Bakı, 27 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 27-də Avropa İttifaqı (Aİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Seminarda Milli Məclisin deputatları, beynəlxalq ekspertlər, eləcə də ali məktəblərin, nazirlik və komitələrin nümayəndələri, alimlər və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Aİ-nin TAİEX proqramı çərçivəsində reallaşan seminarın məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.
Seminarın açılışında institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva çıxış edərək Azərbaycanda GMO məhsullarının idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi məsələlərinə toxunub. Eyni zamanda bu məsələ ilə bağlı son dövrlərdə Milli Məclisdə Cinayət və İnzibati Xətalar Məcəllələrinə yeni maddələrin əlavə olunmasının ciddi müzakirəsi aparıldığını bildirib.
İki gün davam edəcək beynəlxalq tədbirdə Azərbaycanda GMO məhsullarının bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.