“Azərbaycanla münasibətlərin korlanması Gürcüstan üçün çox mənfi nəticələr doğura bilər”

Xəbər verdiyimiz kimi, Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Metbuat.az xəbər verir ki, nəticələrə görə, S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib. Salome Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir.

Məsələ ilə bağlı Metbuat.az-a şərh verən politoloq Ceyhun Əhmədli deyir ki, düzünü desəm, Gürcüstandakı seçkilərin 2-ci turunun nəticələri mənim üçün bir qədər gözlənilməz oldu: “Əslində İvanişvilinin sahib olduğu inzibati və maliyyə resurslarından istifadə edərək seçkilərin nəticələrinə hansısa formada təsir göstərəcəyi əvvəlcədən ehtimal olunurdu, amma Vaşadzenin belə böyük səs faizi ilə məğlub olması gözlənilmirdi. Birinci turda demək olar ki, bərabər səs faizləri ortaya çıxsa da, ikinci turda iqtidarın namizədi xanım Zurabişvili rəqibi qarşısında inamlı qələbə qazandı. Qeyd edim ki, Zurabişvilinin ikinci turda topladığı səslərin sayı 1,14 milyondur ki, bu da birinci turla müqayisədə 2 dəfə çoxdur. Demək, iqtidar düşərgəsi ikinci tura çox yaxşı hazırlaşıb.

Əslində xanım Zurabişvilinin qələbəsini şərtləndirən amillər çoxdur. Məsələn, əhalinin banklara olan 600 milyon dollarlıq borcunun silinməsi ilə bağlı hazırkı iqtidarın verdiyi şirnikləndirici vəd özünü doğrultdu. İqtidarın bu addımı məncə, Zurabişviliyə əlavə 4-5 faiz səs qoparmağa kömək etdi.

Digər səbəb ikinci turun təbliğat kampaniyasında müxalifət düşərgəsinin çox passiv təəssürat bağışlaması ilə əlaqədar idi. Bunun əksinə, iqtidar tərəfi əlindəki bütün resurs və imkanları səfərbər edərək seçkilərin nəticəsinə təsir etməyə çalışdı və nail oldu. Məsələn, iqtidarın Saakaşvili ilə bağlı taktikası özünü doğrultdu. İkinci turun təbliğat kampaniyası çərçivəsində belə bir tezis qabardıldı ki, Vaşadze seçilsə, Saakaşvili Gürcüstana geri qayıdacaq. Bu isə Rusiyanın qlobal geosiyasətdə çəkisinin artdığı bir dövrdə Gürcüstan əhalisi üçün vahimə yaratmaya bilməzdi. Bu xüsusda, Kerç boğazında Rusiya-Ukrayna hərbi insidenti Gürcüstandakı siyasi auraya təsirsiz ötüşmədi. Beləliklə, Saakaşvili ölkəyə qayıtsa, Rusiya ilə 2008-ci il müharibəsinin təkrarlana biləcəyi ehtimalı ciddi şəkildə səslənməyə başlandı.

Seçkidən 2-3 gün əvvəl Saakaşviliyə nifrət edən şəxslərin iştirakı ilə ölkənin müxtəlif hissələrinə kütləvi aksiyaların təşkil olunması bu reallıqdan qaynaqlanırdı. Nəticədə seçicilər Zurabişvilinin namizədliyini dəstəkləyərək sabitliyin davam etdirilməsinə tərəfdar çıxdılar. İqtidarın siyasi texnoloqları seçkinin ikinci turu üçün həqiqətən doğru taktika cızmışdılar. Hesab edirəm ki, Saakaşvilinin üzərində qurulan əks-təbliğat vasitəsi nəticəyə ən çox təsir edən faktor oldu.

O ki, qaldı yeni prezidentin fəaliyyət müddəti dövründə Azərbaycan-Gürcüstan münasibətlərinin necə inkişaf edəcəyinə, onu deyə bilərəm ki, bu iki ölkə bir-birinə o qədər sıx bağlıdır ki, heç bir qüvvə onu sarsıda bilməz. Azərbaycan Gürcüstanın milli təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola sahib olan ölkədir. Təkcə bir faktı demək kifayətdir ki, bu gün Gürcüstanın təbii qaza olan tələbatının 90 faizindən çox hissəsini Azərbaycan ödəyir. İki ölkə birlikdə meqa layihələrin iştirakçısıdır. Söz yox ki, xanım Zurabişvilinin seçkiqabağı ermənipərəst mövqeyi bizi müəyyən qədər narahat etdi. Amma yəqin ki, o da prezident postunda vəzifələrinin icrasına başlayan kimi mövcud geosiyasi reallıqları nəzərə alaraq əvvəlki çıxışlarına müəyyən korrektələr edəcək. Əks halda, Türkiyə və Azərbaycanla münasibətlərin korlanması rəsmi Tbilisi üçün çox mənfi nəticələr doğura bilər. Bu reallığı rəsmi Tbilisi çox gözəl dərk edir”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR