"Bu gün bütün dünyada vacib bir gündür. Bütün dünya dövlətləri və xalqları üçün insan hüquqları, insanın mənafeyi, onun ləyaqətli həyatı və davranışını təmin edən şəraitin yaradılması ilə bağlı dünyanın ən çətin və gərgin anında atılmış bir addımın - İnsan Hüquqları Bəyənnaməsinin qəbulunun 70 ili tamam olur".

Metbuat.az-ın məlumatına görə, bunu bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu gün dünyanın hər bir yerində bu günə gələn və gələcəyə gedən yol, əldə olunan nailiyyətlər, hədəflər barədə fikir mübadiləsi aparır: "Bütün dünyanın insan üçün rahat, təhlükəsiz, yaşamaq üçün bir məkana çevrilməsi ilə bağlı fikirlər səsləndirilir. İnsan Hüquqları Bəyənnaməsinin qəbul olunduğu vaxtdan keçən müddətdə dünya çox dəyişib və dəyişməyə də davam edir. Nəzərə alsaq ki, dünyanın çox ciddi müharibələrlə, qarşıdurmalarla dəyişikliklərinə və məzmun dəyişikliklərinə məruz qaldığı dövrdə qəbul edilən bu sənəd bu illər ərzində bütün dünya ictimaiyyətinin fikrini insan hüquqlarına yönəldib. Artıq insan hüquqları böyük bir yol keçib və demokratik yola qədəm qoyan ölkələr üçün vacib bir amilə çevrilib. Bu hüquqların qorunması hamı üçün ali bir məqsəddir. Ancaq belə bir vaxtda yenə də bunlara uyğun gəlməyən nəticələrlə üzləşirik.

Təsadüfi deyil ki, bu gün dünyanın ən müxtəlif ölkələrində insan haqlarının pozulması və insanların irqinə, dininə, dünyagörüşünə görə ayrıseçkiliyə məruz qalması halları baş verməkdədir və dünya yenə də narahat dönəmə qədəm qoyur. Mən qətiyyətlə bir əminliyimi diqqətə çatdırmaq istəyirəm ki, humanitar fəlakətlər, insan faciəsi bizə gəlsə də bizim yolumuza işıq saçan məhz bu bəyənnamə və insan hüquqları ilə bağlı qəbul olunmuş sənədlər və aktlardır."

Günay Elşadqızı / Metbuat.az