ABŞ-ın Federal Kəşfiyyat Agentliyi (CIA - The Central Intelligence Agency) İstanbulda qətlə yetirilən jurnalistlə bağlı yeni səs yazısı əldə edib.
Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, telefon danışığının səs yazısı hazırda Kəşfiyyat Agentliyinin əlindədir.
İddialara görə, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman qardaşına zəng edərək "Haşoqqini mümkün olduğu qədər tez susdur" deyib.
Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 21 nəfər həbs olunub, onlardan 5-nə ölüm hökmü verilib.
Bəxtiyar Umarlı
Milli.Az