Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı ABŞ-yə çağırış edib.
Metbuat.az xəbər verir ki, açıqlamada deyilir ki, ABŞ yeni gömrük tariflərini ən yoxsul və ən həssas inkişaf etməkdə olan ölkələrə aid etməməlidir. Hesabatda bildirilir ki, qaydalara əsaslanan sistem beynəlxalq ticarəti artırıb və ölkələrin idxal mallarından tutduqları gömrük rüsumlarının tədricən və davamlı şəkildə azaldılmasına töhfə verib. Məlumata görə, böyük iqtisadiyyatlar tərəfindən tətbiq edilən yüksək tariflər, ticarət gərginliyini artıra və inkişaf etməkdə olan ölkələrə təsir edə bilər. Hesabatda ABŞ-nin 57 ticarət tərəfdaşından 11-nin az inkişaf etmiş ölkələr sırasında olduğu qeyd edilib. Hesabatda həmçinin bəyan edilib ki, təxirə salınan qarşılıqlı tariflər qüvvəyə minərsə, yüksək qiymətlər səbəbindən bir çox idxal malına tələbat zəifləyə bilər.
Hesabatda ABŞ-nin ötən il Madaqaskardan 150 milyon dollar dəyərində vanil, Fil Dişi Sahilindən təqribən 800 milyon dollar və Qanadan 200 milyon dollar dəyərində kakao idxal etdiyi ifadə edilib və bu məhsullara rüsumların artırılmasının istehlakçılar üçün qiymət artımına səbəb olacağı qeyd edilib.