Dövrümüzün epataj mərəzi

Dövrümüzün epataj mərəzi
21:17 18 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Əslinə qalsa, dövrümüzün epataj mərəzi dedikdə, bir qədər yanılıram. Çünki bu mərəzi, heç də yalnız bugünkü dövrə yox, bəlkə də insan yaşadığı bir çox dövrlərə aid etmək olar. Ümumiyyətlə insanların bir çox istəkləri, bir çox tələbatları vardır. Psixoloqlar bu tələbatları bu və yaxud digər formada təsnifləndirməyə çalışırlar. Onlar bu təsnifatda təbii istəkləri, təbii tələbatları və insana aid olan müxtəlif fərqli tələbatları göstərirlər.

Bu tələbatların göstəricilərindən birinin nümunəsi kimi, humanist psixologiyanın əsasını qoymuş məşhur psixoloq Maslounun piramidasını da göstərmək olar. Maslounun piramidasında biz görürük ki, insanlar ilkin mərhələdə yaşamaq üçün lazım olan istəklərini təmin etmək istəyirlər. Bu tələbatlar sırasında - acından ölməmək üçün qida, su, hava və s. bu kimi tam təbii tələbatlar yer almışdır. Və artıq ilkin tələbatlar ödənən kimi, ikinci mərhələ başlayır. İkinci mərhələ isə təhlükəsizlik tələbatlarını əhatə edir. Belə ki, yavaş-yavaş insanın özünüqoruma hissi baş qaldırmağa başlayır. Özünüqoruma hissi də aclıq, susuzluq və s. tələbatlar kimi insan "mən"inin bioloji ("heyvani") hissəsinə aid olan məsələlərdəndir. Yəni, sadəcə instinktlərdir. Hərçənd, burada da istisnalar vardır.

(Mübariz İbrahimov haqqında olan yerə gəlib çıxanda, göstərəcəyəm ki, Mübariz məhz bu instinktlərin üstündən xəttə çəkərək, sırf insani dəyərlərə yol açıb. Yəni özünü qurban verib, şəhid olub - bilə-bilə).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, beləliklə, piramidanın pillələri ilə yuxarı qalxdıqca, ilk istəklərini təmin etdikdən sonra insanın digər istəkləri yaranır və formalaşmağa başlayır.

Yavaş-yavaş ünsiyyət saxlama, digər insanlar tərəfindən sevilmə və ən nəhayət - özünü reallaşdırma tələbatı yaranır insanda. Piramidanın ən yuxarı mərhələlərində onu Yaradana, başqa insanlara məhəbbət göstərmək istəyi çıxır ortaya, ehtiyaclılara yardım, kömək, isar kimi ali kateqoriyalara meyil etmək istəyir insan...

Daha doğrusu, əgər başlanğıc mərhələ insanların öz istəklərində bərabər olduğu ilə xarakterizə olunursa, artıq ikinci mərhələdə insanın nəyəsə və ya kiməsə xatir öz canından keçmək hissləri formalaşmağa başlayır. Piramidanın zirvəsi olaraq isə bütün gördüyü işləri, əməlləri, hərəkətləri kimlərdənsə "bəh-bəh", "nə yaxşı bunu etdin" eşitmək xatirinə yox, hətta insanlardan məzəmmətedici sözlər ala biləcəyinə görə də yox, - məhz aləmləri Yaradana xatir, Onun buyurduğu üçün yerinə yetirmək istəyi, arzusu meydana gəlir.

Beləliklə, Maslounun bəşər cəmiyyətini simvolizə edən piramidasında insanlar, özləri də bilmədən, müxtəlif və fərqli yerlər tuturlar, məqamlara sahiblənirlər. Piramidanı hələlik bir kənara qoyaq.

Digər bir mövzuya - məşhur şəxsi inkişaf mütəxəssisi Stiven Koviyə müraciət etmək istərdim.

Bildiyiniz kimi, Stiven Kovinin "Yüksək effektivli insanların 7 vərdişi" adlı kitabı, bestseller olaraq, dünyada ən məşhur kitablardan biri hesab olunur. Bu kitab, bir çox uğur qazanmış insanların stolüstü kitabıdır. Bu kitabda insanların təsnifatı arasında bir maraqlı təsnifat da vardır. Bu, proaktivlik və reaktivlik təsnifatıdır.

Nə deməkdir proaktivlik və reaktivlik?

Stiven Kovi insanları iki yerə bölür. Kovi göstərir ki, insanların bir qismi həyatı boyunca, öz fikirləri deyil, başqalarının fikirləri ilə yaşayır. Bu tip insanlar heç bir zaman heç bir aktivlik göstərmirlər, kreativlik və hər hansı yenilik etmirlər və ətraflarında onları əhatə edən insanlar kimi yaşayırlar. Yəni çoxluq kimi. Belə insanlar çoxluğu özlərinə meyar kimi görürlər. Onlar başlarını aşağı salıb, axın ilə gedirlər. Bu insanlar çox vaxt "palaza bürün, el ilə sürün" şüarı ilə yaşayıb, həyatlarını da bu şüara uyğun olaraq yaşayırlar. Və bəzən də, təəssüflər olsun ki, getdikləri bu yol, heç də həmişə düz yol olmur. Çünki bu yolun necəliyi getdikləri sürünün başbilənindən, öndə gedənindən asılıdır. Və bu başbilənin də düzgün yolun necə olması barədə anlayışı bəlkə heç təqribi də deyildir.

Bu dəstənin, bu zümrənin əsas fərqləndirici cəhətlərindən biri də budur ki, bu sürünün içində olan insanlar, heç vaxt məsuliyyəti öz üzərlərinə götürmürlər, məsuliyyətdən qaçırlar. Və baş verən hər bir hadisədə günahkar olaraq ətrafdakı amilləri göstərirlər, kənar məqamlara, hətta bəzən absurd səbəblərə işarə edirlər. Günahkar ya zəmanədir, ya ölkədir, ya müdirdir, ya müəllimdir, ya havadır... Yəni hansısa bir "suç keçisi" axtarışındadırlar. Bu zaman hər bir şey günahkar ola bilər - bir tək bu insanların özlərindən başqa. Və beləliklə, başlarını aşağı salıb özləri üçün yaşayırlar. Boz və solğun bir həyat sürürlər və belə demək düzgündürsə, sanki robota çevrilirlər. Bunlar reaktiv insanlardır.

Stiven Koviyə görə, ikinci insan tipi isə, proaktiv insanlardır.

Proaktiv insanlar məsuliyyətdən qaçmırlar, hətta əksinə - məsuliyyəti öz üzərlərinə götürürlər, daima həqiqət axtarışındadırlar. Toplumun hansı istiqamətdə getməsindən asılı olmayaraq, haqq yolunu axtarırlar, və bu yolu tapıb, bu yolda addımlayırlar. Yəni məqsədləri, meyarları - topluma qoşulub harasa getmək yox, həqiqəti tapmaqdır. Əlbəttə, bəzi hallarda onların səhv yol ilə də addımlamaq ehtimalı mümkündür. Lakin bu qrup insanlar bir qayda olaraq daima axtarışda olduqlarından, seçdikləri yolu süzgəcdən keçirdiklərindən, araşdırdıqlarından, əksər hallarda doğru yolu tapır və həmin istiqamətdə əzmlə hərəkət edirlər. Və əgər günlərin bir günü məlum olsa ki, getdikləri yol səhvdir, rahatlıqla olmasa da, bu yoldan daşınıb, bu yolun istiqamətin dəyişib, düz yolu tapıb və düz yola qədəm qoyurlar.

Təbii ki, bu insanların birinci tip insanlardan əsas fərqli cəhəti - məsuliyyəti öz üzərlərinə götürmə bacarıqlarıdır. Onlar daima səbəbi özlərində axtarırlar. Hərəkətlərində, uğursuzluqlarında bəhanələrə sığınmırlar. Bu yolda olan, bu həyatı sürən insanlar, çox vaxt mənəvi rahat olurlar. Və həyatlarının böyük bir qismini mənəvi rahatlıqla keçirməklə, onları əhadə edən mühitə, dünyaya, insanlığa da sanki bu rahatlığı ötürmüş olurlar.

İndi isə yenə də bir qədər əvvəl dediyimiz Maslou piramidasına qayıdaq.

Piramidada görəcəyik ki, birincilər - reaktivlər, onun aşağı hissəsində, aşağı pilləsində ilişib qalıblar. Özlərinin ilkin heyvani istəklərini təmin ediblər və elə oradaca durub dayanıblar. İndi isə, belə deyək, ilkin məsələlərini həll etdikdən sonra, yəni heyvani istəklərini təmin etdikdən sonra, onların daxilində daim bir boşluq, bir istək də qalır - sevgi istəyi. Onlar daima istəyirlər ki, bu boşluğu hansısa bir formada doldursunlar. Amma bu boşluğu doldurmaq bəzən alınır, bəzənsə alınmır. Əksər hallarda isə, əsasən də müəyyən yaşdan sonra, onlarda yorulub bezərək laqeydləşmə prosesi başlayır və nəhayətdə bu daxili istəyi sanki məhv etməyə, boğmağa çalışırlar. Bəzən də digər bir formatlara dəyişdirirlər.

Proaktiv olan ikincilər isə aktivlikləri və mübarizələri sayəsində daha yuxarı qalxıb və daha yuxarı pillələrdədirlər.

Yuxarıda sadaladığımız qruplardan fərqlənən daha bir qrup - üçüncü insan qrupu da vardır. Bu qrup deskruktiv insanlar qrupudur. Bəs deskruktiv insan, reaktiv və proaktiv insandan nə ilə fərqlənir?

Yenə də Maslou piramidasina müraciət etdikdə, görərik ki, deskruktiv insanların əsas hədəfi, toplum (cəmiyyət) içərisində həll olmamaq (assimilyasiyaya məruz qalmamaq, əriməmək), daim fərqli olmaq, ümumi kütlədən (axından) kənarda qalmaq dəyərləri üzərində qurulub. Deskruktiv insanlar, kütlənin harada olub-olmamasından asılı olmayaraq, daim kütlənin xaricindədirlər. İlk baxışda kütlənin yanlış istiqamətə getdiyini gördükdə, proaktiv və diskruktiv insanları eyniləşdirməklə, yanıla bilərik. Reaktiv insanlar toplum olaraq eyni istiqamətdə irəliləyirlər. Proaktiv və deskruktiv insanlar isə, toplumdan fərqli istiqamətlərdə addımlayırlar.

Bəs onda proaktiv və destruktiv insanların fərqləri nədədir? Və bu fərq nə vaxt görünür, nə zaman özünü büruzə verir?

Dərin bir uçuruma düşmüş, səhv etmiş hansısa bir toplum (cəmiyyət) günlərin bir günü dönüb düz yola getməyə cəhd edir. Hansısa bir tarixi məqamda həmin bu düz yolu gedə də gedə bilir. Və reaktiv insanlar bu düz yolla getdikdə, sanki vaqonlar lokomotivə qoşulduğu kimi, proaktivə və deskruktivə qoşulmuş olurlar.

Proaktiv, toplumun düz yola gəldiyini gördükdə sevinir və sanki deyir: "Nə yaxşı ki, sizlər də gəlmisiniz, gəlin, birlikdə addımlayaq". Və yoluna davam edir və toplumda reaktiv insanlara da kömək etməyə çalışır. Bu zaman o, suyun içində sanki həll olunmuş kimi görünür.

Amma deskruktiv insan isə belə deyil. Deskruktiv insan deyir ki, mən bu toplumda deyiləm, mən bu kütləyə qarışmaq istəmirəm. O, bütün vücudu ilə sanki bir mesaj çatdırır: "mən kütlə deyiləm", "mən sürü deyiləm", "mən sizdən deyiləm". Və bu baxımdan axır-əvvəl mütləq sürüdən, ümumi axından ayrılır. Bəzən isə hətta düz getdiyi yoldan belə çəkilərək, bir çox hallarda sürünün əvvəl getdiyi və ya hələ ki, heç kimin getmədiyi fərqli səhv (və ya əks) yolla gedir. Çünki onun üçün önəmli deyil ki, getdiyi yol düz yoldur, həqiqətlərə cavab verir, məqsədlərə çatdırır və ya yox. Onun üçün ən böyük məqsəd və dəyər - sürü ilə olmamaq, sürü ilə birlikdə hərəkət etməməkdir.

Bəs səbəbi nədir bu halın? Nədən qaynaqlanır bu destruktivlik?

Bir daha Maslou piramidasına qayıdaq. Beləliklə, piramidanın aşağı pillələrində olan insanın, öz müəyyən heyvani istəklərini təmin etdikdən sonra, digər bir xisləti baş qaldırmağa başlayır. O, insanlar arasında fərqlənmək, insanlar tərəfindən seçilmiş olmaq istəyir, ona xüsusi dəyər verilməsini arzulayır.

Psixologiyada bir termin var: natamamlıq kompleksi. Qeyd edilmiş tipli insanlar, özlərində hansısa bir cılızlıq, hansısa bir çatışmazlıq müşahidə edirlər. Və bu hissin həm real, həm də qeyri-real olması mümkündür. Çünki çox mümkündür ki, bu, heç də belə deyil və tamamilə subyektivdir.

Beləliklə, destruktiv insanlar özlərini toplumun digər üzvlərindən aşağı görmüş olurlar. Və bu halətdən çıxış yolu axtarırlar. Belə çıxış yollarında biri kimi də məhz fərqlənməkdə, digər insanlara oxşamamaqda, toplumun sair üzvləri kimi olmamaqda görürlər. Bəzən bu, özünü geyim tərzində, geyim stilində göstərir. Bu cür insanlar əndrəbadi, qeyri-adi, çox fərqli geyinməyə çalışırlar. Saç düzümlərinin "orijinallığına" çalışırlar. Kobud bir misal kimi, məsələn, başlarına qazan qoyub gəzirlər.

Bir haşiyə çıxmaq lazımdır ki, bəzi hallar da olur ki, hansısa qeyri-adi bir geyim geyən insan, heç də vacib deyil ki, mütləq deskruktiv olsun. Bu, tamamilə fərqli məsələdir. Ona görə də çəkilmiş misallar üzərində məhz, bu, hansısa görünən xarici ümumi simptomlardan qaynaqlanan mərəzi (xəstəliyi), bütün insanlara şamil etmək düzgün deyildir. Düşünürəm ki, dediklərim aydın oldu.

Beləliklə, bu deskruktiv insanlar təbii ki, özlərinin natamamlıq komplekslərindən qaynaqlanaraq, əsasən qeyri-adi görüntü vasitəsi ilə seçilmək istəyirlər. Toplumdan fərqlənmək cəhdlərindən biri də məşhurlaşmaq üçün epataj etməkdən ibarətdir.

Nəhayət gəldik çıxdıq yazımızın başlığında olan həmin "epataj" sözünə.

Nədir epataj?

"Epataj" - vikipediyaya əsasən, fransız sözü olub, ictimaiyyət (cəmiyyət, toplum) tərəfindən qəbul edilmiş qanuni, mənəvi, sosial və digər normalara zidd şəkildə həyata keçirilən (tətbiq olunan) təxribatdır və ya gözlənilməz (şokedici) davranışdır. Epatajda əsas məqsəd, diqqəti öz üzərinə çəkmək, hamının diqqət mərkəzində olmaqdır. Sözün qısası, epataj - cəmiyyətin qəbul etdiyi normaların, qaydaların kobud şəkildə nümayişkaranə pozulmasıdır.

Yəni, camaat tərəfindən ümumi olaraq qəbul edilmiş dəyərlərə qarşı çıxaraq, buna üsyan edərək məşhurlaşmaqdır. Özü də ki, bu üsyanın, bu qarşıçıxmanın məqsədi heç də həqiqətə görə, hansısa şəxsi prinsiplərin formalaşmasına görə deyildir. Çünki belə olan halda, bu proaktivliyə bənzəyərdi. Əksinə, bu üsyanda heç bir məqsəd güdülmür və ya daha doğrusu, məqsəd məhz bu yolla məşhurlaşmaqdır. Sanki məşhur, tanınmış bir adama daş ataraq, özünü gündəmə gətirməkdir. Məşhur yazıçılara, böyük alimlərə, peyğəmbərlərə, dinlərə qarşı gedən belə insanlar, bəzən bu epatajları ilə məqsədlərinə çatmaq istəyirlər və hətta bəzən də çatırlar.

Epatajın atası, səhv etmirəmsə, Roma imperatoru Neron idi. O, adının tarixə yazılması üçün, xalq arasında dillər əzbəri olmaq üçün Romanı yandırır. Təbii ki, bu, həmin o natamamlıq kompleksinin deskruktivliyinin bariz nümunəsidir.

Biz bu cür epataj nümunələrini istər dünya tarixində, istər yerli tarixdə, istərsə də gündəmimizdə müşahidə edirik. Epataj edən insanları da mən iki yerə bölərdim:

- Epatajı anlayaraq, bilərək, şüurlu şəkildə edənlər. Sanki cəmiyyəti manipulyasiya (insan şüuruna təsir göstərmək, onun davranışını gizli şəkildə idarə etmək) etmək istəyirlər. Bu tip insanları az tanımırsınız.

- Epatajı anlamadan, daxilində, şüuraltında olan o istəklərini həyata keçirmək üçün, özü də bilmədən, şüuraltı formada sanki tapılmış bir çıxış yolu kimi görüb edənlər.

Amma fərqi yoxdur, hansı bir formada edilməsindən asılı olmayaraq, əslinə qalsa, epataj yolu insanın daxilində olan mərəzlərin göstəricisidir.

...və keçid alaq bu günümüzə.

Mübariz İbrahimov və ona qara yaxan insan. Az əvvəl iki dostun statusunda oxudum. Əvvəl reaksiya vermək istəmirdim. Sonra ikinci dostun statusunu da oxuduqdan sonra, qərara gəldim ki, cəmiyyətdə müəyyən qədər maariflənmə işi getməlidir.

Düşünürəm ki, insanlar gərək avtomatik epataj etməsinlər və ya epataj edərək özlərini tanıtmaq istəyində bulunmasınlar. Beləliklə, gözlərimizin önündə iki qəhrəman canlanır: biri əsil qəhrəman, biri isə dırnaqarası "qəhrəman". Daha doğrusu iki obraz - qəhrəman və antiqəhrəman. Biri həqiqi qəhrəman - millətimizin, xalqımızın, dövlətimizin son yüzillik dövründə şücaət, qorxmazlıq və igidlik nümunəsi kimi parlayan bir ulduz olan Mübariz. İkinci isə həqiqi qəhrəmanımıza - Mübarizə "daş atmaqla" məşhurlaşmaq, tanınmaq niyyəti güdən bir antiqəhrəman.

Əlbəttə, epataj bəzən elə formada həyata keçirilir ki, onu edən insana qarşı çox kəskin reaksiya verilir. Və bu epataj edən insan öz-özlüyündə düşünür ki, "hə... deyəsən, dozanı bir qədər artıq eləmişəm" və yaxud "bu şəxsiyyətə yox, ayrı bir şəxsiyyəti topa tutmalıydım" və məhz bundan peşman olsun. Amma ümidvar olaq ki, bizim antiqəhrəmanımız buna görə yox, ümumiyyətlə etdiyinin səhv olduğunu anlayıb, tutduğu əməldən peşmançılıq hissi keçirər.

Qayıdaq qəhrəman və qəhrəmana qara yaxan, ona daş atmış insan mövzumuza...

Maraqlıdır ki, qəhrəman nə qədər böyükdürsə, nə qədər hörmət olunan şəxsiyyətdirsə, nə qədər çox sevilirsə, nə qədər müqəddəs və təmizdirsə - onu qaralayan insan da, bir o qədər tez gündəmə gəlmiş olur. Amma əslində isə belə hərəkəti ilə bu adam, daxilindəki kompleksləri, gizlətdiyi qısqanclıq hissini də ifşa edir.

Həqiqətən isə bu insanlar yazıqdırlar. Bütün bunlar, adətən onların uşaq ikən incidilməklərindən, aldıqları mənəvi travmalardan, qayğı əskikliyindən, sevgi çatışmazlığından, diqqət qıtlığından (azlığından) xəbər verir. Bu durumları - həyatlarında qarşılaşdıqları şiddətin, kobud davranışların göstəricisidir. Bu insanlara sevgi ilə yanaşmayıblar, onlar incidiliblər, əziliblər...

Bəlkə də məhəbbətlə yanaşıblar, amma bu insanlar elə o vaxtdan bir qədər fərqli olublar və bu məhəbbəti az sayıblar və yaxud kimlərəsə olan digər məhəbbətlərlə müqayisə ediblər. Ola bilər evdə kiçik övlad olublar. Və yaxud da evdə böyük övlad olublar. Bacı və qardaşa olan məhəbbəti özlərinə olan məhəbbətdən çox görüblər öz aləmlərində. Ola bilər ki, anasının özgə uşağa məhəbbətini, çox əzizləməsini görüblər. Hər hansı bir halda bu insanlar, psixoloji travma almış insanlardır ki, bunların daxilində hansısa natamamlıq kompleksi formalaşıb və bu insanlar bu kompleksi aradan götürmək üçün ən səhv yola qədəm qoyurlar. Və təbii ki, atdıqları bu addım, bəzi hallarda uğurlu alınsa da, onların daxilindəki boşluğu aradan götürməmişdir. Və belə insanlara doğrudan da qayğı lazımdır, mənəvi müalicə lazımdır.

Çox maraqlıdır ki, bu epatajın özünün də mövzuları fərqli olur. Bəzi hallarda bu insanlar millət sevgisi, vətənpərvərlik motivləri üzərində qururlar epatajlarını. Bəzən isə daha çox millətçilik və ya milləti, xalqı sevmək üzərində epatajlıq edirlər. Bəzi hallarda isə epatajlıq dindar, eksterimist və sairə dindarlıq formasını ala bilər.

Məsələn, vətənpərvərlik və millət sevgisinin epatajı halında aşırı patriotizm yalançı patriotizmə, dırnaqarası "vətənsevərliyə", ura-patriotizmə və s. gətirib çıxarır. Eyni məsələlər ifrat dindarlıq görüntüsü zamanı da yaşana bilər ki, bu da özünü radikal-dini, ekstreimist-dini münasibətlərdə büruzə verə bilər.

Amma bütün bu epataj motivləri sevgi və eşq üzərində qurulanda, burada insansevərlik, humanizm prinsipləri önə çıxmış olur. Aşırı məhəbbət formalaşır. Soruşula bilər ki, aşırı məhəbbət bəs necə olur?

Belə izah edim, ura-patriotizmçi insan, öz millətindən başqa bütün millətlərin əzilməsinin tərəfdarıdır. Bu isə öz növbəsində, milllilikdən, millətsevərlikdən şovinizmə (millətçiliyə) gətirib çıxarır. Eləcə də, radikal din adamı, öz dinindən olmayan insanların yox edilməsini əhəmiyyətli hesab edir.

Amma aşırı məhəbbət mövzusunun da təhlükəsi vardır. Belə ki, aşırı məhəbbət üzərində qurulmuş epatajlarda, sevgi mövzusundan ifrat dərəcədə bəhs olunur. Bu tip insanlara görə Hitleri də sevmək lazımdır, qatı cinayətkarları da azadlığa buraxmaq lazımdır. Ümumiyyətlə, müharibələr baş verməməlidir. Yüzlərlə, minlərlə insana təcavüz etmiş, onları qətlə yetirmiş Çikatilo kimi rəhmdən xali manyaklar da məhv edilməməlidir və s.

Aydın məsələdir ki, təfrit və ifratlardan qaçmaq lazımdır. İki cür ekstrim nöqtə mövcuddur: ifrat və təfrit. Və bir də var qızıl orta xətt. Əgər bir yandan təfrit - misal üçün, vətənə xüsusi məhəbbət bəsləməmək, Xocalıda əhalini qıranlara da anlayışla yanaşmaq və cani ilə zərəçəkən arasında təqribi bərabərlik işarəsi qoymaq; digər tərəfdən ifrat - məsələn, ancaq öz millətini sevib, digər heç bir milləti sevməmək və ümumiyyətlə yerdə qalan bütün millətlərə nifrətdir. Bu iki yolun ortasında olan qızıl orta xətt isə həqiqi vətənpərvərlikdir. Bütün millətləri əzmək istəyi - şovinizm, faşizmdir. Bütün insanlara, o cümlədən, öz millətinin, xalqının düşmənlərinə, torpaqlarını zəbt edənə, millətinin adamlarını vəhşicəsinə öldürənlərə sevgi ilə yanaşmaq isə anormal pasifizmə və yaxud da ifrat kosmopolitizmə gətirib çıxarır.

Dində də belədir. Ümumiyyətlə, heç bir mənəvi-dini dəyər vermədən, bütün dinləri təhqir etmək, dindarların öldürülməsini, onlara qarşı qarşı təcavüzü alqışlamaq və s. - bu, ekstrim nöqtənin biridir. Düzgün yanaşma isə - sənin dinindən olmayan digər dində olan insanlara da hörmət bəsləyərək yaşamaqdır. Bu, həqiqi dindarlıqdır.

Eyni yanaşma, eşq məfhumu üçün də keçərlidir. Heç kəsi sevməmək, hamıya nifrət bəsləmək, yalnız özü üçün yaşamaq, qəddar xarakterə yiyələnmək - birinci kənar təfritdirsə; günahsız insanların ölümünə laqeyd münasibət göstərməklə, düşməni sevmək - ikinci təfrit nöqtədir. Qızıl orta xətt isə - vətənə, ata-anaya, həyat yoldaşına, övladlarına, məşğuliyyətinə sevgi ilə müşayiət olunur. Təbii ki, bəşəri cinayət törədən insanlara nifrət edilməlidir və bu, əlbəttə ki, normaldır.

Bir daha qayıdaq piramidamıza.

İkinci qəhrəmanla, yəni antiqəhrəmanla məsələ aydındır. Bu şəxs həmin Maslou piramidasında sevilmək və arzusunun təmin edilməsini istəyir. İndi görək, birinci qəhrəmanımız nə edir?

Birinci qəhrəmanımız olan Mübariz İbrahimov isə bu piramidanın ən pik nöqtəsində qərarlaşıb. O, sanki şəhidlik zirvəsinə çatmaqla, "şəhidlik" məfhumunun praktik tətbiqini əmələn göstərmiş oldu. Cünki şəhidlik sözü çox-çox deyilir, amma indi burada şəhidlik sözünü tam mənada anlayırıq və bu məfhumun müqəddəsliyini və Allahın bu məqama verdiyi, daha doğrusu bu şəhidliyə verdiyi məqamı anlamış oluruq.

Şəhidlik nədir? Nəyə görə şəhidlər müqəddəsdir? Nə üçün şəhidlər ölmürlər? Allahın kəlamı ilə desək, şəhidlərə "ölü" demək olmaz. Onlar yaşayırlar və Allah Təala tərəfindən qiymətləndirilirlər. Şəhidlik - əslində elə həqiqi insanlığın özüdür.

Beləliklə, Maslou piramidasından da gördüyümüz kimi, ən yüksək zirvə - məhz insanlıqdır. Bu zirvədə yemək, içmək, təhlükəsizlik, kimlərinsə gözündə yaxşı görünmək, görünüş xatirinə xeyirxah işlərlə məşğul olmaq - əhəmiyyətsizdir. Əsas və ən mühüm vəzifə - insanları, insanlığı yaşatmaqdır, bəşərə xidmət etməkdir. Cəmiyyəti biveclik, laqeydlik, etinasızlıq, tənbəllik və s. xərçəngindən təmizləmək, onu bu xərçəng hüceyrələrinə qarşı dözümsüz etməkdir, ictimai və mənəvi xəstəlikləri müalicə etməkdir, piramidanın aşağı pillələrində qərar tutmuş heyvani hisslərə qalib gəlməkdir, nəfsani istəklərə uymamaqdır. Və zamanı və məqamı gəlincə isə, özünü fəda etməkdir. İnsanlıq zirvəsinə yüksəlməkdir.

Amma natamamlıq kompleksi ilə yaşayan insanlar üçün isə bütün bunlar - anlaşılmayan mövzulardır. Cünki onlar bu ali hisslərdən uzaqdırlar. Çünki bu məsələləri anlamaq üçün həmin o piramidanın yuxarı pillələrinə, yuxarı səviyyəsinə qalxmaq lazımdır. Və məhz Mübariz və onun kimilər həmin o səviyyəyə çatmış, şəhid olmuş insanlardır ki, özlərini qurban verir, hər birimizin daxilində olan ən böyük özünüqoruma instinktinə qələbə çalaraq xalqa, millətə görə bir hərəkət edir. Və ən əsas da - bütün bunların hamısını Allaha xatir edir.

Bəlkə də bir çoxları düşünə bilər ki, bu, sadəcə müəllifin fantaziyasıdır, öz təxəyyülünün məhsuludur. Lakin Mübarizin ata-anasına ünvanladığı məktubunu oxuduqda, bu hədəfi, bu dəyərləri, bu məqsədi çox aydın şəkildə görürük. Və məsələ məhz elə bu cürdür.

Əlbəttə ki, qəhrəmanların və antiqəhrəmanların qarşı-qarşıya qoyulması, onların müqayisə edilməsi, hətta bəzən antiqəhrəmanların say baxımından bir qədər çox olması - bəlkə də insanı məyus edə bilər. Sevindirici hal isə odur ki, həmin bu antiqəhrəmanlar müvəqqətidir, onlar çox qısa zaman kəsimində gündəmə gəlir və elə qısa müddətdə də unudulurlar. Qəhrəmanlar isə, parlaq işıqdırlar. Cəmiyyətə yol göstərmək üçün onun qarşısında bir mayak kimi nur saçlrlar. Xalq öz qəhrəmanlarını təkcə bir gün deyil, bir il deyil, qərinələrlə, əsrlərlə tanıyır, öyrənir, xatırlayır və sevir.

Bəzi epatajçılar, yaratdıqları epatajları ilə müvəqqəti olaraq, yəni 5 il, 10 il, bəlkə də lap elə 100-illik bir tarix çərçivəsində insanlar tərəfindən xatırlana bilər. Amma necə xatırlanırlar? Onlar yaddaşlarda eləcə antiqəhrəmanlıq simvolu kimi qalırlar, əksər hallarda da lənətlə yad edilirlər. Və onların antiqəhrəmanlıq zülməti fonunda isə qəhrəmanlar daha da uca, daha da əlçatmaz, daha da yenilməz görünürlər.

Şəhidlər cəmiyyəti öz qanları ilə diriltmiş olurlar. İnsan cəmiyyəti məhz belə qəhrəmanlarının hesabına yaşayır, inkişaf edir.

Epataj etmək mərəzinə düçar olmuş insanlara isə Uca Allahdan şəfa diləyirəm!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR