[ 27 Aprel 2015 14:10 ]



Bakı. Fərid Mirzəyev – APA. I Avropa Oyunları ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y. Xanvəlinin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova bununla bağlı müvafiq əmr imzalayıb: “Bakı, Mingəçevir, turizm infrastrukturunun inkişaf etdiyi Qəbələ, Şəki, İsmayıllı, Şamaxı və Qusar rayon baytarlıq idarələri mayın 1-dən iyulun 1-dək gücləndirilmiş iş rejimində çalışacaqlar. Mayın 1-dən iyulun 1-dək Bakı şəhər Baytarlıq İdarəsi və onun tabeliyində çalışan işçilərin işə davamiyyəti təsdiq edilmiş “İş rejiminə” uyğun həyata keçiriləcək. Mülkiyyət formasından asılı olmayaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün yerlərdə dövlət baytarlıq nəzarəti gücləndiriləcək”.

Y. Xanvəli bildirib ki, ticarət üçün xüsusi-ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsullarının və xammalın satışının qarşısı alınacaq: “İmzalanmış əmrlə eyni zamanda, bazarlarda baytarlıq-sanitariya ekspertiza işlərinin aparılması keyfiyyəti artırılacaq. Mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində baytarlıq-sanitariya qaydalarına əməl edilməsi təmin olunacaq”.