Bakı, 30 aprel, AZƏRTAC
Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışının 169 kilometrlik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Belə ki, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat 13 dəqiqə 4 saniyəyə başa vuraraq finiş xəttini üçüncü keçib.
AZƏRTAC xəbər verir ki, Matey Müqerli “Le Tour de Bretagne”ın ikinci mərhələsində qalibiyyət sevinci yaşamışdı. Dördüncü mərhələdə isə Yannis Tamuridis fərqlənərək ikinci olmuşdu. Beşinci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.
Beşinci mərhələdəki uğurlu çıxışı M.Müqerliyə ümumi təsnifatda beşinci pilləyə yüksəlməyə imkan verib. İndi o, liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında bir pillə irəliləyən “Synergy Baku” hazırda 22 kollektiv arasında ikinci yerdədir.
“Le Tour de Bretagne” yarışı “Synergy Baku” üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.