“Yevseyevin elə bir hərbi savadı yoxdur ki, məsələləri düzgün şəkildə analiz eləsin”

“Vladimir Yevseyevin çıxışı birinci növbədə Rusiyanın Ermənistanda olan maraqları haqqında xəbərdarlıq idi”.

Bunu İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış “Lazarev klubu”nun ilk iclasında MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin çıxışını Metbuat.az-a şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov bildirib ki, Yevseyev bununla bir daha Ermənistana bildirib ki, “Siz Rusiyasız heç nəsiz”: “Bildiyiniz kimi, Ermənistanın yeni hökumətinin qərbyönlü və amerikayönlü siyasəti özünü biruzə verir və onlar bunu gizlətmirlər. Ona görə də Rusiya ilə Ermənistan arasında müəyyən soyuqluq əmələ gəlib. Bu soyuqluq fonunda Qarabağ məsələsini, Türkiyə və digər amilləri açıqlayaraq Ermənistanın yeni hökumətinə barmaq silkələyiblər. Burada da yada salıblar ki, Rusiyanın verdiyi silahların və “İsgəndərlər”in hesabına Azərbaycan Silahlı Qüvvələrinin gücü ilə müəyyən poritet saxlamısız. Yevseyev eyni zamanda bununla Ermənistanla Azərbaycanın hərbi gücünü bərabərləşdirib. Bu isə birinci növbədə onun savadsızlığını göstərir. Ya Vladimir Yevseyev bilmir Azərbaycan nə ilə silahlanıb, ya da onun Silahlı Qüvvələr barədə məlumatı yoxdur ki, belə kobud şəkildə savadsızlıq göstərir. Ümumiyyətlə Vladimir Yevseyevin elə bir hərbi savadı da yoxdur ki, bunu tam şəkildə düzgün analiz eləsin, dəlillər gətirsin.

Birincisi, biz hələ bilmirik ki, Ermənistanda o “İsgəndər”lər var ya yox, onlara məxsusdur, ya yox və varsa, sayı nə qədərdir? Biz bu silahları heç bir yerdə, hətta təlimlərdə də görmürük. Bundan əlavə, Rusiyanın Ermənistanda yerləşən 102-ci bazasını özününkü kimi qələmə verirlər və “lazım olanda onların imkanından istifadə edəcəyik deyə” bəzən qeyri-əsaslanmış fikirlər səsləndirirlər. Amma halva-halva deməklə ağız şirin olmur. Bilirik ki, indi Ermənistanın iqtisadi imkanları əvvəlkindən də azdır, sosial problemləri, ölkənin daxilində olan gərgin vəziyyət göz önündədir. İndiyə kimi müasir silaha gücü çatmayan Ermənistanın bundan sonra da müasir silah almaq imkanları demək olar ki, yox səviyyəsindədir. Əgər bu gün Ermənistan dövlətinin rəhbəri erməni əsgərinin yeməyilə bağlı narahatçılıq keçirirsə və deyirsə ki, “bunun normal vəziyyətə düşməsi üçün hələ vaxt lazımdır”, Ermənistan bu gün hansı müasir silahdan danışa bilər?

Ermənistanın müdafiə naziri öz çıxışında deyir ki, may ayından bu yana bir dənə silah ala bilməyiblər, indi də deyirlər ki, bəzi danışıqlar edirlər və danışıqlar son mərhələdədir. Son mərhələ nə deməkdir? Birinci növbədə Ermənistanın siyasəti, ikinci növbədə məhdud imkanları, bu gün Ermənistanın silah bazasını hansısa yeni silah və sursatla təmin etməyə imkan vermir. Hansısa silaha 100 milyonun ayrılması məsələsi də sual doğurur. Çünki Rusiyanın bu gün silah bazarı elədir ki, yeni silahların sifarişlərini çatdırıb yerinə yetirə bilmirlər, yəni sifarişlər çoxdur, onların ehtiyacı yoxdur. Digər tərəfdən ayrılan kreditin də 70%-i heç Ermənistan qrafikini doldura bilmir. Buna görə də yeni kreditin ayrılması sual altındadır. Bu fonda hansı silahlanmadan və Azərbaycanla müqayisədən söhbət gedə bilər?

Düşünsək ki, Ermənistanın “İsgəndər”ləri var, Azərbaycanın da həm polonezləri var, həm də hava hücumundan müdafiə sistemləri. Bu, Azərbaycanın hava məkanına düşmənin hər hansı havadan zərbə endirmə imkanlarını sıfıra endirir. Ona görə də düşünürəm ki, Vladimir Yevseyevin və onunla bərabər Rusiyada olan digər ermənipərəstlərin və ermənilərin çıxışı Rusiyanın marağını bu formada göstərmək və mesaj verməkdir. Bu eyni zamanda bir daha Ermənistanın müstəqil olmadığını göstərir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycanın hərbi potensialının artması Ermənistanı təşvişə salıb” - Yaşar Aydəmirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR