“Azərbaycanın hərbi potensialının artması Ermənistanın hərbi-siyasi rejimini təşvişə salıb”.
Metbuat.az-ın məlumatına görə, bunu İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış “Lazarev klubu”nun ilk iclasındakı çıxışlar zamanı səsləndirilən fikirləri şərh edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
General-leytenant bildirib ki, son zamanlar Ermənistanda anti-Rusiya ab-havasının yenidən hökm sürdüyü bir vaxtda Azərbaycanın müasir silah və hərbi texnika almaqla öz hərbi potensialını davamlı şəkildə artırması, həmçinin ən yeni texnologiyaların tətbiqi ilə keçirdiyi hərbi təlimlərdə ordusunun döyüş qabiliyyətini yüksəltməsi bir çox dost ölkələri sevindirsə də, Ermənistanın hərbi-siyasi rejiminin əməlli-başlı təşvişə düşməsinə və narahatlığının daha da artmasına ciddi təsir göstərir:
“İclasda diqqəti cəlb edən çıxışlardan biri də MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışı olub. O, öz çıxışı zamanı Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İskəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb.
Ehtiyatda olan podpolkovnik V.Yevseyev bilməlidir ki, Rusiyanın Ermənistanda yerləşdirdiyi “İskəndər” əməliyyat-taktiki raket kompleksləri istər dəqiqlik, istərsə də dağıdıcı qüvvə baxımından Azərbaycanın Belarusdan aldığı “Polonez” yaylım atəşli reaktiv sistemlərinə bütün parametrlərinə görə uduzur. Bütövlükdə isə “İskəndər” əməliyyat-taktiki raket kompleksləri köhnə olmaqla yanaşı, həm də onun hədəfin vurulmasında yüksək dəqiqlik nümayiş etdirə bilməyəcəyi ehtimalları bu silahın müasir döyüş əməliyyatlarında tətbiqini bu günədək əngəlləyir. Təbii ki, külüng və beldən başqa bir şey görməyən keçmiş hərbçi Yevseyev bunu haradan bilsin.
Əgər Ermənistan rəhbərliyi unudubsa, onlara xatırladım ki, “Polonez” və “Lora”lar Azərbaycan Ordusunun üstünlüyünü təsdiq etməklə düşmən ölkənin ərazisində olan bütün hərbi və strateji obyektləri məhv etməyə qadirdir”, - deyə Y.Aydəmirov bildirib.