Bişkek, 29 aprel, AZƏRTAC
Qırğızıstan parlamentindəki (Joqorku Keneş) koalisiya çoxluğu hazırkı iqtisadiyyat naziri Temir Sarievin ölkənin Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.
Bu haqda jurnalistlərə parlamentdəki koalisiya çoxluğunun lideri Feliks Kulov məlumat verib. Onun sözlərinə görə, parlamentdəki bütün fraksiyalarla məsləhətləşmələrdən sonra bu qərar qəbul edilib.
F.Kulov bildirib ki, T.Sariev Qırğızıstan iqtisadiyyatına və maliyyəsinə kifayət qədər yaxşı bələddir.
Xatırladırıq ki, aprelin 23-də parlamentin iclasında keçmiş Baş nazir Comart Otorbaev və hökumət istefa vermiş, bir gün sonra dövlət başçısı Almazbek Atambaev Baş nazirin və hökumətin istefasını qəbul etmişdi.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek