Elektron Hökumətin İnkişafı Mərkəzində jurnalistlər üçün mediatur təşkil edilib - FOTOLAR / REPORTAJ

Dekabrın 27-də Elektron Hökumətin İnkişafı Mərkəzində jurnalistlər üçün mediatur təşkil edilib.

Metbuat.az xəbər verir ki, jurnalistlərə “Elektron Hökumətin İnkişafı Mərkəzi”ində ölkəmizdə aparılan elektronlaşma siyasətinin əsaslarından olan elektron hökumət sahəsində dövlət siyasəti və tənzimləmələri barədə məlumat verilib. Jurnalistlər “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, eləcə də www.digital.gov.az portalının fəaliyyəti ilə ətraflı tanış olublar.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” Azərbaycan Respublikası Prezidentinin 1885 saylı 14 mart 2018 tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində publik hüquqi şəxs yaradılıb və “Elektron Hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin balansına verilib. “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ölkəmizdə aparılan elektronlaşma siyasətinin əsaslarından olan elektron hökumət sahəsində dövlət siyasətini və tənzimləmələrini davam etdirir. Bu istiqamətdə görülmüş işlərə nümunə olaraq elektronlaşdırılmış dövlət xidmətləri, əcnəbi vətəndaşların elektron viza ilə təmin olunması və elektron ödəniş sistemlərindəki xidmətləri göstərmək olar. Mərkəz tərəfindən elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər həyata keçirilir. Bu sahələrdə texnoloji innovasiyaların tətbiqi və xidmət keyfiyyətinin yüksəldilməsi ilə xidmətdən yararlanma asanlaşdırılıb və vətəndaş məmnunluğu artırılıb. Bu sahədə beynəlxalq təcrübə araşdırılır və vətəndaş ehtiyacları nəzərə alınaraq innovativ yeniliklər həyata keçirilir.

Mərkəz dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil edir. Mərkəz “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etməklə birlikdə təkmilləşdirmə tədbirlərini də davam etdirir. Bu tədbirlər Elektron Hökumətin yeni modelində nəzərə alınıb. Vahid elektron kabinet və onun daxilindəki digər funksiyalar bu modelin bir hissəsini təşkil edir.

“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim jurnalistlərə mərkəz haqqında geniş məlumat verib:

"İNNOLAND 2018-ci ilin noyabr ayında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi tərəfindən qurulub. Mərkəz innovasiya sahəsində öz ideyası, layihəsi olan şəxslər üçün nəzərdə tutulub. Mərkəzdə inkubasiya, akselerasiya, təlim və digər xidmətlər göstərilir. Bir çox sahələrdə innovativ ideyası olan yenilik etmək istəyən hər bir şəxs http://innoland.az/ internet səhifəsinə müraciət edə bilər. Mərkəz tərəfindən il ərzində 50-60 layihəni məzun etmək istəyirik. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “İNNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir”.

Mediatur zamanı bildirilib ki, Mərkəzdə fəaliyyət göstərən İT Təlim-Tədris Mərkəzi gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Burada süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir.

"Tədris ödənişli olduğu üçün hissə-hissə və tam olaraq həyata keçirilir. Təqaüd proqramları da nəzərdə tutulub. Müxtəlif özəl şirkətlər ödənişin yarısını ödəməyə hazırdırlar ki, məzun olan kimi həmin işçiləri işə götürsünlər. Güzəştli şərtlərlə bu işi davam etdirmək istəyirik. Tədris haqqı isə müxtəlifdir. Bu barədə Mərkəzə yaxınlaşmaqla məlumat əldə etmək olar"- deyə "İNNOLAND"ın direktoru məlumat verib.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov www.digital.gov.az portalını jurnalistlərə təqdim edib.

"www.digital.gov.az portalı Azərbaycanda yeni elektron hökumət modelinə keçid və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi yönündə atılmış addımlardan xəbər verir. Portalda Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş və ASAN Wifi layihələri barədə geniş informasiya və bu layihələrin vebsaytlarına keçidlər yer alır. “Dövlət qurumları”, “Biznes qurumları” və “Vətəndaşlar” istiqamətləri üzrə bölünən www.digital.gov.az portalında “İdeya Bankı”, “Lisenziyalar Portalı”, “Dövlət Xidmətləri Portalı” və 2019-cu ildən tətbiq edilməsi planlaşdırılan “MyGov” vahid pəncərə sisteminə keçidlər mövcuddur".

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov jurnalistlərə "MyGov" layihəsi barədə də məlumat verib:

"MyGov" (mənim hökümətim) vətəndaşın öz hökümətini həyatında hiss etməsini ifadə edən beynəlxalq yanaşmadır. Layihə üçün şəxsi kabinet nəzərdə tutulub. Vətəndaşlar və hüquqi şəxslər öz vəzifəsinə, funksiyasına görə elektron eyni zamanda asan imzayla və onlara verilmiş xüsusi şifrə, istifadəçi adıyla kabinetlərinə daxil ola biləcəklər. Orada vətəndaşlar özlərinə dair bütün məlumatları, sənədləri, diplomları görə bilərlər. Vətəndaşlar kammunal xərclərini, cərimələrini burada ödəyə biləcəklər. Əgər hər hansı sənədlərinin vaxtı bitibsə, bu barədə bildiriş alacaqlar. Bu xidmət könüllülük prinsipi əsasında həyata keçiriləcək. 2019-cu ildən layihəyə test olaraq başlayacağıq".

Aysel Yaqubqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR