcəyindən) əsəbləşib hiddətlənəndə Müsyö Ome ona, indi hər şeyin dəyişdiyini, oyunçuların indi bilyard ciblərinin dar, kiylərin ağır olmasını istədiklərini və zamanla ayaqlaşmağın gərəkli olduğunu söyləyir. Aptekçimiz özünü, necə deyərlər, çox proqressivist insan sanır (unutmayın).
Aşxanaçı xanım Müsyö Binetdən şikayətlənəndə və gənc katibi-Leonu tərifləyəndə isə Müsyö Ome onun sözünə qüvvət verərək deyir ki, bəyəm tərbiyəli insanla keçmişdə jandarmlıq etmiş vergi inspektoru eyni ola bilərmi?
Müsyö Ome özünü tərbiyəyə qiymət tərbiyəli adam hesab edir (yadda saxlayın).
Müsyo Binet yeməkxanaya gəlib, səssiz-səmirsiz otağa keçib qapını bağlayanda Müsyö Ome onun qeybətini etməyə başlayır: Müsyö Binetin, insanı xoşsöhbət məclis adamı edən bütün cəhətlərdən- hazırcavablıqdan, canlı xəyal gücündən məhrum darıxdırıcı biri olduğunu söyləyir. Gördüyümüz kimi, Müsyö Ome özünü həm də insan sərrafı sayır.
Axşam şəfəqinin son şüaları aşxananın içinə yayılanda içəriyə qara paltarlı bir adam- qəsəbənin keşişi girir. Xanım ona nəzakətlə içki təklif edir, keşiş isə nəzakətlə rədd edir. Başqa məsələyə görə gəldiyini bildirir və sözünü deyib gedir. Və onun ayaq səsləri meydandan uzaqlaşıb eşidilməz olanda Müsyö Ome indi də bu keşişin dalınca danışmağa başlayır: təklif edilən bir qədəh içkini rədd etməyin ikiüzlülük olduğunu və bütün keşişlərin əslində gizli-gizli kef çəkdiklərini deyir. Qadın, keşişin güc-qüvvəsindən danışandasa Müsyö Ome istehzaya keçir: ” Əla, onda siz də qızlarınızı günah çıxartdırmağa bu cür temperamentli pəhləvanların yanına göndərin!”. Sonra ciddiləşir və qəzəblə təklif irəli sürür: “Hökümət gərək ictimai nizam-intizam və əxlaq xatirinə bu keşişlərdən hər ay bol-bol qan alsın!”.
Qadın onu (yəqin, yarızarafatcasına) kafir adlandıranda isə Müsyö Ome, əksinə, allaha, 89-cu il inqilabının ölməz prinsiplərinə inandığını, lakin onun allahının Sokratın, Franklinin, Volterin, Beranjenin allahı olduğunu hərarətlə vurğulayır və keşişlərin təbliğ etdiyi dinin fizikanın qanunlarıyla ziddiyyət təşkil edən cəfəngiyyat olduğunu və onların xalqı da özləriylə birgə bilgisizliyə sürükləyib çürütdüklərini bildirir. Görürsüz də, Müsyö Ome özünü ciddi şəkildə aydınlanma, dünyəvilik tərəfdarı və cəmiyyətin qeydinə qalan ziyalı rolunda da görür (yaddan çıxarmayın).
Madam Bovari və həkimlik edən əri Şarl Bovari qəsəbəyə gələndə öncə aşxanaya düşürlər. Müsyö Ome əlbəttə ki, cəmiyyətin bir başbiləni kimi onları qarşılayır və az sonra qəsəbənin ümumi vəziyyəti haqqında uzun bir “elmi” dastan açır. Qəsəbənin iqlimindən, sakinlərin tutulduğu xəstəliklərdən, azotdan, oksigendən, hidrogendən, temperaturdan, hansısa küləklərdən və bir çox terminlərdən ibarət qarmaqarışıq, anlaşılmaz bir nitq söyləyir (Həkim Şarlın da ona gülümsəyə-gülümsəyə qulaq asdığını təsəvvür edirəm).
Fəqət Müsyö Ome özünü həm də dərin elmi bilgiləriylə seçilən alim adam hesab etsə də, Nabokov özünün incə zəkasıyla, Müsyö Omenin şövqlə dilə gətirdiyi bu “elmi mühazirə”sində də biabırçı bir səhv tapıb. Ome iqlimdən danışarkən termometrində apardığı müşahidələrə əsasən Reomyur şkalasından Farenheyt şkalasına keçid edir və Nabokova görə, məhz bu yerdə qaba səhvə yol verir. Omenin həmin cümləsi belədir: “Bu Reomyurda maksimum 24 dərəcə, Farenheytdə, yəni ingilis ölçüsündə isə 54 dərəcə edir, bundan artıq deyil!”. Nabokov söyləyir ki, onun termometri əslində farenheyt üzrə 86 dərəcəni göstərməlidi, 54 dərəcəni deyil. Ome bir sistemdən digərinə keçərkən 32 əlavə etməyi unudur. Çünki xalis əzbərçi filisterdir və Nabokovun dediyi kimi elmi bilgiləri broşüralardan, ümumi kültürüsə qəzetlərdən əxz olunub. (İstəsək, bu epizoddan özümüzçün çox dəyərli mənəvi dərs çıxara bilərik. İntellektual fəaliyyətlə məşğul olanların gerçək Müsyö Omeyə çevrilmək ehtimalı hər zaman çox yüksək olur. Buna görə də, adam gərək söylədiklərinə, yazdıqlarına maksimum diqqətlə yanaşsın, keçmişdə yol verdiyi səhvlərin fərqinə varsın və onları hər zaman nəzərdə saxlayıb ortadan qaldırmağa çalışsın. Əks halda, Müsyö Ome kimi gülüş obyektinə çevrilməsi qaçılmazdır).
İndi siz diqqət edin: yaddan çıxarmamısızsa, bu adam yuxarıda din adamlarının, keşişlərin bilgisizliyindən, xalqı çürütdüyündən danışırdı, lakin özünün bilgisizlik içində çürüdüyünün fərqində deyil. Fərqində olsa da belə, gör nə dərəcədə hiyləgərdir ki, bunu açıb-ağartmır (Müsyö Ome kimi orqanizmin səhvini boynuna alıb etiraf etməsi qətiyyən mümkün deyil; bir azdan bunu açıq-aşkar görəcəyik) və ünsiyyətdə olduğu insanları axmaq yerinə qoymaqda davam edir. Görürsüzmü necə həyasız insandır? Hələ siz onun allaha inamdan danışarkən yan-yana düzdüyü insanların adlarına baxın: “...Sokratin, Franklinin, Volterin, Beranjenin allahı...”. Məsələn, Sokratın və Franklinin taleyindən və yaradıcılıqlarından az-çox xəbəri olan adam bilər ki, bu ikisinin zehnindəki hansısa “Allah, Tanrı, Yaradıcı güc” təsəvvürü tamamiylə eyni ola bilməzdi. Ancaq Ome onları, güya ikisi də eyni allaha inanıbmışlar kimi yan-yana gətirir və onların allahından danışır. Çünki başdan-ayağa klişe bataqlığıdır və heç nə barədə müstəqil zehni araşdırmadan doğan şəxsi fikri yoxdur.
Kitabxanaya abunə olmaq istəyən Madam Bovariyə son dərəcə mədəni insanın nəzakətiylə öz kitabxanasından kitablar təklif edəndə bəzi müəlliflərin adlarını sadalayarkən də eyni cəhətinə yenidən şahid oluruq. Ən yaxşı müəlliflər adlandırdığı yazıçılardan danışır və Volterin, Russonun, Delillenin, Valter Skotun və başqalarının adını çəkir. Ardınca l'echo des feuilletons-u Valter Skotun yanına soxuşdurur (Flober bütün bu mənbələr arasındakı ciddi fərqləri, bu müəlliflərin hansının ortabab, hansının üçüncüdərəcəli, hansının birincidərəcəli olduğunu öz aləmində yaxşı bilirdi və onları Omenin axmaq ağzında məhz bu formada qəsdən yan-yana gətirir ki, personajının bütün intellektual vicdansızlığını və mənəvi bayağılığını üzə çıxara bilsin). Və bu söhbətinin sonunda Ome lap “gül vurur”: Madam Bovariyə həm də Byuşidə, Forjedə, Nevşateldə, İonvildə baş verənlər barədə məqalələr yazdığı və müxbiri olmaqdan qürur duyduğu “Ruan Məşəli” qəzetini oxumağı da təklif edir. Deməli, bu adam həm də müxbirlik edir, cəmiyyətin aktiv bir nümayəndəsidir (bunu da unutmayaq).
(Ardı var)