Novruz Məmmədov vəzifədən getməsinin səbəbini açıqladı

“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiniz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında xanəndə Pərviz Qasımovun qayınatası, sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən getməsi ilə bağlı deyib.

Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb:

“Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı