9 noyabr – hər il bu tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.
Bayraq təkcə müəyyən rənglərdən, simvollardan ibarət atribut deyil. Bayraq bir xalqın tarixi yaddaşı, etnik mənsubluğu, varoluşu və onu dünyaya tanıdan, xatırladan ən önəmli xəzinəsi, onun hürriyətidir.
Ölkəmizin, xalqımızın duz-çörək, vicdan, hürriyət qədər əhəmiyyət verdiyi Azərbaycan bayrağı hər zaman zirvələrdə olmağı, çiyinlərdə daşınmağı, ən gözəl, ən əhəmiyyətli yerlərdə dalğalanmağı sevir.
Qərib bir yerdə, dilinin işlənmədiyi, gözünün öyrəşmədiyi, doğma çörəyin qoxusunu belə hiss etmədiyin bir yerdə bayrağını görsən, sanki doğma insanını, vətəndaşını görmüş kimi onu bağrına basar, ona qürurla, sevinc dolu gözlərlə baxarsan – yəqin ki, bu hisslər içində xalq, yurd sevgisi olan hər kəsə tanışdır.
O səbəbdəndir ki, bayraq çörək ətri, dağ havası fərahlığı, yağışdan sonrakı sərinlik kimi doğmadır ürəyimizə.
O səbəbdəndir ki, Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Hətta Cinayət Məcəlləsinin 324-cü maddəsində Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Öz doğmana zərər vermək qədər günahdır bayrağın müqəddəsliyinə toxunmaq.
Düz 100 ildir ki, biz bu müqəddəsliyin işığı ilə sabahımızı açır, uşaqlarımız böyüdür, pəncərəmizi dünyaya açır və varlığımızı qoruyuruq.
BAYRAMIMIZ, BAYRAĞIMIZ MÜBARƏK, AZƏRBAYCAN!

Zümrüd