Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının 15-ci ildönümü ilə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən "Heydər Əliyev ideyalarına sadiqik” devizi altında ümumordu xatirə tədbirləri aylığına start verilib.

Metbuat.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirin iştirakçıları və qonaqları "Heydər Əliyev muzey-lektoriyası"nı ziyarət edərək ümumulli liderin həyatınınmüxtəlif anlarını əks etdirən ekspozisiya ilə tanış olublar. Tədbir başlamadan əvvəl ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Layihənin müəllifi, əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, ulu öndər hələ sağlığında canlı əfsanəyə çevrilib, əbədiyyətə qovuşmağından 15 il ötsə də daima xalqın qəlbində yaşayır. Polkovnik bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev ulu öndərin siyasətini layiqincə davam etdirir.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev ulu öndərlə bağlı xatirələrini yada salıb. General-mayor bildirib ki, xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyevin adı ilə bağlı ünvanlara şəxsi heyətin ekskursiyaları təşkil olunacaq, Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı, Heydər Əliyev muzey və mərkəzləri ziyarət olunacaq, "Heydər Əliyev irsini öyrənirik" məşğələlər sistemində məruzə və mühazirələr oxunacaq, filmlərin kütləvi nümayişi və ulu öndərə həsr olunan əsərlərdən ibarət proqramlar təşkil ediləcək.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə Heydər Əliyevin Vətən və millət qarşısında xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb. Onun sözlərinə görə, 1969-1982-ci illərdə ulu öndərin idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində Azərbaycan böyük inkişaf yolu keçib və keçmiş Sovet İttifaqının ən qabaqcıl republikaları sırasına çıxıb. 1993-cü ildən isə Heydər Əliyev gəlişi ilə Azərbaycan vətəndaşlarını müharibəsi təhlükəsindən, dövləti çevriliş cəhdlərindən xilas edib.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Heyder Əliyev Mərkəzinin direktorunun müşaviri Rəşad Kərimov bildirib ki, prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli Sərəncamı ilə yaradılan Mərkəz ulu öndərin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğiistiqamətində sistemli iş aparır. R.Kərimov Müdafiə Nazirliyinin xatirə tədbirləri aylığı çərçivəsində Heydər Əliyev Mərkəzinin qapılarının Azərbaycan Ordusunun şəxsi heyətinin üzünə həmişəki kimi açıq olacağını və hərbi qulluqçularının burada Heydər Əliyev irsini daha yaxından mənimsəmək imkanını əldə edəcəyini bildirib.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Cəmşid Naxçıvanski adına Hərbi liseyin ilk kursantlarından biri və məktəbin ilk bayraqdarı olan ehtiyatda olan polkovnik Şair Ramaldanov ulu öndərlə görüşlərini xatırlayıb və uğurlu Horadiz əməliyyatını yada salıb. Şair Ramaldanov bildirib ki, 1993-cü il dekabrın sonlarından 1994-cü il yanvarın ilk günlərinə qədər həyata keçirilən Horadiz əməliyyatı Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyı altında uğurla nəticələnib, 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Horadiz əməliyyatının komandiri bildirib ki, prezident İlham Əliyev ulu öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirərək 22 ildən sonra Aprel zəfərinin qazanılmasına zəmin yaradıb.

​"Heydər Əliyev ideyalarına sadiqik"

Daha sonra Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyilə bir qrup veteran ulu öndərlə bağlı xatirələrini yada salıblar.

Respublikanın xalq artistləri Niyaməddin Musayev, Zaur Rzayev və Samir Cəfərov ulu öndərə həsr olunan və onun sevdiyi mahnıları ifa ediblər.

Sonda Cəmşid Naxçivanski adına Hərbi liseyin kursantları 2003-cü il aprelin 19-da ulu öndərin qarşısında ilk dəfə ifa etdikləri "Naxçivanskilər marşı"nı ifa ediblər.

Günay Elşadqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov