“Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb”

“Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb”.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. AQTA sədri bildirib ki, ötən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib. Bu da bir daha onu göstərir ki, artıq bu sahədə çox ciddi irəliləyişlər var. Öz fəaliyyətləri ərzində məhsul ixrac edən ixracatçılardan kimin məhsullarının tərkibində keyfiyyət və təhlükəsizlik göstəriciləri beynəlxalq standartlara uyğun olubsa, həmin ixracatçıların hamısı ixrac mexanizminə tətbiq olunacaq. Onların məhsulları artıq daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da təbii ki, iş adamlarımızın mallarını daha çevik ixrac eləmələrinə səbəb ola biləcək”.

Qoşqar Təhməzli bildirib ki,Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa İttifaqı ölkələrindən geri qaytarılmayıb: “Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub, amma o da geri qaytarılmayıb. Bu da ötən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”.

Qeyd edək ki, bu gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüşüb. Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə birgə təşkil olunan tədbirdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirən Agentlik sədri ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə-tərəvəz istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, son illər Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır.

Qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edən sahibkarlara da asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacacağını bildirən Agentlik sədri fəaliyyətləri dövründə ölkədən məhsul ixrac edərkən məhsullarının keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğun olan şirkətlərə asan ixrac mexanizminin tətbiq olunacağını bildirib. Q. Təhməzli qeyd olunan göstəricilərə cavab verən sahibkarlıq subyektlərinin məhsullarının daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacağını, bu da həmin məhsullarındaha çevik formadaixracına şərait yaradacağını vurğulayıb.

Qida zəncirinin bütün mərhələlərində, eləcə də, qida məhsullarının tədarükü, qablaşdırılması, saxlanması, daşınması və dövriyyəsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayan Q. Təhməzli qida məshullarının istehsalı və ixracatı istiqamətində Agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib.

Daha sonra meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR