“ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinə media-tur təşkil edilib.

Metbuat.az-ın məlumatına görə, “ABAD” Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğunun ərazisində Qala divarlarının içərisində yerləşən beş kazarma binasından biridir. Bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir və 2018-ci ildə “ABAD” və “Paşa Holding”in əməkdaşlıq sayəsində bərpa edilib. Mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır.

Mərkəzdə keramika sənətindən əlavə, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir. Məqsəd isə yeni sənətkarların yetişdirilməsidir. Vətəndaşların xidmətinə nəzəri və tətbiqi kurslar, sobalar, avadanlıqlar və digər materiallar təqdim edilir. Evlərində peşəkar şəraiti yarada bilməyən vətəndaşlar mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər. Eyni zamanda da digər bölgələrdən gələnlərə mərkəzin nəznindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb.

Mərkəz və “ABAD” vasitəsilə bacarıqlarını artıran vətəndaşlar əl işlərinin satışından gələn gəlirləri bank hesabına köçürülür. Bu, həm əhalinin sosial rifahının yüksəlməsinə, həm də özünüməşğulluq proqramının inkişafına müsbət təsir göstərəcək. Keramika Mərkəzinin daha bir əhəmiyyətli xüsusiyyəti ondan ibarətdir ki, burada yalnız yerli gildən istifadə olunur, bu da idxalı əvəz siyasətinə uyğundur.

Günay Elşadqızı / Şəki / Metbuat.az