Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) “Report”a verilən məlumata görə, aprelin 5-də saat 05:30-da Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudov naməlum avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. İsti izlərlə keçirilən əməliyyat zamanı sürücünü saxlamaq, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
BŞBPİ Cinayət Axtarış İdarəsi (CAİ) və “Təhlükəsiz Şəhər” Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Vüsal Məhərləm oğlu Paşayev idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib. O, ifadəsi zamanı hadisədən sonra izi itirmək məqsədilə avtomobilini öz həyətində təmir etdiyini bildirib. V.Məhərrəmov deyib ki, ailə üzvləri qəzadan xəbərsiz olub: “Özümü aktyorluğa qoymuşdum ki, heç kim qəzanı bilməsin. Hadisə yerindən qorxduğum üçün qaçmışam”.
Qeyd edək ki, piyadanın ölümünə səbəb olan sürücü V.Məhərrəmovun sürücülük vəsiqəsi olmayıb.

