4 dekabr tarixində “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” bort nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müraciət edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb.
Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb, qayıqda olan 2 nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin bortuna götürülüb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğlu olublar.