Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin təqdimatı, fəaliyyət istiqamətləri və funksiyaları ilə bağlı mətbuat konfransı keçirilib.
Metbuat.az-ın məlumatına görə, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, Aqrar Tədqiqatlar Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin beyin mərkəzi olaraq aqrar sahənin inkişafı üçün yönəlmiş bir sıra addımlar atacaq: “Bunlar bir sıra təhlillərin aparılması, araşdırma, Elektron Kənd Təsərrüfatının yaradılması, bu sahədə data bazanın formalaşdırılması və özəl şirkətlər, həmçinin dövlət sifarişli, ümumi aqrar sahənin inkişafına yönəlmiş bir təşkilatdır. Artıq bir neçə ay ərzində Mərkəzin infrastrukturu və heyəti formalaşıb”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev bildirib ki, Mərkəzin yaradılmasında əsas məqsəd kənd təsərrüfatına elmi nöqteyi-nəzərdən baxışı həyata keçirməkdir və bu səpkidə ciddi şəkildə inkişafı təmin etməkdir: “Çünki bilirsiz ki, dünyada aqrar sahədə çox ciddi inkişaf gedir. Bizim ölkədə də dövlət başçısı prioritet istiqamətlərdən biri kimi kənd təsərrüfatını seçdiyi üçün biz də kənd təsərrüfatını inkişaf etdirməyə çalışırıq.
Aqrar Tədqiqatlar Mərkəzi olaraq bizim əsas vəzifəmiz elmi nöqteyi-nəzərdən bütün təhlilləri, proqnozları strateji olaraq kənd təsərrüfatını hansı formada inkişaf etdirə biləcəyimizi həm fermerlərə, həm dövlətə, həm nazirliyə, həm də mediaya göstərməkdən ibarətdir. Biz istiqamət olaraq həm elmi nöqteyi-nəzərdən çalışırıq, həm də bunun data məlumat bazasını yaradırıq ki, bunları kompleks şəklində edib daha düzgün nəticə əldə edək. Fermerləri maarifləndirərək, istiqamətləndirərək daha ciddi nəticələr əldə edəcəyimizə inanırıq və kənd təsərrüfatında yeniliyə nail olacağıq”.

Pərviz Hacıyev deyir ki, kənd təsərrüfatında ən böyük çətinliyimiz odur ki, fermerlərin çoxu növbəli əkin sistemini icra eləməkdə bir az çətinlik çəkirlər: “Eyni sahədə illər üzrə əkilən istər taxıl olsun, istər arpa olsun, müəyyən miqdarda məhsuldarlıq düşməyə başlayır. Ona görə biz həm aqrotexniki məsələlərin icra edilməsi, həm də ən böyük çətinliyimiz olan növbəli əkin sistemini fermerlərə izah edərək, aqrotexniki məsələləri icra edərək dünya standartları ortalamalarına çatıb, hətta onun üstələmək istəyirik”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirib ki, Aqrar Tədqiqatlar Mərkəzinin Elm bölməsində tədqiqatlar əsasən kənd təsərrüfatının müxtəlif sahələri, həm də iqtisadi problemlər üzrə qruplaşdırılaraq hər bir sahənin tam şəkildə təhlili, problemlərin aşkarlanması və həlli yollarının verilməsi istiqamətində aparılacaq: “Aqrar Tədqiqatlar Mərkəzinin yaranması uzun zaman olmasa da, amma müxtəlif istiqamətlərdə pambıqçılıq, taxılçılıq, zeytun, meyvəçilik, heyvandarlıq və digər sahələrdə çox ciddi təhlillər aparılıb. Təhlillərin nəticələri müvafiq orqanlara təhvil verilib. Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzində kənd təsərrüfatının bütün sektorlarının əhatə edilməsi üçün müxtəlif geniş səpkili ekspertlər qrupu yaradılıb. Torpaq problemlərilə bağlı, iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq, quşçuluq, hətta balıqçılıq sektorları üzrə mütəxəssislərimiz var”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov isə bildirib ki, Mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması daxildir: “Əsas istiqamət fəaliyyətlərindən biri Elektron Kənd Təsərrüfatının yaradılması, innovativ həllərin istifadə olunması, bunun vasitəsilə məlumatların bir bazaya yığılaraq onların analiz olunmasıdır. Analizlərin aparılması üçün ilkin olaraq informasiya sistemi lazımdır. Dəqiq məlumat olduqdan sonra analiz aparmaq olur. Ona görə də Elektron Kənd Təsərrüfatı informasiya sisteminin yaradılması üzrə son dövrlərdə bir çox işlər görülüb. Buna qısa olaraq EKTİS də demək olar.
Bu sistemin yaradılması üçün ilkin olaraq fermerlərlə, ümumiyyətlə kənd təsərrüfatının bütün istifadəçilərilə real münasibətlər analiz olunur. İlkin versiya fermer və təsərrüfatların qeydiyyatı modulu olacaq. Bu modulu elektron kabinet kimi də təsəvvür edə bilərsiniz. Yəni fermerlərlə Nazirlik arasında, dövlət arasımda hər hansı müraciət forması, qarşılıqlı əlaqə artıq həmin elektron kabinet vasitəsilə olacaq. Elektron kabinet həm də mobil tətbiq formasında olacaq. Çünki bizim sistemin istifadəçiləri fermerlərdir, onlar bəzən mərkəzdən uzaqda ola bilərlər və ya internet problemi ola bilər. Həmin o problemləri nəzərə alaraq mobil həllərə üstünlük veririk. Telefon istifadəçilərinin də demək olar 90%-i smartfon istifadəçiləridir. Bunu nəzərə aldığımız zaman biz artıq fermerlərə daha əlçatan oluruq.

EKTİS-in yaradılmasının əsas prinsiplərindən biri də əlçatan olması, şəffaflığın təmin olması, bürokratik əngəllərin aradan qaldırılmasıdır. Fermer elektron kabinetdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə edəcək. Bu zaman həmin şəxs öz ad-soyadı ilə daxil olur və özü haqda məlumatları yerləşdirməyə başlayır. Aqrar baza olaraq artıq 400 minə yaxın fermerin məlumatları toplanıb. Yəni 400 min fermer haqqında artıq məlumatımız var ki, harda yaşayır, sahələri nə qədərdir. Bu sahədə işlərimizi davam etdirik. Kənd Təsərrüfatı Nazirliyi olaraq bizim qurumlarımız var, fərdi şəkildə o fermerlərə yanına gedib daxil olacaqlar”.
Qeyd edək ki, prezident İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı əsasında yaradılan Mərkəzin yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaqtəhlükəsizliyini,iqtisadi inkişafı,təbiiehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləmək, dərin təhlilə əsaslanan tədqiqatlar aparmaq və kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaqdır.
Mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması, aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi, beynəlxalq ekspertlərin iştirakı ilə proqram və layihələrin hazırlanması, aqrar sahənin strateji planlaşdırılması və elmi tədqiqat işlərinin aparılmasından ibarətdir.
Mərkəzin heyəti Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrlardan ibarətdir. Mərkəzin əməkdaşları kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına dair dövlət proqramları üzərində çalışırlar. Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən elektron kənd təsərrüfat informasiya sisteminin hazırlanması artıq başa çatmaq üzrədir. Bu sistemin yaradılması aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir.
Günay Elşadqızı / METBUAT.AZ
FOTO: Müzəffər İsmayılov