“Tez-tez müxtəlif tədbirlərdə iştirak etsəm də, xüsusi aldığım gün Beynəlxalq Könüllülər günüdür”.

Metbuat.az-ın məlumatına görə, bunu Beynəlxalq Könüllülər günü ilə əlaqədar keçirilən tədbirdə Birləşmiş Millətlər Təşkilatının ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İsakzai bildirib. Onun sözlərinə görə, bu gün hər bir fərdi əhatə edən, gənc, yaşlı fərqi olmadan bütün könüllülərin günüdür: “Könüllülük istəyə bağlı olan bir şeydir, gündəlik həyatımızda da könüllü şəkildə yardım edən insanlar olur və hər hansı hərəkəta qoşulurlar. Bu baxımdan könüllülük istənilən cəmiyyətdə və ölkədə mövcuddur. Bugünkü tədbirdə olmaqdan, könüllülərin fədakar həyatını qeyd etməkdən şərəf duyuram”.

Q.İsakzai bildirib ki, bu gün BMT Baş Məclisi tərəfindən 1985-ci ildə qəbul edilən qətnamə əsasında qeyd edilir: “Mən özüm də Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq Könüllülər Təşkilatında çalışmışam. Həmin illərdə dünyanın müxtəlif ölkələrində olub, müxtəlif təzahürləri görmüşəm. BMT-nin Baş katibi Kofe Annanın bir sözünü xatırlatmaq istərdim ki, “könüllüyün əsasında xidmət durur və biz dünyanı daha gözəl məkana çevirə bilərik”. Bu xidmət həmrəylik və ciddi niyyət deməkdir. Bu, Yer kürəsini xilas etmək və heç kimi unutmamaq prinsipinə dayanır”.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi bir sıra rəqəmləri də açıqlayıb. Onun sözlərinə görə, dünyada 1 milyard insan könüllü olaraq öz xidmətlərini göstərir. Bu isə dünya əhalisinin 15%-i və 109 milyon ştat deməkdir: “Bu insanlar könüllü şəkildə çalışırlar, onların xidmətinin dəyəri isə trilyonlarla ölçülən ianələrdir. Azərbaycan hökuməti də bu sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, hazırda 17 mindən çox ASAN Könüllüsü var. Bu insanlar iş karyerasına hazırlıqlı olur və cəmiyyətə töhfə vermələri üçün hazırlanırlar. Eyni zamanda Azərbaycanda keçirilən milli və beynəlxalq tədbirlərdə də könüllülər fəaliyyət göstərir. Sonda sözümü dahi filosof Aristotelin bir fikri ilə tamamlamaq istəyirəm: “Həyatın mənası yaxşılıqdır””.

Günay Elşadqızı / METBUAT.AZ

Foto: Müzəffər İsmayılov