“Heyvandarlıq və taxılçılıq üzrə Dövlət Proqramının ilkin layihəsi hazırlanıb”.
Metbuat.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev deyib. Pərviz Hacıyev bildirib ki, proqramın məqsədi intensiv heyvandarlığa keçməkdir:

“Dövlət proqramında əsas hədəflərimizdən biri ərzaq təminatını həll etməkdir. Taxıl təminatını ən az 60%-ə qədər, ət təminatını ən azı 90-95%-ə çatdırıb, daha sonra bu istiqaməti inkişaf etdirib ixracatla bağlı iş görmək istəyirik. Bu istiqamətdə də strateji planlarımız var. Bu işlər demək olar bütün sahələrdə özünü göstərir. Ölkənin ərzaq təminatını mümkün olduğu qədər 100%-ə çatdırmaq haqda da düşünürük”.
Mərkəz direktorunun sözlərinə görə, hazırda ölkədə qoyun ətinə olan tələbat 100% yerli istehsal hesabına ödənilir: “Mal əti üzrə bu göstəricini 90%-ə, quş əti üzrə isə 100%-ə çatdırmaq istəyirik. Quşçuluq sahəsində yaradılan imkanlar sayəsində bu sahədə böyük nəticələr əldə edirik. Bir il ərzində təminatı 100%-ə çatdırıb, sonra ixrac da edəcəyik”.
Günay Elşadqızı / METBUAT.AZ
FOTO: Müzəffər İsmayılov